NATO Baş katibi Mark Ruttenin son açıqlamaları alyans daxilində Rusiyaya qarşı mövqenin və Ukraynaya dəstək məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Politoloq Rəşad Bayramov NATO Baş katibi Mark Ruttenin son açıqlamalarını şərh edib.
O, News365.az-a açıqlamasında bildirib ki, Ruttenin səsləndirdiyi fikirlər iki əsas mesajı özündə ehtiva edir.

Politoloqun sözlərinə görə, birinci mesaj NATO ölkələrinə, xüsusilə Avropa dövlətlərinə ünvanlanıb və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini ön plana çıxarır:
“Bu bəyanatlar ilk dəfə deyil səsləndirilir və Ruttenin yenidən eyni mövqeni ifadə etməsi iki istiqamətdə mesaj verir. Bunlardan biri NATO ölkələrinin, xüsusilə də Avropadakı müttəfiqlərin Ukraynaya dəstəyi davam etdirməsinin vacibliyidir. Məntiq ondan ibarətdir ki, əgər bu gün Rusiya təhdid hesab olunursa və Ukrayna onun qarşısında dayanırsa, Kiyevə maksimum dəstək göstərilməlidir”.
R.Bayramov qeyd edib ki, ikinci mesaj isə ABŞ-a ünvanlanıb və Vaşinqtonun narahatlıqlarının nəzərə alındığını göstərməyə hesablanıb:
“Burada ABŞ-a xoş görünmək və onun mövqeyini nəzərə almaq elementləri də var. Yəni mesaj ondan ibarətdir ki, biz sizin narahatlıqlarınızı başa düşürük, amma hazırkı mərhələdə əsas təhlükə Rusiyadır. Əvvəlcə Rusiya məsələsini həll etmək lazımdır, daha sonra digər istiqamətlərdə addımlar müzakirə oluna bilər”.
Politoloq hesab edir ki, NATO-nun Rusiya ilə bağlı narahatlığını bu mərhələdə şişirtmək düzgün deyil:
“Dörd ildən artıq davam edən müharibə göstərdi ki, Rusiya hərbi baxımdan istədiyi nəticələri əldə edə bilməyib. NATO üzvü olmayan və böyük ölçüdə təkbaşına mübarizə aparan Ukrayna qarşısında məqsədlərinə çata bilməyən Rusiyanın hazırda hansısa NATO ölkəsinə qarşı addım atacağını düşünmək çətindir”.