Prezident İlham Əliyev: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır”
Azərbaycan və Mərkəzi Asiya ölkələri —
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan — ortaq
tarixi-mədəni köklərə malikdir. Bu bağlar müasir siyasi və iqtisadi
münasibətlər üçün möhkəm zəmin yaradır. Tarixi və mədəni yaxınlıq olaraq ortaq
türk mirası və ortaq dil ailəsinə mənsubluq, İpək Yolunun yaratdığı minillik
ticarət əlaqələri, ənənələrdə, musiqidə, mətbəxdə, sənətdə oxşarlıqlar,
bir-birinə yaxın kollektiv yaddaş və etnopsixologiya var. Bu amillər
əməkdaşlığın yalnız iqtisadi və siyasi maraqlara deyil, eyni zamanda dərin
mədəni əsaslara söykəndiyini göstərir. Bu gün dünya geosiyasətində Mərkəzi
Asiya və Cənubi Qafqaz strateji kəsişmə nöqtəsinə çevrilir. Azərbaycanın
regional və qlobal səviyyədə artan rolu Mərkəzi Asiya dövlətlərinin maraqları
ilə uzlaşır. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Avropadan
Çinə uzanan mühüm ticarət yoludur. Azərbaycanın TANAP, TAP və digər boru
kəmərləri vasitəsilə Mərkəzi Asiya resurslarının Avropaya çıxışında müstəsna
rolu var. Təhlükəsizlik və sabitlik — sülh təşəbbüsləri, regionlararası
sabitlik, ekstremizm və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq mühüm
əhəmiyyət kəsb edir. Bu faktlar göstərir ki, Azərbaycan yalnız regional oyunçu
deyil, həm də daha geniş Avrasiya məkanının inteqrasiya proseslərində aparıcı
aktorlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir daha sübut edir ki,
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin dinamikası yeni, daha
yüksək mərhələyə qədəm qoyur. Dövlət başçısının fikirləri bölgədə baş verən
geosiyasi proseslərin mahiyyətini, qarşıdakı illərdə gözlənilən inteqrasiya
potensialını və ölkələr arasında möhkəmlənən strateji həmrəyliyi dolğun şəkildə
əks etdirir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət Görüşündə üçüncü dəfə iştirak edəcəyi bildirilir:
“Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid
tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Mənim Mərkəzi Asiya
Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət
aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada
keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Azərbaycan və
Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni,
coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi
Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm
birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o,
hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və
tarixi əməkdaşlığının rəmzidir”. Bu, təsadüfi deyil — çünki Azərbaycan artıq bu
formatın mühüm iştirakçılarından birinə çevrilir. Son illərdə formalaşan yeni
geosiyasi reallıqlar fonunda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin
əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlığın ən mühüm
platformalarından biri isə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
Görüşüdür. Azərbaycan Prezidentinin bu formata ardıcıl olaraq dəvət edilməsi
ölkəmizin region üçün artan əhəmiyyətini və təsir gücünü aydın şəkildə nümayiş
etdirir. Azərbaycan coğrafi olaraq Cənubi Qafqazda yerləşsə də, siyasi,
iqtisadi, mədəni və təhlükəsizlik aspektləri baxımından Mərkəzi Asiya ilə vahid
strateji məkanın tərkib hissəsinə çevrilib. Bu səbəbdən Məşvərət Görüşündə
Azərbaycan amili təkcə simvolik iştirak deyil, həm də platformanın real siyasi
və iqtisadi dəyərini artıran faktordur.
2023-cü ildə
Düşənbədə Azərbaycanın ilk dəvəti region dövlətlərinin Bakıya artan marağının
göstəricisi idi. 2024-cü il Astanada ikitərəfli və çoxtərəfli əməkdaşlıq
sahələrində atılan addımlar genişləndi, enerji və nəqliyyat layihələri üzrə
konkret nəticələr əldə edildi. 2025-ci ildə gözlənilən Daşkənd zirvəsində isə
Azərbaycanın bu mərhələdə dəvətli tərəf kimi iştirakı münasibətlərin strateji
xarakterini təsdiqləyir. Bu formatda Azərbaycanın müntəzəm iştirak etməsi
coğrafi olaraq Mərkəzi Asiya ilə qovuşmasa da, Bakının bölgənin siyasi,
iqtisadi və təhlükəsizlik arxitekturasının vacib hissəsinə çevrilməsi deməkdir.
Prezident
İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də Xəzər dənizinin mahiyyəti
ilə bağlıdır. Ənənəvi olaraq coğrafi sərhəd kimi qəbul edilən Xəzər, əslində,
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Qədim
ticarət yolları, Xəzər hövzəsindən keçən mədəni əlaqələr və türk dünyasını
birləşdirən ortaq keçmiş bu dənizin tarixi əhəmiyyətini önə çəkir.
Bakı-Türkmənbaşı, Bakı-Aktau, Bakı-Kuryk bərə və yük marşrutları regionun
enerji, ticarət və tranzit imkanlarını genişləndirir. Azərbaycan Xəzər
hövzəsində enerji layihələrinin mühüm iştirakçısı olaraq Mərkəzi Asiya enerji
resurslarının dünya bazarına çıxmasında rol oynayır. Bu gün Xəzər təkcə su
hövzəsi deyil, yeni regional əməkdaşlıq modelinin mərkəzidir. Prezidentin
sözləri həm tarixi davamlılığı, həm də müasir reallıqları özündə birləşdirərək
Xəzərin inteqrasiya üçün əsas platforma olduğunu göstərir.
Dövlət
başçısı müsahibəsində region ölkələri ilə münasibətlərdə formalaşan yeni
strateji xətt açıq görünür. Azərbaycana verilən ardıcıl dəvətlər, Mərkəzi Asiya
dövlətlərinin Bakı ilə əməkdaşlığı genişləndirmək istəyi ölkəmizin artan
nüfuzunun göstəricisidir. Azərbaycan artıq enerji ixracatçısı,
nəqliyyat-logistika qovşağı, Türk dünyasının siyasi mərkəzlərindən biri,
Avrasiyanın təhlükəsizlik və sabitlik platforması kimi çıxış edir. Bu, regionda
sülhün, əməkdaşlığın və iqtisadi inkişafın əsas vektorlarını müəyyən edən
strateji liderlik roludur.
Prezident
İlham Əliyevin fikirlərindən aydın olur ki, Azərbaycan və Mərkəzi Asiya
ölkələri arasında münasibətlər təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də
dərin tarixi-mədəni bağlara əsaslanır. Xəzər dənizi bu əlaqələrin mərkəzində
dayanaraq tərəfləri birləşdirən strateji məkan rolunu oynayır. Region yeni
əməkdaşlıq modelinə doğru sürətlə irəliləyir və bu prosesin aparıcı
qüvvələrindən biri Azərbaycandır. Bu reallıqlar Avrasiyada yeni geosiyasi
konstruksiyanın formalaşdığını göstərir — tarixi köklərə əsaslanan, qarşılıqlı
etimada söykənən, iqtisadi potensialı böyük olan vahid məkan. Azərbaycan isə bu
məkanın ayrılmaz hissəsi və mühüm hərəkətverici qüvvəsidir.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent