Cənubi Qafqazda geosiyasi tarazlıqlar sürətlə dəyişir. İranın xüsusilə TRIPP marşrutu fonunda Ermənistana qarşı hədə və təhdid dilindən istifadə etməsi regional perspektiv üçün tamamilə yeni reallıqların xəbərçisidir.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən analitik Aqşin Kərimov regiondakı son gizli gedişləri və Tehranın strategiyasını təhlil edib.
Ekspert qeyd edib ki, Tehran özünü ABŞ-İsrail müttəfiqliyi ilə qarşıdurmadan qalib çıxmış tərəf kimi görür və bu motivasiya ilə geosiyasi tənlikləri öz xeyrinə dəyişməyə çalışır:
"Burada ən maraqlı tendensiya İranın artıq Azərbaycana qarşı deyil, özünə müttəfiq hesab etdiyi Ermənistanın üzərinə getməsidir. Bu durum uzun zamandır proqnozlaşdırdığımız bir reallığı təsdiqləyir: Bakı ilə Tehran indi İrəvanı qazanmaq uğrunda mübarizə aparır. Azərbaycanın regiondakı geosiyasi mənfəəti artdıqca, Tehran təzyiq rıçaqlarını İrəvana doğru strukturlaşdırır".
Aqşin Kərimov Tehranın İrəvanı hədəf seçməsinin arxasında dayanan 3 fundamental səbəbi belə izah edib:
Pərdəarxası idarəetmə: Azərbaycan hazırda Ermənistanın xarici siyasətini müəyyən edən həm açıq, həm də pərdəarxası əsas oyunçudur. Bu amil Ermənistan daxilindəki siyasi qüvvələr nisbətinə də birbaşa Bakının xeyrinə təsir edir.
Qərbə inteqrasiya və iqtisadi fürsətlər: Ermənistanın Rusiyadan uzaqlaşaraq Avroatlantik kurs seçməsi Azərbaycan üçün unikal imkanlar yaradır. Bakı ilə İrəvan arasında son zamanlar baş tutan bəzi xoşməramlı iqtisadi əməliyyatlar göstərir ki, Azərbaycan artıq Rusiya və İranın Ermənistandakı nüfuz sərhədlərinin daxilinə sızır. TRIPP marşrutu isə bu prosesi daha da asanlaşdırır.
Paşinyanın mövqeyi və regional fayda: Nikol Paşinyanın daxili siyasi mövqeyinin möhkəmlənməsi Bakı ilə sülh gündəliyini sürətləndirir. Eyni zamanda, İrəvan artıq Azərbaycan-Türkiyə ittifaqının, eləcə də Bakının ABŞ, Böyük Britaniya və Çin ilə əməkdaşlığının özü üçün verə biləcəyi faydaları hesablamağa başlayıb.
Analitik vurğulayıb ki, yaranmış yeni vəziyyət Rusiya və İran üçün mürəkkəb situasiya vəd edir. Hətta bu məsələdə Moskva ilə Tehranın maraqları üst-üstə düşmür:
"İranın hərbi-siyasi elitası TRIPP marşrutu ilə bağlı Rusiya ilə fikir ayrılıqlarını artıq açıq mətnlə ifadə edib. Regionda daha güclü rəqiblərlə qarşıdurmanı idarə etmək istəyən Tehran alternativ olaraq anti-Ermənistan strategiyası hazırlayıb. Bu isə ən zəif həlqənin — Ermənistanın sıxışdırılması taktikasına söykənir".
Aqşin Kərimovun fikrincə, İranın bu gedişləri Cənubi Qafqazda sabitlik yaratmaq əvəzinə, geosiyasi qarşıdurmanı yeni mərhələyə daşıya bilər. Lakin uzunmüddətli perspektivdə Tehranın Bakı ilə əməkdaşlığa məhkum olduğu qaçılmazdır:
"Çünki Azərbaycan Cənubi Qafqazdakı prosesləri sırf öz şərtləri ilə prioritetləşdirmək gücünə sahibdir. Bu strateji rıçaq Bakıya bölgədəki təsir dairəsini və imtiyazlarını tam qorumağa, həmçinin prosesləri daha irəliyə aparmağa imkan verir".