Zelenski Avropadan milyonluq ordunu saxlamağı tələb edib

Zelenski Avropadan milyonluq ordunu saxlamağı tələb edib
13:15

Əgər Ukrayna Şimali Atlantika Alyansına qəbul edilməsə, Avropa ölkələri sayı 1 milyon nəfərə çatdırılması planlaşdırılan Ukrayna Silahlı Qüvvələrinin (VSU) saxlanmasını öz üzərinə götürməyə borcludur. Xarici KİV-in yaydığı məlumata görə, bunu Ukrayna lideri Vladimir Zelenski Dünya İqtisadi Forumunda deyib.

O qeyd edib ki, bu gün Ukrayna ordusunun sayı 800 min nəfərə yaxındır. Zelenskinin sözlərinə görə, əgər Ukraynanın NATO üzvlüyü, təhlükəsizlik zəmanəti və xarici kontingenti yoxdursa, o zaman Ukrayna Silahlı Qüvvələrinin sayı bir milyon nəfərə çatdırılmalıdır.

“Bir milyonluq ordunun qidalanması lazımdır, onu kim bəsləyəcək? Əgər Avropa deyirsə ki, Ukrayna təkcə özünü deyil, həm də Avropanın dəyərlərini müdafiə edir, o zaman gəlin hamımız bu orduya dəstək olaq”, - siyasətçi gileylənib.

O, Qərb qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ideyası barədə də müsbət danışıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural