Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri avqustun 1-dən 13-dək olan dövrdə Rusiya qoşunlarının 240 enerji qovşağına zərbələr endirib.
Bu barədə Ukrayna ordusunun Pilotsuz Sistemlər Qüvvələri komandanı Robert Brovdi ("Madyar") teleqramda bildirib.
Onun sözlərinə görə, "Krım rubilniki off" əməliyyatı çərçivəsində ukraynalı hərbçilər Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemlərinin işini təmin edən enerji obyektlərinə zərbələr endirməkdə davam edirlər.
Brovdi qeyd edib ki, hücumların hədəfi, xüsusən də, stasionar radiolokasiya stansiyaları və Rusiyanın HHM-nin digər elementləridir.
O, həmçinin bildirib ki, Pilotsuz Sistemlər Qüvvələri "Krım rubilniki off" əməliyyatı çərçivəsində avqustun 13-nə keçən gecə daha 29 enerji qovşağına zərbə endirib.
Xatırladaq ki, "Krım rubilniki off" əməliyyatı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, xüsusən də Krımda kritik əhəmiyyətli enerji obyektlərinin və yarımstansiyaların sistemli şəkildə vurulmasına yönəlib. O, 2026-cı il iyulun 1-dən Robert Brovdinin rəhbərliyi altında həyata keçirilir.