"Qanın Yerdə Qalmayacaq, Cənab General!" – 33 Yaşında Könüllü Cəbhəyə Yollanan Şəhidimizin Hekayəsi

"Qanın Yerdə Qalmayacaq, Cənab General!" – 33 Yaşında Könüllü Cəbhəyə Yollanan Şəhidimizin Hekayəsi
17:10

MÜHARİBƏ AĞABƏYOVLAR AİLƏSİNİN QAPISINI DÖYMƏYƏ MACAL TAPMADI. OKTAYIN ÖZÜ QAPINI ONUN ÜZÜNƏ AÇDI

ÇÜNKİ İLLƏRLƏ BU MÜQƏDDƏS SAVAŞI ARZULAMIŞDI

"GET, BALA, SƏNƏ TORPAQLARI ETİBAR ETMƏK OLAR"

"Oktay yıxılıb" deyiləndə ayaqları yerə kilidləndi. Bircə onu soruşa bildi ki, indi hardadır? "Qonşudadır" cavabı alanda daha da çökdü. Oktay körpəlikdə bir dəfə də yıxılmışdı. O vaxt ciddi müalicə almışdı. Onda çox əziyyət çəkmişdi Əlvadə ana. İndi övladının yenə yıxıldığını eşidəndə ağlından yüz fikir keçdi. Qonşuya özünü çatdıranda gördü ki, Oktayın qolunun bir tərəfi gömgöydür. Tələsik Təcili Tibbi Yardım çağırıb, Oktayı xəstəxanaya çatdırdılar.

Əlvadə ana: "Həkim soruşdu ki, Oktay, qolun ağrıyır? Dedi: - Yox. Ürəyin bulanır? - Yox. Başın ağrıyır? - Yox. Axırda həkim dedi ki, get, bala, sənə torpaqları etibar etmək olar.

Oktay şəhid olandan sonra həkimin o sözləri yadıma düşdü. Doğrudur, həmin vaxt həkim bilmirdi ki, rayona gedəsiydik. Oktay bu sevimli səfərindən heç cür qalmaq istəmədiyindən ağrılarını ondan da, bizdən də gizlətmişdi. Çünki o yer, o yurd balaca Oktaya çox əziz idi".

Bilirdi ki, Qəbələdə - baba yurdu Uludaş kəndində onu doğmaları, bir müddətdir uzaq düşdüyü yaşıdları minbir istəklə gözləyirlər. Doğrudur, həmin il ailənin səfəri üç gün gecikdi. Amma balaca Oktay kənddəki bağlarını çox intizarda qoymadı. Uzaqda olsa da bir anlığa belə gözünü ondan çəkməyən uca-uca dağlara ürəkdolusu boylandı. Kəndlərinin adı kimi ucalıqda dayanıb obanın "keşiyini çəkən" yüksəkliyə bu dəfə də heyranlıqla tamaşa etdi.


Bacısı Leyla: "Aramızda bir yaş fərq vardı. Çox mehriban idi. Hərdən dəcəlliyi olsa da özünü istətməyi bacarırdı.

Bir dəfə qohumlarla şəhərə gəzməyə çıxmışdıq. Onda Oktayın 8-9 yaşı olardı. Yadımdadır ki, anamdan ona nə isə almağını istədi. O da mümkün olmadı. Bir də baxdıq ki, Oktay yoxdur. Hamı təlaşa düşdü. Orda Oktay, burda Oktay - hamı onu axtarır, tapa bilmirdi. Demə, o da itməmək üçün gizlincə bizi izləyirmiş. Nəhayət, tapdıq. Onda çox qorxmuşduq".

O, kənddən şəhərə qayıdanda bir müddət özünə gəlməzdi. Orada keçirdiyi maraqlı, şən günlər ondan "əl çəkməzdi". Beləcə, kənd havası başından çıxmazdı. Yalnız olub-bitən, bəzən də özünün düzüb-qoşduğu macəraları dostlarına danışmaqla təsəlli tapardı.

Bir də Oktay yay tətilindən Bakıya qayıdanda ondan kəndin uşaqlarına duzlu-məzəli mövzular qalardı. O söhbətlər uludaşlıların dilində bir qədər də "bəzənib-düzənib", tez-tez yada düşər, xatırlanardı.


