Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə
malik bayramlardan biri olan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri
Günüdür. Bu əlamətdar gün Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin
və ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynayan milli ordumuzun
yaranmasını və inkişafını ifadə edir. Bu gün Azərbaycan Silahlı Qüvvələri
regionun ən güclü ordularından biri hesab olunur və əldə olunan bütün uğurların
təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası
dayanır.
Azərbaycan
milli ordusunun formalaşması prosesi mürəkkəb və məsuliyyətli mərhələlərdən
keçmişdir. Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini
düşünərək milli hərbi kadrların hazırlanmasını prioritet məsələlərdən biri kimi
müəyyən etmişdi. O dövrdə SSRİ-də hərbi təhsil almaq və yüksək rütbəli zabit
olmaq azərbaycanlı gənclər üçün kifayət qədər çətin idi. Lakin Heydər Əliyevin
uzaqgörən siyasəti nəticəsində bu sahədə mühüm dönüş yarandı.
1971-ci
ildə Ulu Öndər böyük səylər və qətiyyət nümayiş etdirərək Azərbaycanda hərbi
kadrlar hazırlayan xüsusi təhsil müəssisəsinin yaradılmasına nail oldu. Görkəmli
hərbi xadim Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması milli
hərbi kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı. Bu təhsil ocağı
yüzlərlə gəncin hərb sənətinə marağını artırdı, onların vətənpərvərlik ruhunda
yetişməsinə və peşəkar zabit kimi formalaşmasına şərait yaratdı.
Cəmşid
Naxçıvanski adına hərbi liseyin fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Məzunların
bir çoxu sonradan Azərbaycanın Silahlı Qüvvələrində yüksək vəzifələrdə xidmət
göstərdi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfələr
verdi. Bu məktəb milli zabit korpusunun əsas təməl daşlarından biri hesab
olunur. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbində və Bakı Ali Hərbi Dənizçilik Məktəbində təhsil alması
üçün geniş imkanlar yaradıldı. Bununla yanaşı, SSRİ-nin müxtəlif nüfuzlu hərbi
akademiyalarına və ali hərbi məktəblərinə azərbaycanlı gənclərin güzəştli şərtlərlə
qəbul olunması təmin edildi. Nəticədə minlərlə azərbaycanlı peşəkar hərbi təhsil
aldı və gələcək müstəqil Azərbaycanın ordusu üçün etibarlı kadr bazası
formalaşdı.
1991-ci
ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə ciddi təhlükələrlə
üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhran və nizami ordunun
olmaması dövlətin təhlükəsizliyi üçün böyük risk yaradırdı. Məhz belə mürəkkəb
bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ordu
quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etdi. Heydər
Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı,
nizami hərbi hissələrin formalaşdırılması sürətləndirildi, hərbi intizam gücləndirildi
və orduda peşəkarlığın artırılması istiqamətində mühüm addımlar atıldı. Ordunun
maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi təhsilin inkişafı və beynəlxalq
hərbi əməkdaşlığın genişləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsinə
çevrildi.
1998-ci
il mayın 22-də Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Xalq
Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı əsas götürülərək 26 İyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar milli hərbi ənənələrin
yaşadılması və ordunun cəmiyyət həyatındakı rolunun daha da möhkəmləndirilməsi
baxımından böyük əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan
Ordusunun missiyasını və dövlətimizin müdafiə siyasətinin mahiyyətini hər zaman
aydın şəkildə ifadə etmişdir. Onun fikrincə, güclü ordu heç də işğalçılıq məqsədlərinə
xidmət etməməli, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın təhlükəsizliyinin
təminatçısı olmalıdır. Ulu Öndər deyirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz
hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox.
Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz
torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin
toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan
ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir.
Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü
ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.” Bu dərin məzmunlu
fikirlər Azərbaycan dövlətinin müdafiə strategiyasının əsas prinsiplərini əks
etdirir və bu gün də ölkəmizin hərbi siyasətinin ideoloji əsasını təşkil edir.
Bu
gün Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Son illərdə Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz
olunmuş, peşəkar hazırlıq səviyyəsini daha da yüksəltmişdir. Xüsusilə 2020-ci
ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə Azərbaycan Ordusunun gücünü və
peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər həm də Heydər Əliyev
siyasi kursunun uğurlu nəticəsi kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə
Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordunun
maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və hərbi texnika ilə təchiz
olunması, peşəkar kadr hazırlığının təkmilləşdirilməsi və hərbi sənayenin
inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Prezident İlham
Əliyev Azərbaycan Ordusunun gücünü və potensialını belə xarakterizə etmişdir:
“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.
Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər,
ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və
idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə
aparılan siyasətin tərkib hissəsidir.” Bu fikirlər Azərbaycan dövlətinin ordu
quruculuğuna göstərdiyi diqqətin və həyata keçirilən ardıcıl siyasətin məntiqi
nəticəsi kimi ordumuzun əldə etdiyi uğurları aydın şəkildə əks etdirir.
Azərbaycan Silahlı Qüvvələri bu gün ölkənin
müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır.
Ordumuzun əldə etdiyi nailiyyətlər xalqımızda qürur hissi yaradır və gənc nəslin
vətənpərvərlik ruhunda formalaşmasına mühüm təsir göstərir. 26 İyun – Silahlı
Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteran hərbçiləri
və bu şərəfli peşəyə ömürlərini həsr etmiş insanları ürəkdən təbrik edir, dövlətimizin
təhlükəsizliyi və xalqımızın firavanlığı naminə fəaliyyətlərində yeni uğurlar
arzulayırıq. Güclü ordu – güclü dövlət deməkdir və Azərbaycan Ordusu bu gün həmin
gücün ən parlaq təcəssümüdür.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi