Rusiya-Ukrayna müharibəsi davam etdikcə döyüş əməliyyatlarının coğrafiyası və təsirləri də genişlənir. Lakin hərbi qarşıdurmaların ən fundamental prinsiplərindən biri mülki şəxslərin və mülki obyektlərin qorunmasıdır. Son günlər Azov dənizində baş verən və Azərbaycan vətəndaşlarının çalışdığı iki mülki yük gəmisinin hədəfə alınması isə bu prinsipin ciddi şəkildə pozulduğu barədə suallar doğurur. Hadisə təkcə insan itkisi baxımından deyil, həm də Azərbaycanın Ukraynaya münasibətdə illərdir nümayiş etdirdiyi mövqenin fonunda ayrıca qiymətləndirilməlidir.
News365.az xəbər verir ki, Azov dənizinin Taqanroq körfəzində baş vermiş hücum nəticəsində Azərbaycan vətəndaşlarının çalışdığı "Natra" və "Zircon" adlı yük gəmiləri pilotsuz uçuş aparatlarının zərbəsinə məruz qalıb. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi ("Madyar") məlumatı təstiqləyib.Hadisənin ən ağır nəticəsi dörd azərbaycanlı dənizçinin həyatını itirməsi olub. Bundan başqa, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hər iki gəminin heyətində ümumilikdə 25 azərbaycanlı dənizçi xidmət göstərirdi.
Məsələnin ən diqqətçəkən tərəfi isə zərbəyə məruz qalan gəmilərin xarakteridir. Söhbət hərbi təyinatlı və ya döyüş əməliyyatlarında iştirak edən vasitələrdən getmir. "Natra" və "Zircon" adi kommersiya fəaliyyətini həyata keçirən mülki ticarət gəmiləri idi. Bu gəmilər silah, sursat və ya hərbi məqsədlər üçün istifadə olunan məhsullar daşımırdı. Onların yükü tamamilə mülki xarakter daşıyırdı və taxıl nəqli ilə məşğul olurdular.
Azərbaycanın mövqeyindən baxdıqda bu hadisə daha da ağrılı görünür. Çünki Bakı müharibənin ilk günlərindən etibarən Ukraynaya münasibətdə biganə qalmayıb . Əksinə, Azərbaycan müxtəlif istiqamətlərdə Kiyevə dəstək göstərən ölkələr sırasında olub. Humanitar yardımların göndərilməsi, mülki əhalinin ehtiyaclarının qarşılanmasına yönəlmiş təşəbbüslər və siyasi səviyyədə nümayiş etdirilən dəstək bunun nümunələridir. Azərbaycan bütün proses boyu beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşdığını nümayiş etdirib.
Məhz buna görə də Azov dənizində baş verən hadisə təəccüb doğurur. Humanitar və siyasi dəstək göstərən bir ölkənin vətəndaşlarının çalışdığı mülki gəmilərin hədəfə alınması, üstəlik nəticədə insanların həyatını itirməsi qarşı tərəfin davranışına dair ciddi suallar yaradır. Daha narahatedici məqam isə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı hər hansı humanitar həssaslığın nümayiş etdirilməməsidir.
Beş dinc azərbaycanlı dənizçinin ölümü ilə nəticələnən hadisədən sonra Ukrayna tərəfindən ən azı elementar humanitar jest kimi başsağlığı verilməsi gözlənilirdi. Lakin belə bir addımın atılmaması Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Müharibələrdə siyasi və hərbi məqsədlər nə qədər sərt olsa da, insan həyatına hörmət universal dəyər hesab olunur. Xüsusilə də hərbi əməliyyatlarda iştirak etməyən, sadəcə öz peşə fəaliyyətini yerinə yetirən insanların ölümü qarşısında susqunluq anlaşılan deyil.
Hücum nəticəsində həlak olan azərbaycanlı kapitan Rəcəb Əhədovun atası Firudin Əhədov Trend-ə açıqlamasında deyir ki, hadisə yerindən qayıdan dənizçilərdən biri onun qonşusudur:
"Deyir ki, gəmi vurulan anda Ukrayna sularına heç keçməmişdik, neytral sularda üzürdük. Düzdür, müharibə gedir. Amma bu, tam qanunsuz bir əməldir. Heç bir xəbərdarlıq etmədən neytral sularda üzən gəmini vurublar.
Ukrayna tərəfi deyir ki, güya vurulan gəmilər onlara aid olan yükü qanunsuz daşıyıb. Amma əvvəla, Azərbaycan vətəndaşı oraya evindən-eşiyindən çörək qazanmaq üçün gedən adamdır, gəminin hara gedəcəyini azərbaycanlılar təyin etmir ki, gəminin sahibi var, razılaşdırılmış yükdaşıma həyata keçirir. Ən əsası isə, vurulan anda da gəmi boş olub, heç bir yük filan olmayıb. Taxıl daşıyan gəmilərlə bağlı razılaşma var idi, onlara toxunmurdular. Bunlar da o işlə məşğul idilər".
F.Əhədov bildirir ki, artıq bütün bu baş verənlərdən sonra onlardan heç başsağlığı da gözləmir:
"Onlar dövlətimizə başsağlığı verməli, üzrxahlıq etməli idilər ki, ya səhvən olub, ya da nəsə başqa səbəb - bir dön geyindirməli idilər. Onlar beynəlxalq səviyyədə öz borclarını yerinə yetirməlidirlər. Mənim Ukrayna tərəfindən gözləntim odur ki, mənim oğlumla eyni gəmidə həlak olan ikinci kapitanın azyaşlı övladları var, ailə vəziyyətində müəyyən çətinliklər yaşanır. Həm də bu bir itkidir. Dörd vətəndaşın gözü yolda qalanı var, biz də onlardan biriyik. Ukrayna tərəfi ilk növbədə bizim respublikanın rəhbərliyindən üzr istəməli, bütün Azərbaycan xalqından üzrxahlıq etməli və həlak olan dənizçilərin ailələrinə də kompensasiya ödəməli idi. Gözləntilərim bunlardan ibarətdir".
