Hərbçilərin xəstəxana xərcləri ilə bağlı problem yaranıb - AÇIQLAMA

Hərbçilərin xəstəxana xərcləri ilə bağlı problem yaranıb - AÇIQLAMA
16:29

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yoluxucu xəstəliklər, xüsusilə də vərəm səbəbindən xəstəxanalarda müalicəsi ilə bağlı maliyyələşdirmə problemi yaranıb. Belə ki, hərbi qulluqçulara göstərilən tibbi xidmətlərin xərclərinin hansı dövlət qurumu tərəfindən qarşılanmasını müəyyən edən konkret mexanizmin olmaması tibb müəssisələrinin qarşısında borcların yaranmasına səbəb olur.

News365.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında bildirilib.

Qeyd olunub ki, “Tibbi sığorta haqqında” qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları icbari tibbi sığortanın əhatə dairəsinə daxil deyillər. Bu səbəbdən onların TƏBİB-in tabeliyindəki tibb müəssisələrində müayinə, diaqnostika, hospitalizasiya və izolyasiya xidmətləri sığortaolunan hesab edilməyən şəxslər üçün müəyyənləşdirilmiş tariflər əsasında həyata keçirilir.

Lakin həmin xidmətlərin dəyərinin aidiyyəti dövlət qurumları tərəfindən ödənilməsini tənzimləyən konkret mexanizm olmadığından, göstərilən tibbi xidmətlərə görə ödənişlər həyata keçirilmir. Nəticədə tibb müəssisələrinin müvafiq qurumlar qarşısında borcları formalaşır.

Məsələnin xüsusilə vərəm xəstəliyi ilə bağlı diqqət tələb etdiyi vurğulanıb. Bildirilib ki, qanunvericiliyə əsasən, vərəmin profilaktikası, erkən aşkarlanması, müşahidəsi və müalicəsinin təşkili dövlət tərəfindən təmin edilir. Bununla belə, vərəm xəstələrinin stasionar müalicəsi mövcud dövlət proqramları çərçivəsində ayrıca maliyyələşdirilmir və qüvvədə olan qanunvericiliyə əsasən, icbari tibbi sığorta sistemi vasitəsilə qarşılanır.

TƏBİB-dən bildirilib ki, vərəm xəstələrinin stasionar müalicəsi xüsusi izolyasiya şəraiti, infeksion nəzarət tədbirləri, uzunmüddətli hospitalizasiya, laborator və radioloji müayinələr, eləcə də fasiləsiz dərman təminatı tələb edir.

Bu isə tibb müəssisələrinin üzərinə ciddi maliyyə və resurs yükü qoyur, onların maliyyə dayanıqlılığına mənfi təsir göstərir və stasionar xidmətlərin davamlı təşkilini çətinləşdirir.


Sizin reklam burada
Sizin reklam burada