"McDonald’s" Ukrayna restoranlarında menyunu qısaldır – Tədarük problemi yaranıb

"McDonald’s" Ukrayna restoranlarında menyunu qısaldır – Tədarük problemi yaranıb
19:30

"McDonald’s Ukraine" məhsul tədarükündə yaşanan axsamalar səbəbindən bəzi restoranlarda menyudakı müəyyən təamların müvəqqəti olaraq tükənə biləcəyini açıqlayıb.

RBC-Ukraine agentliyinin məlumatına görə, şirkət tərəfindən yayılan bəyanatda deyilir:

"Ən məşhur yeməklərin sabit təminatını saxlamaq üçün bəzi restoranlarımız müvəqqəti olaraq məhdudlaşdırılmış menyu rejiminə keçə bilər. Bu səbəbdən çeşidlər restorandan restorana fərqlənə bilər".

Şirkətdən bildirilib ki, sabit tədarük zənciri bərpa olunan kimi çatışmayan məhsullar menyuya qaytarılacaq. Müştərilər konkret bir restoranın mövcud menyusunu "McDonald’s" tətbiqi, çatdırılma xidmətləri və ya birbaşa restorana yaxınlaşaraq dəqiqləşdirə bilərlər.

Məhdudlaşdırılmış menyunun konkret hansı regionlara şamil olunacağı açıqlanmasa da, Ukrayna mediası artıq Kiyev və Kiyev vilayətindəki bəzi filiallarda müəyyən təamların olmadığını yazır.

Qeyd edək ki, son aylarda Rusiya ordusunun Ukraynanın pərakəndə satış şəbəkələrinə aid paylayıcı mərkəzləri və anbarları hədəf alması logistika zəncirində ciddi çətinliklər yaradıb. Kiyev və digər şəhərlərdəki mağaza rəflərində bəzi məhsulların qıtlığı müşahidə olunsa da, rəsmilər və sahibkarlar ölkədə ümumi ərzaq qıtlığının olmadığını, problemin sırf logistik çatdırılma ilə bağlı olduğunu vurğulayırlar.

News365.az


Sizin reklam burada
Sizin reklam burada