Dəyişkən iş qrafiki tıxacları azaldacaq? - Ekspertdən açıqlama

Dəyişkən iş qrafiki tıxacları azaldacaq? - Ekspertdən açıqlama
10:14

Bakıda tıxac probleminin həlli üçün gündəmə gətirilən dəyişkən iş qrafiki təşəbbüsü nə dərəcədə effektiv ola bilər?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov News365.az-a açıqlamasında bildirib ki, iş və təhsil müəssisələrinin fərqli saatlarda fəaliyyət göstərməsi paytaxtda nəqliyyat sıxlığının azalmasına müəyyən töhfə verə bilər.

Onun sözlərinə görə, bu sistem əvvəlcədən hazırlanmış plan və koordinasiya əsasında tətbiq olunarsa, nəticə əldə etmək mümkündür:

“Bakıda tıxacların yaranmasına səbəb olan amillər kifayət qədər çoxdur. Buna baxmayaraq, iş saatlarının fərqləndirilməsi nəqliyyat axınının eyni vaxtda yollara çıxmasının qarşısını qismən ala bilər. Əsas şərt odur ki, qurumlar üçün müəyyən edilən qrafiklər bir-birindən fərqlənsin və proses mərkəzləşdirilmiş şəkildə idarə olunsun”.

Ekspert qeyd edib ki, məktəblər, universitetlər və dövlət qurumlarında iş rejiminin fərqli saatlara bölünməsi mümkündür:

“Məsələn, məktəblər bir saatda, ali təhsil müəssisələri başqa saatda fəaliyyətə başlaya bilər. Eyni yanaşma dövlət qurumlarına da tətbiq edilə bilər. Hətta iri təşkilatlarda ayrı-ayrı şöbələrin işə fərqli vaxtlarda başlaması da nəzərdən keçirilə bilər”.

E.Cəfərovun fikrincə, işə daha erkən başlayanların iş günü daha tez başa çatacaq, gec başlayanlar isə işdən daha gec çıxacaqlar. Bu isə günün pik saatlarında yaranan sıxlığın bölüşdürülməsinə və yollardakı yükün müəyyən qədər azalmasına imkan verə bilər.

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə 2026-cı ildən etibarən dəyişkən iş qrafikinin tətbiqinin planlaşdırıldığını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada