Prezidenti İlham Əliyev: “Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır”
Azərbaycan
ilə Özbəkistan arasındakı münasibətlər bu gün təkcə ikitərəfli əməkdaşlıq
çərçivəsini aşaraq regional geosiyasi arxitekturanın mühüm dayaqlarından birinə
çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə
(UzA) verdiyi müsahibədə vurğuladığı kimi, əlaqələr “ən yüksək – müttəfiqlik
səviyyəsinə” yüksəlib və hazırkı inkişaf dinamikası tarixi mərhələ kimi
dəyərləndirilə bilər. Bu münasibətlərin möhkəmlənməsində iki lider – Azərbaycan
Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında
formalaşmış şəxsi etimad, dostluq, siyasi iradə və strateji baxış birliyi
həlledici rol oynayır. Müsahibədə səslənən fikirlər həm ikitərəfli
münasibətlərin dərinliyini, həm də regionda yeni tərəfdaşlıq modelinin formalaşdığını
göstərir.
Azərbaycan
və Özbəkistan eyni sivilizasiya – türk mənəvi-mədəni dünyasının üzvləridir.
Tarixi, dil, mədəniyyət və mentalitet yaxınlığı iki ölkənin müasir
dövlətlərarası münasibətlərinin təməlində duran mühüm faktordur. XX əsrdə SSRİ
daxilində yaranan qarşılıqlı münasibətlər, türkdilli xalqlar arasında qardaşlıq
ənənələrinin qorunması, 1991-ci ildə dövlət müstəqilliklərinin bərpasından
sonra diplomatik əlaqələrin sürətlə qurulması ölkələrimizi daha da
yaxınlaşdırdı.
Bu gün
Azərbaycan və Özbəkistan münasibətləri artıq təkcə tarixi və mədəni bağlarla
deyil, həm də geosiyasi, iqtisadi, nəqliyyat-kommunikasiya və təhlükəsizlik
platformalarında bir-birini tamamlayan strateji tərəfdaşlığa əsaslanır.
Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq vurğulayır ki, ikitərəfli
münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident Şavkat Mirziyoyevlə şəxsi
dostluq və etimad əlaqələri böyük rol oynayır. Bu amilin əhəmiyyəti
çoxşaxəlidir. Şəxsi etimad liderlərə strateji məsələlərdə çevik və effektiv
koordinasiya qurmağa imkan yaradır. Bir il yarım ərzində beş səfərin baş
tutması iki ölkə arasında siyasi dinamikanın nə qədər intensiv olduğunu
göstərir. Transxəzər nəqliyyat dəhlizi, enerji əməkdaşlığı, sənaye
kopperasiyası kimi layihələr liderlərin siyasi iradəsi olmadan bu sürətlə
reallaşa bilməzdi. Özbəkistanın Füzulidə məktəb inşa etməsi iki ölkə arasındakı
qardaşlıq bağının real təzahürüdür.
Müsahibədə
göstərilir ki, Azərbaycan və Özbəkistan prezidentlərinin dövlət səfərləri
çərçivəsində onlarla mühüm sənəd imzalanıb. Bunların arasında xüsusilə Strateji
tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə strateji əhəmiyyət daşıyır.
Bu sənəd ikitərəfli əlaqələrin bütün sahələrində qarşılıqlı fəaliyyətin
genişləndirilməsini nəzərdə tutur. Müttəfiqlik münasibətləri haqqında Müqavilə
sənədi isə Azərbaycan və Özbəkistan əlaqələrini artıq sadəcə dostluq və əməkdaşlıq
çərçivəsindən çıxararaq tam hüquqlu müttəfiqlik modelinə yüksəldir.
2025–2029-cu illər üçün “Yol Xəritəsi” isə gələcək beş il üçün siyasi dialoq,
iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, enerji, təhlükəsizlik,
mədəni-humanitar bağlıq kimi sahələrdə konkret fəaliyyət planını müəyyənləşdirir.
Bu sənədlərin imzalanması qısa müddətdə görülən işlərin miqyasını və liderlərin
siyasi iradəsini nümayiş etdirir.
Son illər
Şavkat Mirziyoyevin regional kursu Mərkəzi Asiyada yeni inteqrasiya mərhələsini
açıb. Azərbaycanın regional siyasəti isə Cənubi Qafqazda sülh, əməkdaşlıq və
inkişaf fəlsəfəsinə dayanır. Bu iki siyasi kursun kəsişməsi
Azərbaycan–Özbəkistan müttəfiqliyini daha da gücləndirir. Bunun siyasi
nəticələri Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq körpüsünün
yaranması, Türk Dövlətləri Təşkilatında birliyin daha da güclənməsi, Avrasiya
məkanında sabitlik və təhlükəsizlik formatının formalaşmasıdır.
Azərbaycan ilə Özbəkistan arasındakı
münasibətlər bu gün yalnız siyasət və diplomatiya müstəvisində deyil,
iqtisadiyyatın praktiki bütün sahələrində genişlənən strateji əməkdaşlıq modeli
kimi xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkə arasında çoxşaxəli iqtisadi
inteqrasiya prosesinin əsasında həm tarixi-mədəni yaxınlıq, həm də liderlərin
formalaşdırdığı güclü siyasi iradə dayanır. Prezident İlham Əliyevin müsahibədə
vurğuladığı kimi, Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün
sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır: “Bunun üçün güclü
siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi
münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən
200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və
xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən
qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək”. Azərbaycan üçün
Özbəkistan böyük sənaye potensialına malik Mərkəzi Asiyanın aparıcı dövləti, türk
dünyasının iqtisadi dayaqlarından biri, nəqliyyat-kommunikasiya baxımından
strateji mövqedə yerləşən tərəfdaş, kimi qiymətləndirilir. Buna görə də Bakı
ilə Daşkənd arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi regional
iqtisadi sistemin güclənməsinə xidmət edir. Azərbaycanın siyasi elitası iki
ölkə arasında iqtisadi əlaqələrin genişlənməsini yalnız ticarət münasibətləri
kimi deyil, uzunmüddətli strateji əməkdaşlıq paketi kimi dəyərləndirir. Bu
mövqe həm dövlət səviyyəsində siyasi iradənin güclü olduğunu, həm də iki
ölkənin inkişaf strategiyalarının bir-birini tamamladığını göstərir. İqtisadi
əməkdaşlığın genişlənməsi təsadüfi proses deyil, iki ölkə rəhbərlərinin
mütəmadi səfərləri, strateji sənədlərin imzalanması və birgə komissiyaların
aktiv fəaliyyəti nəticəsində formalaşmış sistemli siyasətin nəticəsidir.
Azərbaycan–Özbəkistan
münasibətlərində növbəti dövrdə yeni istiqamətlərin inkişafı gözlənilir. Birgə
texnoparklar, IT mərkəzləri və startap layihələrinin həyata kemirlməsi,
müttəfiqlik modelinin hərbi komponentinin gücləndirilməsi mümkündür. Xəzər
regionunda alternativ enerji layihələrinin birgə inkişafı önımlidir. Birgə
mədəniyyət festivalları, təhsil proqramları və media layihələrinin icrası də
mühüm əhəmiyyət kəsb edir.
Prezident
İlham Əliyevin UzA-ya müsahibəsində ifadə etdiyi fikirlər Azərbaycan–Özbəkistan
münasibətlərinin mövcud səviyyəsini tam əhatə edir: bu münasibətlər tarixi
qardaşlıqdan strateji müttəfiqliyə yüksəlmiş, liderlər arasında şəxsi dostluq
isə yeni geosiyasi reallıqların formalaşmasında həlledici rol oynamışdır. Bu
gün Azərbaycan və Özbəkistan eyni dəyərləri bölüşən, eyni regional hədəfləri
olan, siyasi, iqtisadi və mədəni sahələrdə bir-birini tamamlayan, gələcəyə
birlikdə addımlayan iki qardaş dövlətdir. Görülən işlər, imzalanan müqavilələr,
dinamik diplomatik təmaslar bu tərəfdaşlığın daha da möhkəmlənəcəyini və
regionda sabitlik, təhlükəsizlik, inkişaf üçün vacib rol oynayacağını
təsdiqləyir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri