Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı
“Orxan 011” MMC-nin Türkiyədən idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal
İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik
içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan
Sildenafil maddəsi aşkarlanıb. Faktla bağlı qanunuvericiliyə uyğun
müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin
hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək
ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində
istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi
təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları,
qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil
itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla
müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər
problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir.
Nəzərə alaq
ki, hazırda əmtəə bazarında “Nitro Max” adlı energetik içkiləri hələ də var.
Amma həmin məhsulların bazardan yığışdırılması isə yada düşmür.
Mövzu ilə bağlı News365.az -a danışan Azad
İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əgər adı çəkilən
maddə insan sağlamlığı üçün zərərlidirsə dərhal həmin məhsullar əmtəə
bazarından yığışdırılmalıdır:
“Çox təəssüf
ki, ölkəmizdə malların geri çağırılma mexanizmi yoxdur. Bu azmış kimi başqa bir
problem də var. Belə ki, vaxtı keçmiş məhsullar atılmır, yığılaraq distribütörə qaytarılır.
O da həmin məhsulları istehsalçıya təhfil verir. İstehsalçı da məhsul üzərində
bəzi dəyişikliklər edərək onu yenidən istehlak bazarına göndərir. İctimai təşkilat
olaraq hər zaman tələb etmişik ki, vaxtı keçmiş məhsullar birbaşa zibilxanalara
getməlidir. Lakin bu məsələ hələ də açıq qalıb. Qayıdıram yenə zərərli məhsullara.
AQTA hansısa məhsulda insan sağlamlığı üçün qorxulu nəsə tapıbsa dərhal həmin məhsullar
bazardan çıxarılmalıdır. Belə vəziyyətdə AQTA-nın işi 0-a bərabər olur. Bu da
qanunvericilikdəki boşluqlarla bağlıdır. Bu boşluqları aradan qaldrımaq da
müvafiq dövlət qurumlarının vəzifəsidir. Eyni zamanda zərərli məhsullar və
vaxtı keçmiş mallar ictimaiyyət nümayəndələrinin iştirakı ilə məhv edilməlidir.
Amma belə hadisələr çox nadir hallarda baş verir. Halbuki hər gün dövriyyədə vaxtı
keçmiş tonlarla məhsulllar olur”.
News365.az