İsveç hökuməti Niderlandın "Saab" şirkəti tərəfindən istehsal olunan "GlobalEye" uzaqməsafəli radarla aşkarlama və idarəetmə təyyarəsini almağa razılıq verdiyini elan edib. Hərbi təyyarənin Niderlanda 2031-ci ildə təhvil verilməsi planlaşdırılır.
"Breaking Defense" nəşrinin məlumatına görə, bu satınalma Haaqanın NATO çərçivəsində 10-a qədər "GlobalEye" təyyarəsinin birgə alınması layihəsindəki iştirakına əlavə olaraq həyata keçirilir. Bu addım Niderlanda Alyansın ümumi resursları ilə yanaşı, öz milli hərbi ehtiyaclarını da zəmanət altına almaq imkanı verəcək.
İsveçin müdafiə naziri Pol Jonson məsələ ilə bağlı bildirib:
"Niderlandın 'GlobalEye' almaq qərarını alqışlayıram. Bu əməkdaşlıq sayəsində niderlandlı heyət artıq 2028-ci ildən İsveç sistemlərində təlim keçə biləcək. Bu addım hərbi hava qüvvələrimizin situasiya məlumatlılığını, uzlaşma imkanlarını və NATO çərçivəsində birgə əməliyyat aparmaq qabiliyyətini artıracaq".
Məlumata görə, Pol Jonson niderlandlı həmkarı Dilan Yeşilgöz-Zeqerius ilə niyyət məktubu (LOI) imzalayıb. Bununla belə, "Saab" şirkəti rəsmi sifarişin hələ yekunlaşmadığını və satınalma prosesinin növbəti mərhələlərini gözlədiklərini bəyan edib.
Qeyd edək ki, bu il "Saab" şirkətinin "GlobalEye" modeli üçün kifayət qədər uğurlu keçir. May ayında Kanada da bu təyyarələri əldə etmək və ölkə daxilində istehsal xətti qurmaq planlarını açıqlayıb. Lakin Kanada və NATO ilə danışıqlar davam etdiyindən hələlik rəsmi müqavilə imzalanmayıb.
News365.az