Əlvadə ana: "Oktayı kəndə yola salmışdıq. Həmin vaxt biz şəhərdə qalası olduq. Bir gün şəhərdə qardaşımın sinif yoldaşı Zaura rast gəldim. Soruşdum ki, Oktayı görmədin kənddə? Darıxmır? Dedi ki, gördüm. Uşaqlarla çayda çimməyə getmişdilər. Suyun axarına çay daşlarını üst-üstə yığıb, özlərinə çimmək yeri düzəltmişdilər. Hamısı çimirdi. Bircə Oktaydan başqa, - bir qıraqda dayanıb uşaqlara tamaşa edirdi. Soruşdum ki, Oktay, sən niyə çimmirsən? Dedi ki, üşüyürəm, qoy bulud günəşin üzərindən getsin, onda çiməcəm".

Doğma yerinə, yurduna ürəkdən bağlı, bütün dəcəlliyi, şən zarafatları, istiqanlılığı ilə bir oğul böyüyürdü. Böyüdükcə də qəlbindəki yurd sevgisi özü ilə bərabər boy atıb oba-oba, el-el böyüyürdü.

Əlvadə ana: "20 Yanvar faciəsində çox ağladım, çox göz yaşı tökdüm. İldönümlərdə hər dəfə o ağrımız təzələnir. Yadımdadır ki, Oktay balaca idi. Hər dəfə bu halımı görəndə çox pis olurdu. Gəlib göz yaşımı silirdi. Deyirdi, ana, ağlama. Qoy böyüyüm, əsgər gedim, orda mənə silah verəcəklər, düşmənlərin hamısını qıracam".

İllər onun ömrünü öz naxışları ilə bəzəyirdi

Oktay Baxşəli oğlu Ağabəyov 1987-ci il noyabrın 22-də Bakı şəhəri, Nizami rayonunda anadan olub.

1995-2006-cı illərdə Bakı şəhər 70 saylı tam orta məktəbdə təhsil alıb.

2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) daxil olub və 2010-cu ildə ali təhsilini tamamlayıb.

2010-cu il iyulun 3-də Nizami rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri borcunu Murovdağda yerinə yetirib. Motoatıcı idi.

2013-cü ildə Azərbaycan Respublikası Heydər Əliyev adına Dövlət Neft Şirkətində çalışmağa başlayıb.

Müharibə Ağabəyovlar ailəsinin qapısını döyməyə macal tapmadı. Oktayın özü qapını onun üzünə açdı. Çünki bu müqəddəs savaşı illərlə arzulamışdı. 20 Yanvar faciəsinə görə anasının göz yaşları hələ də onun qəlbində qurumamışdı. Otuz ildən çox inləyən yurd yerlərimizin, doğma ocaqlarından olmazın işgəncələrlə perik düşmüş soydaşlarımızın ağrıları, Xocalı soyqırımının heç zaman dinib-sakitlik tapmayacaq iniltilərinin göynərtisi hələ də ürəyinin başında qövr eləyirdi.Vaxt özünü yetirmişdi. İşğal altındakı torpaqlar igidlərini səsləyirdi.


"Maşına minəndə son dəfə mənə baxdı, əlini ürəyinin üstünə tutdu. Bildim nə demək istədiyini"

Əlvadə ana: "Bir gün diplomunu istədi. Sənədlər qovluqda idi, gətirib verdim. Bir də gördüm şalvarının arxa cibinə nə isə qoydu. Şübhələndim. Diplom böyük olur axı. Həm də diplom ona niyə lazım olsun ki... İş yeri vardı, işləyirdi. Dedim, Oktay, o nə idi? Dedi ki, ana, hərbi biletimdir, nə isə səhv düşüb. Onda hər şey aydın oldu mənə.


Son dəfə gəlib qonşularla görüşdü. Evdəkilərlə sağollaşanda məni ağlamaq tutdu. Boynuna sarıldım, üz-gözündən öpdüm. Özü də bir az kövrəldi. Qapını açıb çölə çıxanda gördüm ki, 4-5 nəfər dostu da buradadır. Hamısı da yerbəyerdən sevincək, ucadan dedilər ki, biz də gedirik, biz də gedirik. Sonradan bildim ki, Oktaygil bunu məni sakitləşdirmək, ürək-dirək vermək üçün qurublarmış. Maşına minəndə son dəfə mənə baxdı, əlini ürəyinin üstünə tutdu. Bildim nə demək istədiyini".

"Vətəni sevmək imandandır"

Mömin idi. Dili dualı olardı hər zaman. Namazından qalmazdı. Hər yaşanan anı Uca Yaradanın bəndəsinə sonsuz lütfü bilərdi. Və dilindən şükranlığı əskik olmazdı. Sözü ilə əməli bir-birini tamamlayardı. Daim Haqqın yanında idi. Xeyirxahlığından qalmazdı. Mayasında dürüstlük, halallıq olanları könlündə uca tutardı.

Rüstəm Rüstəmovla iş yerində - H.Əliyev adına Neft Emalı Zavodunda tanış olmuşdu.

