Azərbaycanda yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda yeni cərimələr tətbiq olunacaq
14:03

Azərbaycanda yeni cərimələr müəyyənləşir.

News365.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

Həmçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə vəzifəli şəxslər min manat məbləğində cərimə olunacaq.

Həmçinin barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.

Layihədə qeyd olunur ki, Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaq.

Bundan başqa, ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə ediləcəklər.

Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) formalaşdırdığı qaydada müəyyən edilmiş məhsullara dair məlumatların ildə bir dəfə verilən yazılı sorğuya əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə olunacaqlar.

Həmçinin inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslərin iki yüz manat, vəzifəli şəxslərin dörd yüz manat, hüquqi şəxslərin min manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

İnzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur.

Həmçinin inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır.

Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


Sizin reklam burada
Sizin reklam burada