2026-cı il Dünya Çempionatını izləmək üçün ABŞ-yə getmək istəyən, lakin viza müraciəti rədd edilən argentinalı azarkeşlər gözlənilməz hədiyyə ilə qarşılaşıblar. Onlarla futbolsevərə turniri evdən izləmək üçün pulsuz televizor paylanılıb.
News365.az xəbər verir ki, Argentinanın "Newsan" konserni yerli "Noblex" markası ilə birgə maraqlı kampaniya təşkil edib. Şirkət ABŞ vizasından imtina cavabı alan ilk 100 nəfərə pulsuz televizor bağışlayıb.
Buenos-Ayresdə yerləşən ofisin qarşısına toplaşan azarkeşlər builki viza imtinalarını təsdiqləyən sənədləri təqdim ediblər. Rəsmi sənəd göstərən şəxslər dərhal yeni televizorlarını təhvil alıblar. Sosial şəbəkələrdə böyük maraq doğuran aksiya çərçivəsində rədd cavabı alan hər kəsə müraciət edilib.
Kampaniyadan yararlanan turnir iştirakçılarından biri də kiberidmançı Tomas Vaqeller olub. Gənc azarkeş ABŞ-yə gedə bilmədiyi üçün məyusluğunu gizlətməyib.
"Lionel Messinin sonuncu böyük turnirini stadiondan canlı izləmək istəyirdim. Vizadan imtina alanda çox üzüldüm. İndi isə evə böyük hədiyyə ilə qayıdıram"
Məlum olduğu kimi, builki mötəbər futbol yarışı ABŞ, Kanada və Meksikada təşkil olunur.