İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatların müzakirə olunduğu bir vaxtda, bu cür addımların texniki və maliyyə baxımından son dərəcə mürəkkəb olduğu bildirilir.
Bu fikirləri politoloq Bəkir Həsənbəyli News365.az-a açıqlamasında səsləndirib.

Politoloqun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı obyektlərin tamamilə zərərsizləşdirilməsi iddia olunduğu qədər asan deyil və belə əməliyyatlar böyük resurslar tələb edir:
“Bu cür əməliyyatlar çox ciddi maliyyə vəsaiti, texniki imkanlar və hərbi hazırlıq tələb edir. Bəzən hətta təyyarələrin özlərinin məhv edilməsi və ya yüksək riskli missiyalara cəlb olunması ehtimalı da nəzərdən keçirilir. Ona görə də belə addımların həyata keçirilməsi ilə bağlı müxtəlif suallar və şübhələr yaranır”.
Bəkir Həsənbəyli qeyd edib ki, bu məsələdə ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi fikirlər də diqqət çəkir:
“Donald Tramp bir müddət əvvəl mediaya verdiyi açıqlamada bildirmişdi ki, İranın nüvə obyektlərinə qarşı belə bir əməliyyatın həyata keçirilməsi ABŞ ordusu üçün kifayət qədər çətin və hətta bəzi hallarda mümkünsüz görünür. Çünki zənginləşdirilmiş uranın saxlanıldığı yerlər müəyyən edilsə belə, onların tam şəkildə çıxarılması və ya zərərsizləşdirilməsi uzunmüddətli prosesdir”.
Politoloqun fikrincə, belə əməliyyatlar yalnız hərbi müdaxilə ilə məhdudlaşmır:
“Bu cür hədəflərə qarşı əməliyyatların aparılması üçün genişmiqyaslı texniki tədbirlər həyata keçirilməlidir. Eyni zamanda, düşmən ərazisində uzun müddət qalmaq həm təhlükəsizlik, həm də maliyyə baxımından çox böyük risklər yaradır. Məhz buna görə də bəzi hallarda bu tip əməliyyatların həyata keçirilməsi məqsədəuyğun hesab edilmir”.
Bəkir Həsənbəyli vurğulayıb ki, İranın nüvə infrastrukturu ilə bağlı hər hansı hərbi ssenari həm regional, həm də beynəlxalq səviyyədə ciddi nəticələr doğura bilər.