“Uşağa telefon verib sonra qadağa qoymaq düzgün deyil” – İqbal Ağazadə

“Uşağa telefon verib sonra qadağa qoymaq düzgün deyil” – İqbal Ağazadə
13:41

Ümid Partiyasının sədri İqbal Ağazadə uşaqların sosial şəbəkələrdən istifadəsi, valideyn məsuliyyəti və tərbiyə üsulları ilə bağlı fikirlər səsləndirib.

News365.az xəbər verir ki, o, Tv365 kanalında çıxışı zamanı müasir dövrdə uşaqların texnologiya ilə erkən tanış olmasının ciddi risklər yaratdığını bildirib.

İqbal Ağazadənin sözlərinə görə, uşaqların telefon və sosial şəbəkələrdən həddindən artıq istifadəsi gələcəkdə həm psixoloji, həm də sosial baxımdan mənfi nəticələrə səbəb ola bilər:

“Uşaqların sosial şəbəkələrdən, xüsusilə də digər platformalardan nəzarətsiz istifadəsi yetkin yaşa çatanda ciddi problemlər yaradır. Amma bu vəziyyət nədən qaynaqlanır? Valideynlər çox zaman uşağı sakit saxlamaq üçün ona telefon verir. Uşaq telefona alışır və bu, tərbiyə prosesinə birbaşa təsir edir”.

Partiya sədri bildirib ki, ailədə valideynlərin davranışı uşaqlar üçün əsas nümunə rolunu oynayır:

“Əgər ailədə hamı bir masa arxasında oturub telefonla məşğuldursa, uşağa ‘telefon istifadə etmə’ demək düzgün deyil. Uşaq gördüyünü təkrarlayır. Ona görə də ilk növbədə valideyn özü nümunə olmalıdır”.

İqbal Ağazadə əlavə edib ki, yalnız qadağalarla bu problemi həll etmək mümkün deyil:

“Qadağalar təkbaşına nəticə vermir. İnsanlar istənilən qadağanı aşmağın yolunu tapır. Əsas məsələ tərbiyə və nümunədir. Əgər biz düzgün nümunə göstərməsək, uşağa qoyulan məhdudiyyətlərin heç bir effekti olmayacaq”.

O, həmçinin qeyd edib ki, cəmiyyət olaraq yeni nəsil yetişdirmə yanaşması dəyişməli və müasir dövrün çağırışlarına uyğunlaşdırılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada