Təhsil eksperti Etibar Əliyev Azərbaycanda repetitorluğun geniş yayılması, məktəbin nüfuzunun zəifləməsi və təhsil sistemindəki idarəetmə məsələləri ilə bağlı sərt fikirlər səsləndirib.
News365.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Etibar Əliyev filosof Taleh Şahsuvarlının Azərbaycan təhsilində “qara bazar”ın formalaşması ilə bağlı fikirlərinə münasibət bildirib. O, Şahsuvarlının bu bazarın əsas institusional istehsalçısının Dövlət İmtahan Mərkəzi olması barədə fikri ilə razılaşmadığını qeyd edib.
Ekspert hesab edir ki, repetitorluğun geniş şəbəkəyə çevrilməsində əsas məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərinə düşür.
“Əslində ibtidai sinif şagirdi də bilir ki, Azərbaycan təhsilində “Qara bazar”ın yaradıcısı “Yaşıl bazar”ın yanında yerləşən nazirlikdə oturan Emin Əmrullayevdir. Repetitorluğun geniş şəbəkələşməsinin baiskarı odur və bu hərəkatın var gücü ilə genişlənməsinə şərait yaradır”, - deyə Etibar Əliyev yazıb.
O, nazir Emin Əmrullayevin sonuncu mətbuat konfranslarından birində repetitorluqla bağlı səsləndirdiyi fikirləri də tənqid edib.
“Dövlət İmtahan Mərkəzinin bu işdə marağının olmamasını hamı bilir. DİM bu xidmətdən istifadə edənlərin və etməyənlərin biliklərini qiymətləndirir. Repetitorluq valideynlərin büdcəsini dağıdır, insanları yoxsulluğa sürükləyir”, - ekspert bildirib.
Etibar Əliyevin sözlərinə görə, orta məktəblərin bilik və tərbiyə funksiyasını lazımi səviyyədə yerinə yetirməməsi valideynləri əlavə təhsil xidmətlərinə üz tutmağa məcbur edir.
“Valideynlər uşaqlarının geyimindən, qidalanmasından, istirahətindən kəsib Əmrullayevin “qara bazar”ına yönəldirlər”, - deyə o qeyd edib.
Ekspert həmçinin orta məktəblərin sinif otaqlarının repetitorluq məqsədilə istifadəyə verilməsi məsələsinə də toxunub və bununla bağlı sual ünvanlayıb:
“Orta məktəblərdə sinif otaqlarını repetitorluq üçün icarəyə Məleykə Abbaszadə verir? Bəlkə belədir, biz bilmirik?”
Etibar Əliyev təhsil sistemində digər məsələlərlə yanaşı, Təhsil İnstitutunun fəaliyyətini də tənqid edib. Onun iddiasına görə, institutda milyonlarla manatlıq tender və qrant layihələrinin bölüşdürülməsi ilə bağlı suallar mövcuddur.
“Qara bazar”ın mərkəzi isə Təhsil İnstitutudur. Milyonlarla manatlıq tenderlər və qrant layihələri dostluq, tanışlıq, qohumluq əlaqələri olanlara peşkəş edilir. Bazar olsun!” - ekspert yazıb.
O, daha sonra Elm və Təhsil Nazirliyində və tabeli qurumlarda müxtəlif vəzifələrə təyin olunan şəxslərin əvvəlki iş təcrübələrinə diqqət çəkib.
Əliyev bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində ümumi təhsil şöbəsinin müdiri, daha sonra isə Agentliyin rəhbərinin müavini vəzifəsinə təyin olunan Arslan Hacıyev bundan əvvəl “Azərşəkər” MMC-də satış meneceri işləyib. Ümumi təhsil siyasəti şöbəsinə rəhbər təyin olunan Çapay Məmmədovun isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında çalışdığını qeyd edib.
Ekspert həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlının əvvəl “Azgranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində çalışdığını yazıb.
Bundan başqa, Etibar Əliyev Təhsil İnstitutunun direktor müavini Kənan Kərimlinin “Astaraçay” MMC-də şöbə müdiri, institutun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlının isə “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsində çalışdığını bildirib.
Ekspert paylaşımının sonunda Azərbaycanın 15 yaşlı məktəblilərinin PISA 2025 nəticələrinə də toxunub.
Onun sözlərinə görə, Azərbaycan məktəbliləri PISA 2025 qiymətləndirməsində elm üzrə 67-ci, riyaziyyat üzrə 70-ci, oxuyub-anlama üzrə isə 69-cu yerdə qərarlaşıblar.
Etibar Əliyev bu nəticələri təhsil sistemində həyata keçirilən siyasətlə əlaqələndirib və paylaşımını “Bunların sayəsində...” ifadəsi ilə yekunlaşdırıb.
News365.az