Antalyada keçirilən COP31 iqlim zirvəsi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji İdarəsi arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Nazir bildirib ki, Çinlə əməkdaşlıq bərpaolunan enerji istehsalının artırılmasına və texnologiya transferinə imkan yaradacaq.
Onun sözlərinə görə, təxminən 15 milyard dollarlıq investisiyanı nəzərdə tutan razılaşma çərçivəsində ümumi gücü 7 000 meqavat olan günəş və külək elektrik stansiyalarının, yeni enerji saxlama sistemlərinin, eləcə də 4 000 meqavatlıq elektrik kabeli infrastrukturunun qurulması planlaşdırılır.
A.Bayraktar qeyd edib ki, razılaşma Türkiyənin “Milli Enerji – 2040” Strategiyasının həyata keçirilməsinə töhfə verəcək, enerji təchizatı təhlükəsizliyini gücləndirəcək və yaşıl transformasiyanı sürətləndirəcək.