"Əbəlfəz" yox, Əbul - Fadl. Özü də məscidlərdə şüarları, şəxsiyyətə pərəstiş xitablarını, istimdad kəlimələrini parçaların üstünə ərəbcə, farsca yox, Azərbaycan dilində və latın əlifbasında yazmaq lazımdır. Dinin tələbi də budur. Çünki orada nə yazıldığını camaat oxuya bilməli, anlamalıdır. Əgər o yazılar əhali üçündürsə, əhalinin böyük əksəriyyəti o əlifbanı oxuya bilmir. Yox o əlifbanın rəsmi olduğu xarici dövlət üçündürsə bu, da qanunlarımıza ziddir.
Əvvəla, belə şüarlar, yazılar, bayraqlar, parçalar olmalıdırmı? Təbii ki, bununla bağlı Quranda və Peyğəmbər buyuruqlarında heç bir dəlil yoxdur. Peyğəmbərin əmisi Həmzə və əmisi oğlu Cəfər şəhid olanda qara bayraqlar və "ya Həmzə", "ya Cəfər" yazılmış parçaları məscidlərə axmaqlarına və ümumiyyətlə belə bir ənənənin mövcudluğuna dair heç bir dəlil yoxdur. Yalnız savaşlarda tərəflər bir-birini tanımaları üçün müxtəlif rəngli döyüş bayraqlarından istifadə edilib. Matəm isə savaş deyil... Buna baxmayaraq müəyyən səbəblərdən dinin əksinə olaraq belə şüarlar yazılmış əşyalardan istifadə olunur. Əgər matəmin ahənginə uyğun nəsə yazılmalıdırsa bu, Azərbaycan dilində İmam Hüseyn və Əhli Beyt haqqında mötəbər hədislər ola bilər.
Ölkənin özünə aid toplantılarda çıxışlar, şüarlar, mətnlər həmin xalqın dilində olur. Bizim məscidlərdəki toplantılar bəyəm hansısa xarici ölkəyə dəstək üçün yaxud ərəb-farslara dəstək məqsədi ilə keçirilir ki, şüarlar, parçalar, xitablar farsların 14-cü əsrdən istifadə etdiyi "Nəstəliq" xətti ilə yazılır? Hansı mesajlar ötürülür bununla?
İmam Hüseyn bəyəm farsındır? Həzrət Əbul Fadl farsındır? Yaxud bu matəm mərasimləri yalnız fars əlifbası istifadə edənlər üçün keçirilir?
Din xadimləri, ilahiyyatçılar, məscidlər mahiyyəti üzrə milliləşməlidir. Daha bəsdir xarici maraqlara qulluq etdilər, camaatın dini bilgisinin məhdud olmasından sui-istifadə edib boşluqları xəyanətlə doldurdular.
Təkcə sözlər, kəlimələr, dualar deyil, ümumiyyətlə bütün mahiyyət milliləşməlidir.