Azərbaycanın Mərkəzi Asiya İttifaqına qoşulması milli maraqlarımıza tam cavab verir

Azərbaycanın Mərkəzi Asiya İttifaqına qoşulması milli maraqlarımıza tam cavab verir
09:47

2017-ci ildə Mərkəzi Asiya ölkələri bir araya gələrək vahid məkan və vahid maraqlar ətrafında birləşdilər. Ötən 8 il ərzində Mərkəzi Asiya dövlətləri böyük bir tarix yazmağı bacardılar. Hər şeydən əvvəl sovetlərin dağılması ilə yaranmış sərhəd və resurs problemlərini üçüncü tərəfin iştirakı olmadan, özləri masa arxasında həll etməyə nail oldular. Xucand deklarasiyasının imzalanması ilə illər öncə xəyal edilən sülh reallığa çevrildi. Beləliklə, 8 ildən sonra Mərkəzi Asiya Daşkənddə keçirilən sammitlə yeni bir mərhələyə qədəm qoydu.

Səkkiz il əvvəl Mərkəzi Asiya ölkələrinin məşvərət platforması kimi yaradılan bu format artıq Mərkəzi Asiya Birliyinə doğru addım atmış olur. Statistik göstəricilər də bu birliyin böyük iqtisadi potensiala malik olduğunu təsdiqləyir. Son 8 ildə Mərkəzi Asiya ölkələrinin ümumi ÜDM-i 520 mlrd dollara çatıb. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi 11 mlrd dollar səviyyəsinə yüksəlib. Regionun potensialı isə bundan daha genişdir.

Mərkəzi Asiya regionu 3 milyon 882 min kvadrat kilometr ərazini və 80 milyon əhalini əhatə edir. Dünyadakı uran ehtiyatlarının 20%-i, neft ehtiyatlarının 17,2%-i, qaz ehtiyatlarının isə 7%-i bu regionun payına düşür.

BMT-nin hesablamalarına görə Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir: burada əhalinin orta yaşı 28,7-dir. Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ilə doğru daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq.

Bütün bunlar Mərkəzi Asiyanı insan resursları baxımından digər regionlarla müqayisədə daha üstün edir. Bu resurs düzgün yönləndirilsə, regionun davamlı iqtisadi inkişafının əsasını təşkil edə bilər.

Qlobal geosiyasi proseslər fonunda görünən odur ki, Mərkəzi Asiya ölkələri artıq Avropa ilə Asiya arasında sadəcə tranzit məntəqə yox, özlüyündə regional aktor kimi çıxış etmək niyyətindədirlər.

Mərkəzi Asiyada yeni iqtisadi birliyin formalaşması Azərbaycan üçün də ciddi üstünlüklər yaradır. Ölkəmiz coğrafi baxımdan Avropada yerləşsə də, Asiyaya açılan əsas qapıdır. Bu gün Avropa–Asiya əməkdaşlığı yalnız Azərbaycan üzərindən səmərəli şəkildə həyata keçirilə bilər. Buna görə də Azərbaycanın tarixi və mədəni bağlara sahib olduğu Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi həm bizim, həm də regionun beş ölkəsinin milli maraqlarına tam uyğun gəlir.

Digər tərəfdən, Mərkəzi Asiyada, xüsusilə Qazaxıstan və Özbəkistanda iqtisadi inkişaf tempi sürətlidir. Təkcə Özbəkistanın illik iqtisadi artımı 6%-dir. Bu isə o deməkdir ki, Azərbaycan bu bazarda mövqelərini gücləndirməklə öz milli istehsalının ixracı üçün dayanıqlı və geniş bir bazar təmin etmiş olur.

Ermənistan–Azərbaycan sülh müqaviləsinin bağlanması və regional kommunikasiyaların açılması yaxın gələcəkdə Cənubi Qafqaz–Orta Asiya iqtisadi platformasının formalaşmasına şərait yaradacaq. Xüsusilə, Zəngəzur yolunun və ya Trump yolunun açılması Mərkəzi Asiyanın Avropa ilə yanaşı Yaxın Şərqə də daha sürətli çıxışını təmin edəcək. Hətta gözləmək olar ki, Mərkəzi Asiya İttifaqı Avropa İttifaqının modelindən bəhrələnərək şərti sərhəd prinsipini tətbiq edib qarşılıqlı ticarət və insan axınını maksimum dərəcədə sədələşdirsinlər. Bunun nəticəsində turizm və xidmət sektorlarında ciddi canlanma baş verə bilər.

Bu səbəbdən tam əminliklə demək olar ki, Azərbaycanın Mərkəzi Asiya İttifaqına qoşulması ölkəmizin orta və uzunmüddətli milli maraqlarına tam şəkildə cavab verir.

Aqil Məmmədov, politoloq


Sizin reklam burada
Sizin reklam burada