Hər hansı tədiyə növü üzrə proqnoz xətası 5 faizi keçirsə, bu bizim üçün artıq çağırış hesab olunur və həmin modelin təkmilləşdirilməsi istiqamətində iş aparılır.
News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, gömrük daxilolmaları üzrə proqnozlaşdırma da makroiqtisadi modellər əsasında həyata keçirilir. Bu modellər hazırlanarkən əvvəlki üç ilin nəticələri və növbəti il üzrə makroiqtisadi proqnozlar nəzərə alınır.
“Ümumilikdə isə hesab edirik ki, proqnozlaşdırma özünü doğruldub. Qeyri-neft sektoru üzrə gəlirlər proqnozdan cəmi 1,6 faiz yüksək icra olunaraq 101,6 faiz təşkil edib. Bu da proqnoz xətasının çox aşağı olduğunu göstərir.
Lakin biz yalnız ümumi rəqəmlərlə kifayətlənmirik. Hər bir tədiyə növü üzrə ayrıca təhlillər və proqnozlaşdırmalar aparılır ki, mövcud fərqlər növbəti dövrlərdə daha da azaldılsın. Bu, davamlı bir prosesdir və hesab edirəm ki, hər hansı model üzrə proqnoz xətasının tamamilə sıfıra endirilməsi mümkün deyil”.