Paşinyanın qələbəsindən sonra Ermənistanda nə dəyişəcək? - AÇIQLAMA

Paşinyanın qələbəsindən sonra Ermənistanda nə dəyişəcək? - AÇIQLAMA
10:34

Ermənistanda keçirilən seçkilərdən sonra ölkədə siyasi proseslərin daha da gərginləşəcəyi gözlənilir. Hakimiyyətin müxalif düşərgəyə qarşı mümkün addımları, Nikol Paşinyanın qələbəsinin yaratdığı yeni siyasi reallıq və Rusiyanın regiondakı təsir imkanları müzakirə mövzusu olaraq qalır.

Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında Ermənistanda seçkilərdən sonrakı vəziyyəti və gözlənilən prosesləri dəyərləndirib.


Deputat bildirib ki, Ermənistan hakimiyyətinin bəzi müxalif fiqurlara qarşı sərt addımlar atacağı gözlənilən idi:

“Artıq müəyyən şəxslərin Ermənistandan çıxışına məhdudiyyətlərin tətbiq edilməsi və hava limanında saxlanılması halları baş verib. Bu, gözlənilən proses idi. Nikol Paşinyanın seçkilərdən sonra xüsusilə Samvel Karapetyan, eləcə də Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslərlə bağlı daha sərt addımlar atacağı ehtimal olunur. Hətta onların əvvəlki fəaliyyətləri ilə bağlı cinayət işlərinin açılması və müxtəlif məsələlərin gündəmə gətirilməsi mümkündür”.

Deputatın sözlərinə görə, Paşinyan yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşərək bəzi məsələləri müzakirə edə bilər:

“Ola bilər ki, Paşinyan Putinlə görüşsün və müəyyən müzakirələr aparılsın. Samvel Karapetyandan başqa digər şəxslərə qarşı da ciddi addımların atıldığını görə bilərik. Bu məsələ artıq gündəmdədir”.

Arzu Nağıyev qeyd edib ki, seçkilərin əsas nəticəsi Paşinyanın qələbəsi olub:

“Seçkilərin nəticələri ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Rusiya mediasında nəticələr 50 faizdən aşağı, bəzi mənbələrdə isə 52 faiz ətrafında göstərilir. Lakin əsas məqam ondan ibarətdir ki, Ermənistan xalqı Rusiya ilə Avropa arasında seçim edərək daha çox Avropaya inteqrasiyanı və müharibəsiz gələcəyi üstün tutdu”.

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyətinin əsas istəyi müharibədən uzaq olmaqdır:

“Ermənistan xalqı müharibə istəmir. Vətəndaş Müqaviləsi Partiyası da seçki kampaniyasında əsas xətt kimi sülh siyasətini ön plana çıxarmışdı. Partiya seçicilərə ölkədə sabitliyin və sülhün qorunması istiqamətində fəaliyyət göstərəcəyini vəd edirdi”.

Arzu Nağıyevin sözlərinə görə, Rusiyanın seçkiöncəsi ciddi təsir cəhdlərinə baxmayaraq, Paşinyan hakimiyyətini qorumağı bacarıb:

“Rusiya mediasında aparılan kampaniyalar, müxtəlif rəsmilərin, o cümlədən Sergey Lavrovun açıqlamaları, MDB məkanından edilən çağırışlar və digər təsir mexanizmləri nəticəyə təsir göstərə bilmədi. Bütün bunlara baxmayaraq, Paşinyan seçkilərdə qalib gəldi”.

Deputat bildirib ki, hazırkı parlament tərkibi hökumətin formalaşdırılmasına imkan versə də, bəzi mühüm qərarların qəbulu üçün əlavə siyasi dəstəyə ehtiyac var:

“Ermənistan parlamentində 101 deputat yeri və milli azlıqlar üçün ayrılmış mandatlar mövcuddur. Mövcud nəticələr hökumətin formalaşdırılmasına imkan verir. Lakin konstitusiya dəyişiklikləri, referendumların keçirilməsi və digər mühüm islahatların reallaşdırılması üçün başqa siyasi qüvvələrin dəstəyinə və ya koalisiya əməkdaşlığına ehtiyac yaranacaq”.


Sizin reklam burada
Sizin reklam burada