Son dönəmlərdə
Türkiyə
daxilində artan siyasi mübarizə fonunda bəzi siyasi, ictimai və media dairələri
Azərbaycan əleyhinə populist fikirlərlə milli maraqlarımıza qarşı təhdid
formalaşdırırlar.
Məsələn, ötən
gün TBMM-nin
yeni dönəm açılışı ilə bağlı SözçüTV-yə qatılan Yenidən Refah Partiyasının sədri
Fatih Ərbakan Azərbaycanın strateji layihəsi olan Bakı–Tbilisi–Ceyhan (BTC)
neft kəmərini hədəfə aldı və AKP hökumətini bu layihəni dayandırmağa çağırış
etdi.
Hal-hazırda
BTC vasitəsi ilə gündəlik 1 milyon barel neft dünya bazarına çıxarılır. Bu, Azərbaycan
və Türkiyənin qlobal enerji təchizatında strateji rolunu göstərir.
Həmçinin BTC
Türkiyə büdcəsinə tranzit haqları və enerji təhlükəsizliyi baxımından böyük
dividentlər verməkdədir. Ərbakanın çağırışı, əslində, Türkiyənin milli
maraqlarına ziddir.
Fatih
Ərbakanın bu fikirləri niyə təhlükəlidir?
Əslində, fərd
olaraq Fatih Ərbakan Türkiyə siyasi arenasında o qədər də güclü və xarizmatik
lider hesab edilmir. Əsasən populist çıxışları ilə tez-tez gündəmə gəlir və bəzi
hallarda fikirləri liberal kəsim tərəfindən ciddi tənqid olunur.
Fatih
Ərbakan hazırda Türkiyə siyasi səhnəsində şəxsi ideyaları ilə deyil, atası Necməddin
Ərbakanın irsini istismar etməklə qalır. Zamanında Necməddin Ərbakanı dəstəkləyən
və ona rəğbət bəsləyən kütlələr Fatih Ərbakanın fikirlərinin təsiri altına düşə
bilirlər. Ona görə atasının irsini istismar etməklə Fatih Ərbakan Türkiyə– Azərbaycan
strateji tərəfdaşlığına zərbə vurmağa çalışır.
Bəzi mühafizəkarlara
oynayan siyasətçilərin Fələstin məsələsini istismar etməsi və bunun fonunda Azərbaycanın
iqtisadi maraqlarını hədəf seçməsi kifayət qədər təhlükəli tendensiyadır.
Hazırda Azərbaycan
elə bir mərhələdədir ki, milli maraqlarının arealı genişlənib. Məsələn, Qara dənizdə
gərginlik, Türkiyənin İzmir bölgəsində və Ceyhan limanı ətrafında, BTC və BTQ,
həmçinin TANAP və TAP layihələrinin keçdiyi bölgələrdə yaranan hər bir gərginlik
artıq bizim milli maraqlarımıza təhdid formalaşdırır. Ona görə də Azərbaycanın
2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxmaq, təhdidlərin
formasını və arealını genişləndirmək, onların dəf edilməsi üçün hazırlıqlı
olmaq zəruridir.
Aqil Məmmədov,
ekspert