Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik və qarşılıqlı təzyiq iddiaları yenidən gündəmə gəlib.
Politoloq Murad Sadəddin hesab edir ki, Rusiyanın Ermənistan üzərində təsir imkanları əvvəlki illərlə müqayisədə zəifləsə də, Moskvanın İrəvana qarşı hələ də ciddi təzyiq rıçaqları qalmaqdadır.

O, News365.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfi Ermənistan rəhbərliyinə müxtəlif media vasitələri üzərindən mesajlar göndərərək müəyyən qərarların açıqlanmasına mane olmağa çalışır:
“Əvvəllər də Rusiyanın maraqlarına xidmət edən fikirlər səsləndirilirdi. İndi isə açıq görünür ki, məhz həmin səfər ərəfəsində müxtəlif qəzet və media qurumları vasitəsilə Ermənistan rəhbərliyinə təzyiq edilir. Məqsəd hansısa ciddi danışıqların nəticəsində qəbul olunan qərarların elan olunmasının qarşısını almaqdır. Eyni zamanda mesaj verilir ki, əvvəlki dövrlərdə olduğu kimi fermerlər və sahibkarlar yenidən problemlərlə üzləşə bilərlər”.
Politoloqun sözlərinə görə, Avropa Komissiyası artıq Rusiyanın mümkün iqtisadi təzyiqlərinə qarşı dəstək mexanizmlərinin mövcud olduğunu açıqlayıb:
“Avropa Komissiyası bəyan edib ki, Rusiyanın embarqoları nəticəsində zərər görən tərəflərlə bağlı xüsusi mexanizmlər var və maliyyə yardımı göstərilə bilər. Çox güman ki, bu məsələ ətrafında əlavə müzakirələr də aparılacaq”.
Murad Sadəddin qeyd edib ki, Rusiyanın özü də hazırda ciddi iqtisadi problemlərlə üzləşir və bu, onun təzyiq imkanlarını məhdudlaşdırır:
“Rusiyanın əvvəlki dövrdə olduğu kimi geniş təzyiq imkanları yoxdur. Ölkənin özündə yanacaq və benzinlə bağlı ciddi problemlər müşahidə olunur. Qazın qiymətinin artırılması məsələsinə gəldikdə isə düşünmürəm ki, bu birtərəfli proses olsun. Əgər Rusiya qiymətləri qaldırarsa, Ermənistanın da cavab addımları atmaq imkanı var”.
Politoloq bildirib ki, Ermənistan Rusiyaya məxsus enerji infrastrukturuna qarşı da müəyyən qərarlar verə bilər:
“Ermənistanda qazpaylayıcı şəbəkə Rusiyaya məxsusdur. Bu günə qədər onun milliləşdirilməməsinin əsas səbəblərindən biri qazın münasib qiymətə alınmasıdır. Əgər Rusiya qiymətləri artırsa, Ermənistan üçün həmin şəbəkənin Rusiyanın nəzarətində qalması maraqlı olmayacaq. O zaman alternativ variantlar – Azərbaycan, İran və ya digər mənbələrdən qaz alınması gündəmə gələ bilər”.
Bununla yanaşı, Murad Sadəddin vurğulayıb ki, Moskvanın təhlükəsizlik, nəqliyyat və enerji sahələrində təsir imkanları hələ də qalmaqdadır:
“Rusiyanın yalnız iqtisadi kartdan istifadə etdiyini düşünmək düzgün olmaz. 102-ci hərbi baza, dəmir yolları və digər strateji istiqamətlər hələ də Moskvanın təsir vasitələridir. Məsələn, Nikol Paşinyan indiyədək dəmir yollarının milliləşdirilməsi ilə bağlı addım ata bilməyib. Görünür ki, bu, qısa müddətdə həyata keçiriləcək qərar deyil”.
Politoloq əlavə edib ki, hazırda bölgədə gedən proseslər və qarşıdakı görüşlər zamanı müxtəlif məsələlərin müzakirə olunacağı gözlənilir:
“Əgər səfərlə bağlı danışırıqsa, orada bir çox məqamların müzakirəsi mümkündür. Eyni zamanda görüşlərin sonunda müəyyən bəyanatın qəbul ediləcəyi də istisna olunmur”.