Müasir orduların sürətlə texnologiyalaşması fonunda ən çox müzakirə olunan məsələlərdən biri də əsgərlikdə insan resursuna tələbatın azalmasına baxmayaraq, xidmət müddətinin niyə dəyişməməsi ilə bağlıdır. Pilotsuz uçuş aparatları, süni intellektlə idarə olunan sistemlər və rəqəmsal nəzarət vasitələri döyüş meydanında insan faktorunu minimuma endirsə də, bir çox ölkələrdə xidmət müddəti hələ də əvvəlki kimi qalır. Mütəxəssislər bildirir ki, bu proses yaxın illərdə Azərbaycan üçün də aktual müzakirə mövzularından birinə çevriləcək.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, müasir dövrdə texnologiyaların inkişafı ordularda insan resursuna olan ehtiyacı ciddi şəkildə azaldır.
Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr
Ekspertin sözlərinə görə, artıq XXI əsrdə yüksək texnologiyalar – pilotsuz uçuş aparatları, ağıllı müşahidə sistemləri, robotlaşdırılmış idarəetmə vasitələri, əvvəl 100 əsgərin görə biləcəyi işi 5-10 hərbçinin yerinə yetirməsinə imkan yaradır. Bu da orduda insan sayına tələbatı minimuma endirir.
Üzeyir Cəfərov qeyd edib ki, texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə hərbi xidmət müddətinin 1 il və ya 1 il yarım olmasına ehtiyac da azalır:
“Artıq bu mövzuda müzakirələr gedir. Hesab edirəm ki, Azərbaycanda da xidmət müddəti azaldılacaq. Qardaş Türkiyədə olduğu kimi, kim hərbini peşə kimi seçmək istəyirsə, müqaviləli əsaslarla xidmət edəcək, kim elm və təhsilə yönəlmək istəyirsə, o istiqamətdə davam edəcək. Vətən qarşısında borc isə daha qısa müddətli xidmətlə də yerinə yetirilə bilər”.
Ekspert bildirir ki, gələcəkdə orduların strukturu tamamilə dəyişəcək və ən müasir texnologiyalar tətbiq olunduqca xidmətə daha az sayda insan cəlb olunacaq:
“XXI əsr son nöqtə deyil. Gələcək ordu modeli sürətlə texnologiyalaşır və bu proses davam etdikcə insan resursuna olan ehtiyac daha da azalacaq”./// KONKRET