Azərbaycanda sosial siyasətin genişləndirilməsi, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələr üçün əlavə imkanların yaradılması məsələsi yenidən gündəmə gəlir. Sosial ödənişlərin artırılması, ailələrə verilən güzəştlərin genişləndirilməsi və pensiya təminatının yaxşılaşdırılması əhalinin sosial rifahına birbaşa təsir edən əsas istiqamətlər sırasında göstərilir.
İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib ki, sosial sahədə atılacaq addımlar əhalinin müxtəlif təbəqələrinin sosial təminat imkanlarını genişləndirə bilər.

Onun sözlərinə görə, xüsusilə sosial statusun müəyyənləşdirilməsi və aztəminatlı ailələrə verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:
“Burada əsas məsələ əhali arasında sosial müdafiəyə ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və onların dövlət tərəfindən əlavə sosial təminatlarla əhatə olunmasıdır. Aztəminatlı ailələr üçün güzəştlərin və sosial imkanların artırılması həm ailələrin maddi vəziyyətinə, həm də sosial rifahına müsbət təsir göstərə bilər”.
İqtisadçı qeyd edib ki, sosial siyasətin genişləndirilməsi dövlət büdcəsində sosial xərclərin də artırılmasını zəruri edə bilər:
“Azərbaycanda sosial büdcənin, yəni dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin artırılması istiqamətində addımlar atılmalıdır. Bu, nəticə etibarilə sosial təminatın daha geniş əhali qruplarını əhatə etməsinə imkan verə bilər”.
X.Kərimli hesab edir ki, sosial siyasət yalnız müavinətlərin artırılması ilə məhdudlaşmamalıdır. Onun fikrincə, pensiya təminatı, sosial ödənişlər və aztəminatlı ailələr üçün yaradılan imkanlar kompleks şəkildə nəzərdən keçirilməlidir.
“Burada bir neçə mühüm istiqamət var. Ailələrə verilən müavinətlərin artırılması, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi, pensiya yaşına çatmış şəxslərin təminatı və gələcəkdə pensiyaların artırılması məsələləri diqqətdə saxlanılmalıdır. Bütün bunlar sosial təminat sisteminin daha effektiv qurulmasına xidmət edə bilər”, – deyə iqtisadçı vurğulayıb.
Onun sözlərinə görə, sosial ödənişlərin artırılması ilə yanaşı, əhalinin gəlirlərinin yüksəldilməsi üçün iqtisadi imkanların genişləndirilməsi də vacibdir:
“Əsas məqsəd təkcə sosial müavinətlərin artırılması olmamalıdır. İqtisadi sahədə də əhalinin gəlirlərinin yüksəldilməsi üçün imkanlar yaradılmalıdır. İnsanların dayanıqlı gəlir əldə etməsi və sosial təminatının gücləndirilməsi uzunmüddətli perspektivdə daha effektiv nəticə verə bilər”.
İqtisadçı əlavə edib ki, sosial siyasətdə həyata keçiriləcək hər bir dəyişiklik dövlətin maliyyə imkanları və büdcə yükü nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilməlidir.
“Dövlət büdcəsinin imkanları nəzərə alınaraq sosial sahəyə ayrılan vəsaitlərin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yarada bilər. Əsas məsələ sosial problemlərin həlli istiqamətində ardıcıl və sistemli addımların atılmasıdır”, – X.Kərimli bildirib.