Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır, hərbi və diplomatik proseslər paralel şəkildə davam edir. Regionda nə genişmiqyaslı müharibə müşahidə olunur, nə də aparılan danışıqlar real nəticə ilə yekunlaşır. Mövcud durum daha çox dalana dirənmiş mərhələ kimi qiymətləndirilir.
Bu barədə politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər prinsip etibarilə razılaşmaya yaxın görünsələr də, heç biri öz əsas şərtlərindən geri çəkilmir.
Ekspert qeyd edib ki, ABŞ-da keçirilən son görüşlər uzunmüddətli və hərtərəfli razılaşmadan daha çox Vaşinqtonun maraqlarına uyğun məsələlərin müzakirəsinə yönəlib. Danışıqlarda xüsusilə Hörmüz boğazının tam açılması və İranın müəyyən güzəştlərə getməsi məsələləri ön plana çıxıb.
Eyni zamanda, bölgədə hərbi hazırlıqların da davam etdiyi vurğulanır. Kəşfiyyat fəaliyyətinin gücləndirilməsi, logistikanın genişləndirilməsi və ABŞ hərbi dəniz qüvvələrinin Yaxın Şərqdə aktivliyinin artdığı bildirilir. İranın da cavab olaraq müdafiə imkanlarını artırdığı, yeni ballistik raketlərin döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunur.