İsrail Yaxın Şərqdə bircə gün də olsun sabitlik istəmir- Tural İrfan yazır

İsrail Yaxın Şərqdə bircə gün də olsun sabitlik istəmir- Tural İrfan yazır
09:51
Son məlumatlara görə Suriyada İŞİD qruplaşmalarını İsrail aktivləşdirib, bir neçə terror aktı törədilib. Baş vermiş hadisələrdə həlak olanlar arasında Seyyidə Zeynəb məscidinin imam - cüməsi də var. Suriya hökumətinin üzərinə böyük yük düşür. YPG, PKK birlikləri ilə hələ tam anlaşma əldə edilməyib, Druz və Ələvilər isə İsrailə satılmaq üçün fürsət gözləyir. Həmçinin keçmiş rejim yanlıları və gizli irançı qruplar dövləti dağıtmaq üçün fürsət axtarırlar. Suriyada yenidən vəziyyəti qarışdırmaqda maraqlı olan İran və İsrail cütlüyü Yaxın Şərqdə axan qanın durmasını əngəlləyirlər.
Bəzən bir tədbirdə, iclasda hansının haqlı, hansının haqsız olmasından asılı olmayaraq iki nəfərin savaşması bütün məclisin ahəngini pozur, gedişinə mane olur. İsraillə İranın Yaxın Şərqdə yaratmış olduğu çaxnaşma da belədir. Bütün regiona sıçrayıb ətrafa yayılır, bütün dünyaya öz mənfi təsirini göstərir.
İŞİD terror təşkilatının yaranması birbaşa ABŞ və İsrailin adı ilə bağlıdır. İsrail əvvəlcə Druzları ayaqlandırdı, hakimiyyət onları müəyyən qədər yatızdıra bildi. Sonra ABŞ PYD, YPG birliklərinin hərəkətə gətirdi, onlarla da Türkiyənin dəstəyi ilə müəyyən anlaşma əldə olundu. Sonra Xameneinin çağırışı ilə İran Ələviləri üsyana qaldırdı. Onların da qarşısı alındı. Beləcə İsrail və İranın əlacı kəsilib İŞİD-i aktivləşdirdilər. Şübhəsiz ki, yenə də qarşısı alınacaq. Lakin Yaxın Şərqi hələ bəşər tarixində görünməmiş uzunmüddətli və qanlı müharibə gözləyir. Bunu həm elə həmin coğrafiyadan çıxmış səmavi dinlərin mətnləri də, siyasi təhlillər də göstərir. İsrail İordaniya, Misir, Suriya, Livan, Fələstinin bütünü və İraqın bir hissəsini işğal etməmiş rəsmi sərhədlərini müəyyən etməyəcək. Hətta Türkiyənin də bir hissəsinə iddialıdır. İsraili də susdurmaq elə də asan deyil. Öz məqsədlərindən də əsla əl çəkməsi mümkünsüzdür. Çünki dövlətin quruluş ideyası birbaşa "vəd edilmiş torpaqlar"ı əldə edib "Böyük İsrail" qurmağı hədəfləyib. Müdafiə naziri artıq Qüdsdə müsəlmanların ilk qibləsi müqəddəs Əqsa məscidinin qarşısında yaxın ətrafı ilə İsrail bayrağı açıb ərazini ilhaq etdiklərini bəyan etdi. Hissə - hissə, addım - addım işğal və ilhaq davam edir.
Heç şübhə yoxdur ki, Əqsa məscidi və digər qeyd olunan ölkələr işğal olunduqdan sonra son hədəf Səudiyyə Ərəbistanı və Məkkə, Mədinə olacaq. Bütün bu proqram onu göstərir ki, hələ daha qanlı müharibələr qarşıdadır. İsrail eyni zamanda bir neçə cəbhə açmamaq üçün hələ idarə etdiyi qruplaşmalar, təşkilatlar, İŞİD kimi təsir vasitələri ilə hədəfindəki ölkələrə qarşı iradə nümayiş etdirir. Lakin qarşıdakı illərdə əsas hədəfə doğru topyekun müharibə də elan edə bilər. Hazırda Türkiyə bu mənfur məqsədin qarşınında duran ən güclü maneədir. Ona görə İsrail Türkiyəyə qarşı hər zaman qəzəblidir.
İsrail Yaxın Şərqdə bircə gün də olsun sabitlik, sülh olmasına əsla imkan verməyəcək. Daha amansız, daha qanlı müharibələr qarşıdadır. Hətta bu müharibənin din müstəvisinə keçəcəyi ehtimalı da böyükdür.
Tural İrfan, MCP sədrinin müavini, politoloq

Sizin reklam burada
Sizin reklam burada