Yersiz tərif ədəbiyyatı inkişafdan saxlayır

Yersiz tərif ədəbiyyatı inkişafdan saxlayır
16:14

Bu gün ədəbi tənqid qeybə çəkilib. Və bəlkə ona görə ki, heç kim sağlam tənqidi qəbul eləmir. Kimsə kimsəni tənqid edən də də düşmənçilik başlayır. Və ən azı tənqidi fikir bildirənə qərəzkar damğası vurulur.

Bəlkə də ona görə bu gün hamı bir-birinə tərif yağdırır. Xüsusilə də ədəbi cameədə.

Məsələ ilə bağlı fikirlərini bölüşən jurnalist Günel Musa haqlı olaraq deyir ki, bu gün elə ədəbi çevrələr var ki, orada əsərin dəyərini mətn yox, müəllifin kimliyi müəyyənləşdirir:

“Bir-birlərini tərifləyir, eyni adamlar bir-birinə "şedevr", "əjdaha", "möhtəşəm qələm" yazır. Oxucu isə həmin təriflərdən sonra mətni açanda qarşısına bəzən orta məktəb inşası səviyyəsində bir yazı çıxır. Beləcə, əsl istedadlar çox vaxt bu süni alqış səslərinin kənarında qalır. Yaxşı ədəbiyyatın ən böyük düşməni sərt tənqid deyil, yersiz tərifdir. Yersiz tərif zəif mətni inkişafdan saxlayır, güclü müəllifi isə görünməz edir.

Səni şəxsən tanımırlarsa, səninlə oturub bir stəkan pivə içməyiblərsə, bir çaynik çay arxasında söhbət etməyiblərsə, istədiyin qədər güclü yaz — çox vaxt səsini eşidən olmayacaq.

Əvəzində çevrənin adamısansa, ən adi mətn belə "şedevr", "əjdaha", "möhtəşəm qələm" adı ilə təqdim ediləcək. Ədəbi dəyəri dostluq münasibətləri ilə ölçən mühitdə istedad yox, tanışlıq kapitala çevrilir. Ədəbiyyat dost məclislərinin davamı deyil. Ədəbiyyat dostluq naminə deyilən komplimentlərlə yox, mətnin çəkisi ilə yaşayır. Əgər bir əsər doğrudan da güclüdürsə, onu "əjdaha", "şedevr" sözləri yox, zaman yaşadacaq”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada