Payız və qış mövsümündə xəstəliklərə qarşı peyvənd və qorunma tövsiyələri

Payız və qış mövsümündə xəstəliklərə qarşı peyvənd və qorunma tövsiyələri
11:15

Mövsümi xəstəliklər əsasən ilin müəyyən dövrlərində – xüsusilə payız və qış aylarında – daha geniş yayılır.

News365.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” verilişində bildirib.

A.İsmayılova qeyd edib ki, bu xəstəliklər arasında soyuqdəymə, qrip, bronxit, su çiçəyi, allergiyalar və mədə-bağırsaq infeksiyaları daha çox rast gəlinir. Onun sözlərinə görə, mövsümi xəstəliklərdən qorunmanın ən effektiv yolu qripə qarşı hər il peyvənd olunmaqdır:

  • Qrip peyvəndi virusun tez dəyişməsi səbəbindən hər il təkrarlanmalıdır.

  • 6 aydan yuxarı bütün şəxslər üçün tövsiyə olunur, xüsusilə yaşlılar, hamilə qadınlar, xroniki xəstəlikləri olanlar və tibb işçiləri.

  • Peyvənd xəstəliyi tam qarşısını almaya bilər, amma ağırlaşma və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

  • Ən yaxşı peyvənd vaxtı payız, sentyabr-oktyabr aylarıdır.

Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilmiş “Sanofi Pasteur” Fransa istehsalı vaksinlər tam təhlükəsiz və yüksək keyfiyyətlidir. Peyvənd könüllülük əsasında həyata keçirilir və vətəndaşlar regionlarda rayon mərkəzi xəstəxanalarında, Bakı şəhərində isə ambulator-poliklinik müəssisələrdə ödənişsiz vurdura bilərlər.

A.İsmayılova həmçinin xatırladıb ki, mövsümi xəstəliklərdən qorunmaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, izdihamlı yerlərdə maska taxmaq, otaqların havasını tez-tez dəyişdirmək, düzgün qidalanmaq, kifayət qədər yatmaq və idmanla məşğul olmaq önəmlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada