Aşura gününün fəlsəfəsi və bizlərə təlqin edilən yanlışlıqlar

Aşura gününün fəlsəfəsi və bizlərə təlqin edilən yanlışlıqlar
13:18

Mən uşaq olanda kəndimizdə Miriş adlı bir kişi vardı. Fiziki cəhətdən qüsurlu olan Miriş kişi yeriməkdə çox çətinlik çəkirdi. Bununla belə, kəndin bütün uşaqları onun adı gələndə gislənməyə yer axtarırdılar. Yolda-rizdə Miriş kişi ilə rastlaşan uşaqların bəzi diribaşları qaçıb özünü kol-kosa vururdu, cəsarətsizləriysə yerə oturub hönkür-hönkür ağlayırdı.

Uşaqları Miriş kişidən qaçırdan səbəb nə idi?

Əslində Miriş kişi çox mülayim, sakit, öz halında bir adam idi. Heç kimlə də işi olmazdı. Amma uşaqların ondan qorxmasının tək səbəbi Aşura günündəki həyata keçirdiyi ritual idi.

Belə ki, biz uşaq olanda Aşura günü bütün oğlan uşaqlarının alnından qan çıxardırdılar. Bu işi də Miriş kişi icra edirdi. Valideynlərin sürüyə-sürüyə Miriş kişinin qarşısına gətirdiyi uşaqların alnını Miriş kişi almazla, ülgüclə çərtirdi və qan çıxardırdı. Bu qançıxartmadan qorxub, bayılan o qədər uşaq görmüşəm ki,..

Və o zaman böyüklərimiz deyirdi ki, İmam yolunda qan çıxardan uşaqlar böyüyəndə xəstələnmir, xəta-bəladan uzaq olur.

Təbii ki, bu bir xurafat idi. Amma insanlar bu xurafata inanmaqla yanaşı Əhli Beytə təmənnasız aşiq idilər.

Yəni əməlləri batil idisə də, niyyətləri baki idi.

O zamandan 50 il keçsə də o günlərdən qəlbimdə acı xatirələr və bir də alnımdakı çoxsaylı çapıq izləri qalıb.

Bu gün nə yaxşı valideynlər uşaqlarını buna zorlamırlar. Amma uşaqlarımız hələ də xurafatın cəngindən qurtulmayıb. Bəzi valideynlər hələ də övladlarını bəzi xoşagəlməz hallara təşviq edirlər. Hələ də Aşura günündə sinə vuranlar, ələm gəzdirənlər, şəbeh çıxardanlar var.Və belələri Kərbəla müsibətinin əsl fəlsəfəsində və hikmətindən çox-çox uzaqdırlar.

Kərbəla hadisələrinin səbəbi nə idi?

Məlumdur ki, o zaman Müaviyyənin oğlu Yezid Kufədə oturub xəlifəlik edirdi. Halbuki o bu vəzifəyə seçilməmişdə, sadəcə zor yoluyla xəlifəliyi zəbt etmişdi.Nəzərə alaq ki, Quranın "Şura" surəsinə və Peyğəmbər ənənəsinə görə İslamda rəhbərlik seçki yoluyladır.

Bununla belə Yezid özünün yaxınları və atası Müaviyyənin tərəfdarlarının dəstəyi ilə xilafətin rəhbərliyini ələ keçirmişdi. Üstəlik xilafəti çox pis idarə edirdi. Günü əyyaşlıqla keçən Yezid xilafətin büdcəsinə şəxsi maraqları və ailəsi üçün çapıb talayırdı. Bu azmış kimi Yezidin bir sıra müşavirləri vardı ki, onlar müsəlman deyildilər. İbn Sərcun və oğlu Yuhanna Diməşqini buna misal göstərmək olar. Yuhanna sonra İslama rəddiyə də yazmışdı. Yəni, bu şəxslər əslində Sasani və Roma imperiyalarının ideologiyasına, siyasətinə vaqif olan təcrübəli kadrlar idi və onların hədəfi İslamı əvvəlcə zəiflətmək, daha sonra isə məhv etmək idi.

Təsadüfi deyildi  ki, çılğın və təcrübəsiz Yeziddən faydalanaraq həmin şəxslər ona qeyri-islami qərarlar verməyə məcbur edirdilər.

Artan özbaşnalıq və narazılıq fonunda xalqın ümid yeri Peyğəmbər nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn idi.

O zaman demək olar ki, hər gün Kufə əhlində İmam Hüseynə məktublar gəlirdi. Hətta gizli şəkildə onunla görüşə gələnlər də vardı. Onlar İmam Hüseynə təkidlə xahiş edirdilər ki, Küfəyə gəlsin və Yezidin özbaşnalığına son qoysun.

Nəhayət uzun müzakirələrdən sonra İmam Hüseyn öz ailə üzvləri və yaxınları ilə Küfəyə üz tutur. Ancaq Yezidin silahlı dəstələri miladi tarixi ilə 680-ci ilin  oktyabr yaının 1-də, hicri-qəməri tarixi ilə isə  61-ci ilin Məhərrəm ayının 1-də İraqın Kərbəla adlanan susuz səhrasında İmam Hüseynin və tərəfdarlarının qarşısını kəsir. Onlardan geri dönmək tələb olunur. Lakin İmam Hüseyn heç bir təhdid və təzyiqdən qorxmayaraq Küfə əhlinin, bütövlükdə isə İslam aləmin çağırışına əsasən  Kufəyə gedəcəyini və İslama ləkə olan bu hakimiyyətə son verəcəyini söyləyir.

Təbii ki, bu qarşıdurmada İmam Hüseyn hərbi cəhətdən tamamilə gücsüz vəziyyətdə idi. Lakin İslam dəyərlərinə sadiqliyi və xalqına olan sonsuz sevgisi Peyğəmbər nəvəsini qətiyyətindən döndərmədi. Bu mahiyyətcə haqsıslığa, ədalətsizliyə və İslama edilən təcavüzlərə qarşı dinc üsyan idi. Və İmam Hüseyn öləcəyini bilsə də geri dönmədi və Yezidin çoxminli qoşunun üzərinə yeridi. Çünki o yaxşı bilirdi ki, onun şəhadəti İslamı birləşdirəcək və ayaqda saxlayacaq.

Həqiqətən də belə oldu.

Məhərrəm  ayının 10-cu günündə qeyri-bərabər savaşda İmam Hüseyn və onun ailə üzvləri, övladları və yaxınları şəhid oldu. Amma hadisədən az sonra İslam dünyasındakı bütün sağlam qüvvələr və Əhli Beydt aşiqləri ayağa qalxdı və Yezidin özbaşnalığına son verid.

Beləcə Kərbəla müsibəti dünya tarixinə siyasi mübarizənin yeni bir səhifəsi kimi yazıldı. İslam dəyərləri və müqəddəs amal üçün şəhid olmaqla İmam Hüseyn və onun tərəfdarları təkcə İslam dinini təcavüzdən və məhv olmaqdan xilas etmədi, həm də müqəddəs ideyalar üçün şəhid olmağın və yeni mübarizə yolunu bütün bəşəriyyətə göstərdi.

Ona görə də Kərbəla hadisələri hakimiyyət uğrunda mübarizənin fövqündə dayanır. İmam Hüseyn hakimiyyət üçün yox, müqəddəs dəyərlər və ədalət üçün şəhid oldu.

Məhz bu səbəbdən də bütün İslam aləmi 1300 ildən artıqdır ki, bu hadisəni hər il böyük ehtiramla yad edir.

Azərbaycanda isə Aşura günü son illərdə tam yeni, amma İslam dəyərlərinə uyğun qeyd edilir. Minlərlə insan Aşura günündə  həvəslə qanvermə aksiyasına qoşulurlar. Beləcə də qan verməklə can qurtarırlar. Bax İslamın da fəlsəfəsi budur.

S. Cəfərli


Sizin reklam burada
Sizin reklam burada