Dostu Rüstəm Rüstəmov: "...Çox soyuq bir qış günü idi. Oktay iki həmkarı ilə iş otağıma gəldilər. O vaxt elektrik montyoru vəzifəsində çalışırdı. İşlədiyim sahədəki mühərriklərə baxış keçirəcəkdilər. Otağım isti idi. Soyuqdan gəlmişdilər, bəlkə də buna görə çay dəvətimi məmnuniyyətlə bul etdilər. İnanclı müsəlman olduğumu biləndə Oktay başladı mənə suallar verməyə. Mən də bacardığım qədər cavablandırırdım. İlk tanışlıqda ikimiz də hiss elədik ki, eyni ruhlu insanlarıq.


Biz tez-tez görüşürdük. Qısa zamanda Oktayın necə əxlaqlı, sadə, səmimi, saf qəlbli və dürüst olduğunu gördüm. Bizim iş yoldaşlığımız, tanışlığımız dostluğa çevrildi. Aramızda qarşılıqlı hörmət yarandı. Ondan bir neçə yaş böyük olduğum üçün məni həm də özünə böyük qardaş hesab edirdi. Bundan çox qürurlanırdım. Düşdüyü hansısa çətinlikdə, ya hansısa bir məsələdə qərarsız qalanda mənimlə məsləhətləşərdi. Fikirlərimə önəm verərdi".

Döyüşlərə yollananda da imanını, inancını çıxdığı müqəddəs yola çıraq tutdu. 33 yaşında müharibəyə könüllü getmək bir başqa cəsarət, bir ayrı hünər idi. Onun qəlbində tükənməz Vətən sevgisi, torpaqlarımızın azadlığı uğrunda çarpışmaq kimi çox yüksək hisslər, ali duyğular qərar tutmuşdu. Vətənin səsinə hay verib, xalqımızı illərin möhnətindən qurtarmaq, Qarabağımızı işğaldan azad etmək üçün başlayan bu müqəddəs savaşda 2-ci qrup əlil atasının, anasının, iş-gücünün, ev-eşiyinin - onun üçün əziz olan hər şeyin fövqündə Uca Anda sarılıb döyüşlərə atılmaq nər oğulun işi idi.

Əlvadə ana: "Döyüş bölgəsində olduğunu heç vaxt dilinə gətirmədi. Danışığımız çox qısa olardı. Təlimdəyəm, - deyərdi. Mən də sadəlöhvcəsinə soruşardım ki, Oktay, sizi çox süründürmürlər? Uşaq vaxtı sarılıq keçirdiyindən, bir də dönə-dönə tapşırardım ki, yeməyinə-içməyinə fikir ver. O da deyirdi, nə danışırsan, hər şey əladır. Geyməyimiz, yeməyimiz - hamısı qaydasında. Məni tam arxayın etmək üçün deyirdi ki, ana, bizi nə qabağa aparırlar, nə də arxaya göndərirlər".

Əlvadə ana hardan biləydi ki, ailənin tək oğul övladı ön cəbhədə düşmənə qarşı ölüm-dirim savaşındadır. Odun-alovun içindən çıxıb, anasının telefonda səsini eşidəndə rahatlıq tapır, döyüş məşəqqətlərini unudurdu.

Döyüş vaxtı tabor komandiri Elçin Allahverdiyev: "Şəhid əsgər Oktay Ağabəyov illərdir işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda gedən müqəddəs savaşda taborumuzun öz canını qurban vermiş 33 şəhidindən biridir. Füzuli rayonunun düşməndən azad edilməsində xüsusi şücaət göstərmiş igid oğuldur.

...Sentyabrın 27-də səhər saat 6-da həyəcan siqnalı verildi. Komandir heyəti tərəfindən əmr olundu ki, tam tərkibdə hərbi hissəni tərk edin. Mən dərhal öz taboruma komanda verdim. Bir neçə saatdan sonra bütün heyətlə Füzuli rayonu ərazisinə - Horadizə çatdıq. Müharibənin ilk saatlarından döyüş zonasında idik. Burada artıq döyüş istiqamətimiz bəlli oldu və biz yola çıxdıq.

Gecə saatlarında bütün kombatlar bir yerə yığıldıq və döyüş istiqamətlərimizi planlaşdırdıq. Təmas xətti boyunca Füzuli rayonunun planda nəzərdə tutulmuş ərazisində ön xətti yarmalı, asfalt yola çıxıb ilk tapşırığı tamamlamalı idik. Qarşımızda erməni ön xətti, ortada isə 2 kilometrə yaxın neytral yol var idi. Sağ və sol istiqamətlərdə iki tank çıxarandan sonra bölüklər kolonlar şəklində döyüşə girdi. Ən öndə gedən əsgərlər sırasında qorxmaz döyüşçümüz Oktay da vardı.