Kapitanın atası xatırladıb ki, hələ aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelensi Azərbaycana səfər edib.
"Bunun üstündən heç çox vaxt keçməyib. Bundan sonra belə bir hadisənin tərdilməyi gözlənilməz və bağışlanılmaz bir şeydir. Onların hadisəyə belə etinasız, ötəri yanaşmaları başa düşülməzdir", - deyə o qeyd edib.
Baş verənlər fonunda bir neçə fundamental sual açıq qalır. Əgər "Natra" və "Zircon" hərbi yük daşımırdısa, niyə məhz onlar hədəfə çevrildi? Əgər onların fəaliyyəti sırf kommersiya xarakteri daşıyırdısa, hücumun məqsədi nə idi? Və nəhayət, niyə həyatını itirən azərbaycanlı dənizçilərin ailələrinə ən sadə humanitar münasibət belə göstərilmədi?
Beynəlxalq humanitar hüququn əsas müddəalarına görə, mülki obyektlər və mülki şəxslər birbaşa hərbi hədəf hesab edilə bilməz. Əgər sözügedən gəmilər həqiqətən də yalnız kommersiya yükü daşıyırdısa və hərbi məqsədlərlə istifadə olunmurdusa, onların vurulması ciddi hüquqi və mənəvi suallar yaradır. Bu halda ilk növbədə cavablandırılmalı olan məsələ hücumun hansı zərurətdən qaynaqlandığıdır. Mülki yük daşıyan gəmini hədəfə almağın hərbi məntiqi nədən ibarət olub?
Kapitan Fuad Orucovun qardaşı Faiq Orucov də Trend-ə açıqlamasında bildirir ki, hələ də hadisənin hansı səbəbdən baş verdiyini başa düşə bilmir:
"Baş çıxarmaq olmur ki, niyə vurublar. Bizimlə onların arasında bir problem yox idi. Lakin məsələyə hansı tərəfdən baxsan, mülki şəxslərin olduğu gəminin vurulması cinayətdir.
Ukrayna mülki vətəndaşları niyə vursun axı? Silah daşımır, sursat aparmır, zərərsiz gəmidir, içərisində də mülki insanlar var. Bütün bu sualların cavabı mənə də çox maraqlıdır. Ukrayna tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini gözləyirəm".
F.Orucov xatırladır ki, Azərbaycan müharibə başlayandan bəri hər addımında Ukraynanın yanında olub, onlara hərətərəfli dəstək göstərib:
"Biz özümüz də bu savaşda Ukraynanı haqlı hesab edirdik. Azərbaycan xalqının, demək olar ki, mütləq əksəriyyəti Ukraynanın tərəfində idi. İndi onlar durub belə hərəkət edəndə adama təsir edir.
Hətta indi düşünməyə başlayıram ki, onlar gəmidə kimlərin olduğunu əvvəlcədən biliblər. Çünki əlaqə var, texnologiya var, onlar bilə-bilə iki gəmini vurublar".
O bildirir ki, Ukrayna tərəfi hadisəni sıradan olay kimi qiymətləndirir:
"Ukrayna hadisədən sonra bizə heç bir başsağlığı vermədi. Hadisə ilə bağlı adi açıqlama belə vermədilər. Ortada heç nə yoxdur. Elə bil bunlar üçün adi bir şeydir. Onlar üçün bu qədər yaxşılıqlar etdiyimiz bir vaxtda belə hadisə törətmələrinə çox pis oluram. Niyə belə elədilər? Günahsız insanları niyə öldürüblər?".
Kapitanın qardaşının sözlərinə görə, Fuad Orucov özü də məlum müharibədə Ukraynanı dəstəkləyirdi:
"Çünki o Ukraynada çox işləyib, mən özüm də orada işləmişəm. Ukraynalılar bizimlə çox mehriban olublar. Elə vaxt olub ki, onun gəmisində 1-2 nəfəri çıxmaq şərtilə 8-10 nəfər ukraynalı olub. Özü də oralara - Odessa, Mariupol, İzmaila çox gedib-gəlirdi. Mən özüm də müharibədən əvvəl Ukraynanın şəhərlərində çox olmuşam".
F.Orucov qeyd edir ki, qardaşının ailəsinin bütün ehtiyaclarını bu zamandakək kapitan özü qarşılayıb.
"Qardaşımın dörd övladı var. Onların təhsili, yeməyi, içməyi var. Qardaşımın ailəsi Azərbaycanda yaşayır, onlara kompensasiya verilməlidir. Onların ehtiyacları qarşılanmalıdır", - deyə o əlavə edib.
Həlak olanların ailə üzvlərinin, cəmiyyətdə yaranan sualların cavablandırılması təkcə Azərbaycan üçün deyil, beynəlxalq hüququn nüfuzu baxımından da vacibdir. Mülki gəmiçiliyin təhlükəsizliyi qlobal ticarətin və beynəlxalq münasibətlərin əsas elementlərindən biridir. Hərbi əməliyyatların mülki obyektlərə yönəlməsi və bunun izahsız qalması isə təhlükəli presedent yarada bilər.