ABŞ Prezidenti Donald Trampın yaxın iki həftə ərzində Vaşinqtonla Tehran arasında böyük bir sazişin imzalana biləcəyi və İranın nüvə proqramından imtina da daxil olmaqla ağır şərtləri qəbul etməyə hazır olduğu barədə açıqlaması beynəlxalq arenada geniş rezonans doğurub.
Ağ Ev rəhbərinin bu optimist bəyanatı Yaxın Şərqdə gərginliyin artdığı, tərəflər arasında qarşılıqlı hərbi zərbələrin davam etdiyi bir vaxtda ciddi suallar yaradıb. Xüsusilə Hörmüz boğazı ətrafındakı strateji vəziyyət və ABŞ–İsrail xəttində müşahidə olunan fikir ayrılıqları fonunda bu iddiaların real əsaslara söykənib-söykənmədiyi müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı News365.az-a açıqlama verən politoloq Xəyal Bəşirov bildirib ki, Trampın bu tip bəyanatları əvvəl də dəfələrlə səsləndirilib və əksər hallarda İran tərəfindən təkzib olunub.

Onun sözlərinə görə, ABŞ prezidentinin məqsədi Yaxın Şərqdə davam edən gərginliyi sona çatdırmaq olsa da, Vaşinqton bu prosesdən siyasi dividend qazanmağa çalışır:
“Tramp müharibənin bitməsini istəyir, amma nəticəsiz çıxmaq istəmir. Bu səbəbdən həm daxili auditoriyaya, həm də beynəlxalq bazarlara hesablanmış mesajlar verir”.
Politoloq qeyd edib ki, ABŞ və İsrail arasında müharibənin davamı və dayandırılması ilə bağlı fərqli yanaşmalar mövcuddur:
“İsrail daha sərt və davamlı hərbi əməliyyatların tərəfdarıdır, ABŞ isə prosesin daha tez və nəzarətli şəkildə bitməsini istəyir”.
Bəşirov Trampın İranın nüvə proqramından imtina etməyə hazır olması ilə bağlı iddiaları da real saymır:
“Əgər belə bir razılaşma mümkün olsaydı, iki həftəlik gözləmə olmazdı. Danışıqların uzanması əksinə, prosesin dalana dirəndiyini göstərir”.
Ekspertin fikrincə, hazırkı mərhələdə tərəflər daha çox qarşılıqlı təzyiq və mesajlaşma mərhələsindədir:
“İran uran zənginləşdirilməsi məsələsini müzakirə mövzusu saymır. ABŞ isə hərbi və diplomatik təzyiqi paralel aparır”.
O bildirib ki, Vaşinqtonun regionda hərbi mövcudluğu həm siyasi mesaj, həm də strateji təzyiq vasitəsidir.
Xəyal Bəşirov vurğulayıb ki, İsrailin danışıqlarda birbaşa iştirak etməməsi və daha sərt mövqe sərgiləməsi prosesi daha da mürəkkəbləşdirir:
“İsrailin əsas məqsədi İranın hərbi gücünün zəiflədilməsi və ya rejim dəyişikliyidir. Bu isə diplomatik kompromisi çətinləşdirir”.
Onun sözlərinə görə, tərəflər arasında mövcud ziddiyyətlər yaxın perspektivdə ciddi irəliləyiş ehtimalını azaldır və regionda gərginliyin davam edəcəyini göstərir.