Yanvardan etibarən Azərbaycanda 4 günlük iş rejiminə keçid məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir sıra ölkələrində tətbiq edilən qısaldılmış iş həftəsi əmək məhsuldarlığının artırılması və işçi rifahının yaxşılaşdırılması baxımından müsbət nəticələr versə də, bu modelin Azərbaycanda tətbiqi ilə bağlı ciddi suallar qalmaqdadır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkənin hazırkı əmək bazarı strukturu 4 günlük iş rejiminə keçid üçün tam uyğun deyil:
“Azərbaycanda müqavilə ilə çalışanların yarısı dövlət sektorunda, o cümlədən təhsil, hüquq-mühafizə, məhkəmə və digər büdcə təşkilatlarında çalışır. Bu sahələrdə iş saatlarının qısaldılması həm fəaliyyətin dayanıqlığını, həm də xidmətlərin göstərilməsini çətinləşdirər”.
Ekspert qeyd edib ki, təhsil sistemində 200 mindən çox insanın çalışdığı bir mühitdə 4 günlük dərs rejiminin tətbiqi real görünmür:
“Eyni zamanda, bank sektoru, beynəlxalq pul köçürmələri və digər xidmət sahələri də qısaldılmış iş həftəsinə keçiddə ciddi maneələrlə üzləşəcək. Özəl sektorda isə bu model maaşların azaldılması və işçi bölgüsünün dəyişməsi kimi risklər yarada bilər”.
Natiq Cəfərlinin fikrincə, beynəlxalq təcrübə hər nə qədər uğurlu nümunələr göstərsə də, Azərbaycanın iqtisadi reallığı hələlik bu modelə keçid üçün yetərli deyil. Bu səbəbdən yaxın dövrdə , o cümlədən yanvardan – 4 günlük iş rejiminin tətbiq olunacağı real görünmür. /// KONKRET.az