Şəkidə 9 min sakinin taleyi bu körpüdən asılıdır: Təmir üçün deputatdan çağırış

Şəkidə 9 min sakinin taleyi bu körpüdən asılıdır: Təmir üçün deputatdan çağırış
17:40

2027-ci ilin dövlət büdcəsi layihəsi çərçivəsində Şəki rayonunda iki mühüm infrastruktur probleminin həlli təklif olunub.

News365.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət büdcəsinin hazırlanması istiqamətində Hökumət və xüsusilə Maliyyə Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, büdcə yalnız gəlir və xərcləri əks etdirən maliyyə sənədi deyil, həm də dövlətin qarşıdakı dövr üçün prioritetlərini və inkişaf strategiyasını müəyyənləşdirən əsas sənəddir.

Vüqar İskəndərov təmsil etdiyi Şəki şəhərində son dövrlər aparılan abadlıq, təmir-bərpa və infrastruktur işlərinə də toxunub. O, şəhərin tarixi simasının qorunması, infrastrukturun yenilənməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edərək, Prezident İlham Əliyevə Şəki sakinləri adından təşəkkürünü bildirib.

Deputat daha sonra seçiciləri narahat edən iki mühüm infrastruktur məsələsini diqqətə çatdırıb.

Birinci məsələ Şəki rayonunun Baş Göynük və Baş Şabalıd kəndlərini şəhərlə birləşdirən, Şin çayı üzərində yerləşən körpünün əsaslı təmiri ilə bağlıdır.

Vüqar İskəndərovun sözlərinə görə, 2005-ci ildə inşa edilən və 9 mindən artıq sakinin istifadə etdiyi körpünün yük götürmə qabiliyyəti əvvəlki 30 tondan 10 tona düşüb. Həmin körpünün kəndlərin şəhərlə əlaqəsini təmin edən yeganə keçid olduğunu vurğulayan deputat onun təmirinin təhlükəsizlik baxımından vacibliyini bildirib.

Qaldırılan ikinci məsələ isə Oraban, Baş Kəldək, Qırxbulaq, Oxud, İnçə, Zunud, Aşağı Şabalıd və Baqqal kəndlərini Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yoluna birləşdirən yolun əsaslı təmiridir.

Deputat qeyd edib ki, uzun müddətdir gözlənilən bu layihə müvafiq dövlət investisiya proqramlarında nəzərdə tutulsa da, indiyədək icra olunmayıb.

Vüqar İskəndərov hər iki infrastruktur probleminin 2027-ci ilin dövlət investisiya xərcləri çərçivəsində həlli imkanlarına baxılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.


Sizin reklam burada
Sizin reklam burada