Pensiya yaşının artırılması ilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə və ekspert dairələrində müzakirələrə səbəb olub. Mövzu ətrafında müxtəlif yanaşmalar ortaya qoyularkən, bu addımın ölkənin demoqrafik göstəriciləri, sosial təminat sistemi və iqtisadi imkanları ilə nə dərəcədə uyğun olduğu sual doğurur.
İqtisadçı Xalid Kərimli pensiya yaşının artırılması ilə bağlı səsləndirilən fikirlərə geniş münasibət bildirib.
News365.az-a açıqlamasında iqtisadçı qeyd edib ki, pensiya yaşının 3–5 il artırılması doğru qərar deyil və bu yanaşma sosial baxımdan bir sıra problemlər yaradır.

“Pensiya yaşının 3–5 il artırılması doğru qərar deyil. Ona görə ki, Azərbaycanda gözlənilən ömür müddəti aşağıdır. Bu, həm kişi, həm də qadınlara eyni dərəcədə təsir edir və sosial ədalət baxımından suallar yaradır. Dövlətin sosial siyasətində sərt qaydalar var və mən pensiya yaşının eyniləşdirilməsinin tərəfdarıyam. Kişi də, qadın da eyni yaşda pensiyaya çıxmalıdır. Əvvəl bu sahədə fərqlilik var idi və bu, müəyyən mənada diskriminasiya idi, lakin sonradan eyniləşdirildi. Amma hesab edirəm ki, bu 65 yaşda yox, 62 yaşda eyniləşdirilməli idi”, – deyə o bildirib.
Xalid Kərimli Avropa ölkələri ilə müqayisə apararaq oradakı sosial şəraitin fərqli olduğunu vurğulayıb:
“65 yaş Avropa ölkələrinin çoxunda qəbul olunmuş standartdır. Mən bu hissə ilə razıyam. Amma Avropada orta ömür müddəti 80–83 yaş aralığındadır, bəzi ölkələrdə hətta daha yüksəkdir. Orada səhiyyə sistemi, həyat tərzi və ümumi sosial rifah daha yüksəkdir. Buna görə də pensiya yaşı ilə bağlı qərarlar həmin reallıqlara uyğunlaşdırılıb. Azərbaycanda isə orta ömür müddəti təxminən 75 yaşdır və bu fərq nəzərə alınmalıdır”.
İqtisadçı bildirib ki, ölkədə pensiya sisteminin maliyyə dayanıqlılığı da əsas problemlərdən biridir:
“Hazırda pensiya sistemi tam özünü maliyyələşdirmir. Dövlət hər il büdcədən pensiya fonduna vəsait ayırır və yaranan kəsir bu şəkildə bağlanır. Bu, dövlətin sosial öhdəliyidir, lakin problemi yalnız pensiya yaşını artırmaqla həll etmək doğru yanaşma deyil. Hətta 65 yaşa qaldırıldıqdan sonra da dövlət yenə də pensiya fonduna əlavə vəsait köçürür”.
Xalid Kərimli həmçinin pensiya dövrünün müddətinə də diqqət çəkib:
“Hazırda bir vətəndaş pensiyaya çıxdıqdan sonra orta hesabla 10 il pensiya alır. Avropa ölkələrində bu göstərici 8–15 il, bəzi hallarda daha çoxdur. Ona görə də bu, təkbaşına yanlış addım kimi qiymətləndirilməməlidir, amma əsas məsələ ölkənin demoqrafik və iqtisadi reallığıdır”.
O əlavə edib ki, pensiya yaşının cinsə görə fərqləndirilməsi də ədalətsiz yanaşma olardı:
“İnsanları cinsinə görə fərqləndirmək düzgün deyil. Bu, Konstitusiyanın prinsiplərinə ziddir. İnsan hüquqları baxımından da bu cür yanaşma diskriminasiya hesab olunur. Cinsə görə pensiya yaşının fərqləndirilməsi düzgün deyil və bu cür təkliflər ciddi şəkildə yenidən dəyərləndirilməlidir”.