Yay fəslinin başa çatması ilə Azərbaycanda gündüzlər tədricən qısalmağa, gecələr isə uzanmağa başlayır.
News365.az xəbər verir ki, bunun əsas səbəbi Yerin Günəş ətrafında hərəkəti zamanı fırlanma oxunun 23,5 dərəcə maili olmasıdır. Yay aylarında Şimal yarımkürəsi Günəşə daha çox yönəldiyi üçün gündüzlər uzun olur. 21 iyundan sonra isə bu vəziyyət tədricən dəyişir və gündüzlərin müddəti azalır.
Təxminən 23 sentyabrda gecə və gündüz bərabərləşir. Bundan sonra qış gündönümünə qədər gündüzlər daha da qısalır. 21 dekabr ətrafında isə Şimal yarımkürəsində ilin ən qısa gündüzü müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, gündüzlərin qısalmasının əsas səbəbi Günəşlə Yer arasındakı məsafənin dəyişməsi deyil, Yerin oxunun maililiyidir.