Cənubi Qafqazda siyasi proseslər və regionun gələcək sabitliyi ilə bağlı müxtəlif qiymətləndirmələr səsləndirilməkdə davam edir. Ekspertlər hesab edirlər ki, Ermənistanda keçiriləcək seçkilərin nəticələri həm ölkənin daxili siyasi kursuna, həm də regionda gedən sülh danışıqlarının dinamikasına təsir göstərə bilər.
Mövzu ilə bağlı millət vəkili Aydın Hüseynov da News365.az-a açıqlama verib.
Deputat bildirib ki, Paşinyanın seçkidə qalib gəlməsi Ermənistanın daxili və xarici siyasətində müəyyən davamlılığın qorunmasına şərait yarada bilər və bu, regionda sülh danışıqlarının davam etdirilməsi baxımından imkanlar açır.
“Paşinyanın seçkidə qalib gəlməsi Ermənistanın daxili və xarici siyasətində davamlılığın qorunmasına təsir göstərə bilər. Bu isə regionda sülh danışıqlarının davam etməsi üçün müəyyən imkanlar yarada bilər. Eyni zamanda, seçkilərin nəticəsindən asılı olmayaraq, bölgədə sabitliyin əsas şərti tərəflər arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsidir. Azərbaycan üçün əsas məsələ regionda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin edilməsidir. Bu baxımdan, Ermənistan rəhbərliyinin atacağı addımlar xüsusi əhəmiyyət daşıyacaq. Ümid edirik ki, qarşıdakı dövrdə regionda gərginliyin azalmasına, kommunikasiyaların açılmasına və sülh prosesinin irəliləməsinə xidmət edən qərarlar qəbul ediləcək”, – deyə Aydın Hüseynov bildirib.