Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail–Livan xəttində baş verən hadisələr və ABŞ–İran münasibətlərindəki son proseslər yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Politoloq Elşad Həsənov hesab edir ki, bölgədə əldə olunan razılaşmalar tam işlək vəziyyətə gəlmədiyi üçün Vaşinqton yeni siyasi danışıqlara ehtiyac duyur.

Politoloq News365.az-a açıqlamasında bildirib ki, əldə olunan razılaşmaların əsas şərtləri yerinə yetirilmədiyindən proseslər hələ də qeyri-müəyyən olaraq qalır:
“Razılaşmalar hələlik nəticə vermir. Çünki razılaşmanın birinci maddəsi yerinə yetirilmədi. İsrail tərəfi bu bəndi pozdu. ABŞ müəyyən təzyiqlər göstərsə də, tam nəticə əldə edə bilmədi”.
Ekspertin sözlərinə görə, razılaşmada həm müharibənin dayandırılması, həm də Livanın suverenliyinin bərpası nəzərdə tutulsa da, İsrail qüvvələri hələ də Livanın cənubundan çıxmayıb:
“Birinci maddədə göstərilirdi ki, hərbi əməliyyatlar dayandırılır və Livanın suverenliyi bərpa olunur. Ancaq Netanyahu hakimiyyəti Livandan çıxmaq istəmədi və qüvvələr hələ də oradadır. İsrail rəsmiləri açıq şəkildə bildiriblər ki, onlar ABŞ-ın təsiri altında deyillər və qərarlarını müstəqil şəkildə verirlər. Hazırda da Livanın müəyyən ərazilərinə zərbələr endirilir”.
Elşad Həsənov bildirib ki, bölgədə digər təhlükəli məqamlardan biri də Hörmüz boğazı ətrafında yaşanan gərginlikdir:
“Biz görürük ki, Hörmüz boğazı ilə bağlı vəziyyət yenidən gərginləşib. İran tərəfindən bölgədən keçən gəmiyə atəş açıldığı bildirilir, ABŞ isə cavab olaraq İranın müəyyən mövqelərinə zərbələr endirib”.
Politoloq hesab edir ki, ABŞ Prezidenti Donald Trump qarşıdakı siyasi prosesləri nəzərə alaraq İranla danışıqlarda irəliləyiş əldə etməyə çalışır:
“İmzalanan razılaşma çox çətin əldə olunub və faktiki olaraq ciddi nəticə verməyib. Buna görə də Tramp siyasi danışıqları davam etdirmək məcburiyyətindədir. ABŞ-da qarşıdan aralıq seçkilər gəlir və artıq buna hazırlıq gedir. Vaşinqton İranla münasibətləri müəyyən çərçivəyə salmaq, xüsusilə nüvə məsələsini həll etmək istəyir”.