Xankəndi ilə Pekinin fərqi

Xankəndi ilə Pekinin fərqi
09:41
Pekinin 21 milyondan çox əhalisi var. Bu özəlliyi ilə Çin paytaxtı Şanxaydan (24 milyondan çox) sonra dünyanın ikinci ən böyük şəhəridir.
Bizim Xankəndində isə cəmi bir neçə min adam yaşayır.
Nə əlaqəsi var, deməyin. Əlaqəsi odur ki, Xankəndi də, Pekin də əslində eyni adı daşıyır. 13-14-cü əsrlərdə yaşayan məşhur italyan səyyah Marko Polonun tərtib etdiyi xəritəyə nəzər salsaq görərik ki, o, indiki Pekini Cambaluc kimi qeyd edib. Cambaluc əslində Xanbalıq sözünün təhrif olunmuş şəklidir. Yəni vaxtilə həmin şəhərin adı Xanbalıq olub.
Tarixi sənədlərə görə, indiki Pekin şəhəri 1215-ci ildə Çingiz xan tərəfindən işğal olunub və darmadağın dağıdılmışdır. Daha sonra 1271-ci ildə Çingiz xanın nəvəsi Qubilay xan imperiyanın paytaxtını Qaraqurumdan indiki Pekin ərazisinə köçürüb və ardınca da çinlilərlə bir arada yaşamaq istəmədiyi üçün paytaxtın yaxınlığında ancaq monqol və uyğur elitasının məskunlaşdığı bir yaşayış məskəni tikdirmiş, adını da Xanbalıq qoymuşdu.
Qubilay xanın öz paytaxtını Xanbalığa köçürməsi səbəbsiz deyildi. Bəlkə də Qubilay xan öz imperiyası ərazisində yaşayan milyonlarla çinlinin bir gün böyük təhlükəyə çevrilməsinin qarşısını almaq və onları tədricən assimiliyasiya etmək üçün bu addımı atır. Amma gözlədiyinin tam tərsi yaşandığından paytaxtın yanında Xanbalığı salmaq, türk və monqol əyanlarını oraya köçürmək məcburiyyətində qalır.
Xanbalıq sözünün etimologiyasına gəlincə, qədim türklər şəhərləri palçıqdan tikdiklərindən ona palçıq mənasına gələn “balıq” deyirdilər. Yuan xanədanından 200 il əvvəl yaşamış Qaşqarlı Mahmud “Divan-ı Lüqati’t-Türk” əsərində də “balıq” sözünün şəhər və ya qala mənasına gəldiyini bildirərək yazırdı:
"Balıq: İslamdan çox-çox əvvəl türk dilində sığınacaq, qala və ya şəhər mənasını verirdi. Uyğur dilində də belədir. Uyğurların ən böyük şəhərlərindən biri "Beşbalıq" adlanır. Bu, uyğurların ən böyük şəhəridir və "beş şəhər" deməkdir.
Bu məntiqlə, “Xanbalıq” da əslində Xankəndi mənasına gəlirdi. Qeyd edim ki, Yuan imperiyasının ərazisində xeyli sayda sonluğu “balıq”la bitən şəhərlər vardı - Beşbalıq, Ağbalıq və s. kimi. Onlardan bəziləri 13-cü əsrin sonlarında Yuan xanədanlığına səfər edən Marko Polo daha sonra qələmə aldığı xatirələrində və cızdığı xəritələrində yer almışdı. Fotosuna paylaşdığım həmin xəritədə Xanbalıq şəhərinin adı təhrif edilərək Cambaluc (Kambaluk) kimi yazılmışdı.
Xankəndi öz adaşından hardasa 500 il sonra qurulub. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahət məskəni kimi salınıb. Qarabağ xanlarının, məmləkətlərinə maksimum nəzarət etməsi üçün qurulan bu şəhər Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində yerləşir. Məqsəd xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərilərinə yaxın olmaq idi.
Təbii ki, Qarabağ xanlığının yeni paytaxtı kimi salınan bu şəhərdə erməni əhalisi yaşaya bilməzdi. Necə ki, Qubilayın “Xankəndi”ndə - Xanbalıqda barmaqla göstəriləcək qədər çinli yaşamırdı. Əksinə Qubilay xan sırf çinlilərdən uzaq olsun deyə, indiki Pekinin böyründə bu şəhəri inşa etmiş və 1368-ci ildə Yuan imperatorluğu tamamilə çökdükdən sonra çinlilər Xanbalığa köçmüş və beləcə Yuanın paytaxtı indiki Pekinin içərisində yox olmuşdur.
Xankəndinin şanssızlığı və adaşından müqayisə olunmaz dərəcədə kiçik qalması onun Türk hegemoniyasının son illərində qurulması idi. Məlumdur ki, Yuan imperiyası türk hegemoniyasının qızıl çağlarında ortaya çıxmışdı. Bu o dövr idi ki, dünyanı qasıb qovuran monqollar belə, Türk mədəniyyət dairəsinə girmiş və assimiliyasiya olunaraq türkləşmişdilər.
Xankəndinin qurulduğu 18-ci əsrin sonları isə Türk hegemoniyasının tənəzzülü dövrünə düşür. Qurulduqdan qısa müddət sonra (1805-cu il) rus işğalına məruz qalan Xankəndi Cənubi Qafqazdakı ən böyük rus hərbi qərargahının yerləşdiyi əraziyə çevrilir. 1805 və 1813-cü ildə bağlanan Kürəkçay və Gülüstan müqavilələrindən sonra isə bu ərazilərə İrandan və Türkiyədən erməni ailələri köçürülür, beləcə Xankəndinin özgələşdirilməsinin əsası qoyulur. 1813-cü ilə qədər 1 erməninin belə yaşamadığı Xankəndində 1847-ci ildə artıq 80 erməni, 52 rus ailəsi məskunlaşdırılmışdı və şəhərdə 1 erməni kilsəsi fəaliyyət göstərirdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Xankəndinin erməniləşdirilməsi prosesi daha da sürətlənmiş, SSRİ dağıldıqdan sonra isə erməni separatçıları öz müstəqilliklərini elan etmişdilər. Şükür Allaha ki, Azərbaycan ordusunun böyük fədakarlığı sayəsində bu bəd niyyət rusların və ermənilərin gözündə qalmışdı.
Rəsmilərimizin dediklərinə inansaq, yaxın zamanlarda Xankəndinə köçlər başlayacaq. Dərd burasındadır ki, Xankəndinə həm də ermənilərin köçürülməsi gözlənilir. Halbuki, bu şəhərdə vaxtilə bir erməni belə yaşamamış, sonradan məskunlaşmalar isə rus imperiyasının təşviqi ilə baş tutmuşdur.
Xankəndinin öz adaşı Xanbalığın taleyini yaşamaması üçün incə düşünülmüş siyasət yürüdülməli, bu şəhərdə yüzminlərlə, hətta mümkünsə milyonlarla Azərbaycan türkü məskunlaşdırılmalıdır. Ondan sonra bir neçə minlik erməni əhalisi Xankəndinə gəlsə belə, heç bir təhlükə yarada bilməyəcək.
Heydər Oğuz, publisist

Sizin reklam burada
Sizin reklam burada