Döyüş vaxtı bölük komandiri, qazi Xəqani Orucov: "Oktay bizim bölüyə oktyabr ayının ortalarında ehtiyat əsgər kimi qatıldı. Füzulidən İlandağ istiqamətində döyüşlərdə onu daha yaxından tanıdım. Yaşı çox idi. Təzə gələn əsgərlərlə hücum ərəfəsində bir-bir tanış olurdum. Oktaydan soruşanda ki, neçə yaşın var? Dedi: - 33. O vaxt səfərbərlik 27 yaşına qədər idi. Ona görə Oktayın bu yaşda döyüşlərə qatılması, düzü, mənə bir qədər təəccüblü gəldi. Dedim, sənin yaşın çoxdur, sən niyə gəlmisən? Qayıtdı ki, sən məndən böyüksən, burdasan. Mənim səndən nəyim əskikdir ki? Vətənin bu günündə sən burdasansa, deməli, mən də burda olmalıyam. Onun cavabı mənə xoş gəldi. Bir daha əmin oldum ki, gənclərimizin bu cür vətənpərvərliyi, düşmənə qarşı ölüm-dirim savaşına belə mərdanə qoşulması, istəyini gerçəkləşdirmək üçün içindəki inadkarlığı çox tezliklə düşmənin sonunu gətirəcək. Ordumuzun belə döyüş ruhu qarşısında onlar mütləq məhvə məhkumdurlar.


Hücumumuz uğurlu oldu. Döyüş tapşırığını yerinə yetirdik. Onun bizimlə döyüş yolu az çəkdi - hardasa, 3-4 gün. Amma bu qısa müddət bəs elədi ki, tərbiyəsi, mədəniyyəti ilə, ciddiliyi, qorxmazlığı ilə bütün bölüyün rəğbətini qazansın. Özünü tanıtsın və sevdirsin. Çox təəssüf ki...




Biz Aşağı Əbdürrəhmanlı, Gecəgözlü kəndləri istiqamətində gedəndə düşmənin top mərmisi partladı, Oktay qolundan ağır yaralandı. Biz onu çox çətinliklə də olsa təxliyə edə bildik. Çox təəssüf ki, onu xilas edə bilmədik. Bir neçə gündən sonra şəhadətə qovuşdu. Onu da deyim ki, Oktayın xidmət etdiyi bölük Vətən müharibəsində 9 şəhid verdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Oktay Baxşəli oğlu Ağabəyov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Əlvadə ana deyir ki, 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsəydi, ürəyimiz dinclik tapmazdı. Şükürlər olsun ki, suverenliyimizi də bərpa etdik. Bütövləşdik.

Dostu Rüstəm Rüstəmov: "Oktayın şəhadətinə təəssüf etmirəm. Çünki bu mərtəbəyə ucalmış insana qibtə etmək olar. Ancaq ondan cismən ayrıldığım üçün çox təəssüf edirəm. Təbii olaraq darıxıram".

Bacısı Leyla: "Mənim düşüncəmə görə, qardaşımın 33 yaşında torpaqlarımızın azadlığı savaşına könüllü qatılması, o vaxta kimi ailəmiz, doğmalarımız üçün elədiklərinin içərisində ən dəyərlisidir. Tanımadığımız insanlar belə bizə böyük ehtiram göstərirlər. Oktayın evimizin yanındakı abidəsinin qarşısından keçənlərin bir anlıq ayaq saxlamasına, qardaşımın, bütün şəhidlərimizin ruhlarına dua oxumasına tez-tez şahid oluram. Bütün bunlar qəlbimizi çox rahatladır. Doğrudur, kövrəlirik, qəhərlənirik, amma daha çox qürurlanırıq. Oktay yalnız bizim ailənin yox, Vətənimizin oğludur. O, qəhrəmandır!

P.S. Oktay Ağabəyovun şəhadətindən sonra Əlvadə ana oğlunun dostlarına əmanət etdiyi telefonunun yaddaşında qalanlarla baş-başa qalmaq istəyib. Onu ilk "qarşılayan" statusundakı şəkil olub: Milli Qəhrəmanımız Polad Həşimov və şəklin ön hissəsində, bayrağımızın fonunda andını - "Qanın yerdə qalmayacaq, CƏNAB GENERAL!" yazan Oktay Ağabəyov.

 

 Nazim Əlifov





Sizin reklam burada
Sizin reklam burada