Məzhəbsizlik ənənəsi yalnız qeyri-dindar əhali arasında yaşayırdı. Elə ki, ənənəvi dinə qurşandılar, çox qısa zamandan sonra məzhəbləşmə, mübahisələr, parçalanma başladı. Artıq cəm namaza gedəcəklərsə fərqli məscidlərə üz tuturlar, hətta bəziləri ticarəti də öz həmməzhəbləri ilə etməyi şərt bilir. Hansı ki, əvvəllər eyni şadlıq evində, eyni xeyir-şər məclisində üzbəüz oturub dərdləşir, söhbətləşir, yardımlaşırdılar...
Artıq dindar olmayan təbəqə də sürətlə məzhəbləşir. Bu, əvvəllər də vardı, lakin özünü büruzə vermirdi. İndi bir qism tarixçilər, jurnalistlər, sosiloqlar, ilahiyyatçılar, alimlər də artıq tarixə, dünyaya, ölkəyə, əhaliyə məzhəb kontekstindən baxırlar. Artıq məzhəbçilik dini müstəvi ilə paralel sosiologiya, tarix, mədəniyyət, incəsənət, musiqi, hətta media və digər sahələrə də sirayət edib.
Adamların eyni dindən olmaqlarına rəğmən toy və yas adətləri də fərqlənməyə başlayır. Sosial şəbəkələrdə bir-birini təhqir edirlər. Ümumilikdə sosial həyatları fərqlənməkdən daha çox qütbləşməyə, cəbhələşməyə, rəqibləşməyə doğru mənfi yöndə inkişaf edir.
Belə çıxır ki, din insanları, cəmiyyəti parçalayır, həmrəyliyi pozur? Uydurma, qondarma, xurafat və mövhumata qarışmış, məzhəbləşmiş, əsl mahiyyətini itirmiş "din", bəli, cəmiyyəti süni qütbləşməyə məruz qoyur, sosial ayrıseçkilik yaradır. Məzhəbçi zümrənin rəqabəti, mübahisələri tərəfləri daha da radikallaşdırır, mühafizəkarlaşdırır, nəticədə bir-birinə əks cəbhələr meydana çıxır.
Əsl din isə nəinki öz mənsublarını, hətta bütün insanları ümumbəşəri dəyərlər ətrafında birləşdirir, vəhdətə gətirir, mənəviyyatını zənginləşdirir. Ancaq hazırda insanları bölən həqiqi din deyil, din adı ilə sırınan, lakin siyasiləşmiş, təhrif olunmuş, məcrası və hədəfləri dəyişdirilmiş məzhəblərdir.
Tarixçinin, ictimai xadimin, hansısa ixtisas sahibinin məzhəbçi mövqedə olması sadəcə bəla deyil, virusdur. O həmin virusu yayacaq. Hamıya eyni gözlə baxmayacaq. Məzhəbinə görə ayırıb fərq qoyacaq. Artıq bu halları cəmiyyətin müxtəlif sahələrində bariz şəkildə müşahidə edirik. Hətta tarixi şəxsiyyətləri, şairləri, yazıçıları da məzhəbinə görə qiymətləndirmə ənənəsi vüsət alıb. Sürətlə parçalanma gedir. Beyinlər, düşüncələr, fikirlər, əqidələr, inanclar parçalanır. Özü də bu bölünmə tolerant bölünmə deyil, əks qütblərin yarandığı, ədavət toxumunun cücərdiyi bölünmədir.
Heç olmasa dövlət müəssisələrində çalışan inanclıların mühafizəkar formada məzhəbləşməsinin qarşısını almaq lazımdır. Yoxsa əks qütbdən hesab etdiyi vətəndaşa fərqli yanaşmalar vüsət ala bilər.
Tural İrfan, dinşünas