Yoluxucu xəstəliklərə qarşı təcrid və dezinfeksiya tədbirləri gücləndirildi

Yoluxucu xəstəliklərə qarşı təcrid və dezinfeksiya tədbirləri gücləndirildi
11:04

Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sanitar-gigiyenik və epidemiyaya qarşı tədbirlər davamlı şəkildə həyata keçirilir.

News365.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” proqramında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova açıqlayıb.

A.İsmayılova bildirib ki, xəstəlik aşkarlananda, onun yayılmasının qarşısını almaq üçün tibbi heyət dərhal yerli gigiyena və epidemiologiya mərkəzinə məlumat verir. Həmin şəxslə bağlı ətraflı məlumat toplanır: yaşadığı ünvan, iş və təhsil yeri, xəstəliyin ilk əlamətləri və təmasda olduğu insanlar qeyd olunur. Bu məlumatlar əsasında epidemioloji araşdırma aparılır.

Xəstəliyin başqalarına keçməməsi üçün xəstələr ya evdə, ya da xəstəxanada müvafiq təcrid rejiminə alınır. Təcrid müddəti xəstəliyin növündən asılı olaraq müəyyən edilir. Xəstənin yaşadığı məkan və istifadə etdiyi əşyalar xüsusi dezinfeksiya vasitələri ilə təmizlənir. Bundan əlavə, xəstə ilə təmasda olmuş insanlar — ailə üzvləri, iş yoldaşları və ya sinif yoldaşları — müşahidə altına alınır. Lazım gəldikdə onlardan analiz götürülür və profilaktik müalicə və ya peyvənd tədbirləri tətbiq edilir.

Epidemioloq qeyd edib ki, əhali arasında maarifləndirmə də önəm daşıyır: yoluxucu xəstəliklərin yayılma yolları barədə məlumat verilir, əllərin yuyulması, şəxsi gigiyena, təmiz qida və su istifadəsi, eləcə də tibbi maskalardan düzgün istifadə qaydaları izah olunur.

Həmçinin, yaşayış və ictimai məkanlarda sanitar-gigiyenik vəziyyət yaxşılaşdırılır: zibillərin vaxtında yığılması, içməli suyun təhlükəsizliyi, kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanması təmin edilir. Bütün bu tədbirlərdən sonra ocağın epidemioloji vəziyyəti qiymətləndirilir. Əgər yeni yoluxmalar qeydə alınmazsa, həmin məkan epidemioloji cəhətdən təhlükəsiz elan edilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada