Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması ilə bağlı müzakirələrdə əsas suallardan biri beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərarların niyə icra olunmaması olub. Politoloq Asif Nərimanlı hesab edir ki, həmin dövrdə bir sıra Qərb ölkələrinin mövqeyi münaqişənin həllinə deyil, mövcud status-kvonun qorunmasına xidmət edib.
Bunu News365.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən qətnamələri qəbul edilsə də, bu qərarların icrası təmin olunmayıb. BMT-nin Azərbaycanla bağlı fəaliyyəti və münaqişə üzrə qətnamələrə dair materiallarında da həmin dövrün münaqişə və humanitar nəticələri öz əksini tapır.
Nərimanlı hesab edir ki, bu vəziyyətdə erməni lobbisi və diasporunun bəzi Qərb ölkələrindəki təsiri, eləcə də münaqişəyə dini və siyasi yanaşmalar rol oynayıb:
“Onların dəstəyi və istəyi ilə bu qətnamələr icra olunmadı. Bunun əksinə olaraq, ABŞ Azərbaycana qarşı məlum 907-ci düzəlişi qəbul etdi. Bu, açıq şəkildə göstərirdi ki, Qərb ölkələri Azərbaycan torpaqlarının işğalına dəstək verir. Müharibənin getdiyi dövrdə də, işğal illərində də bu dəstəyi davam etdirdilər. Nəticədə torpaqlarımız otuz il ərzində işğal altında qaldı”.
Politoloqun fikrincə, beynəlxalq qərarların praktiki icrasının təmin edilməməsi Ermənistanın uzun müddət ciddi siyasi təzyiqlə üzləşməməsinə səbəb olub. O bildirir ki, Azərbaycan ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını vurğulasa da, real siyasətdə fərqli yanaşmalarla qarşılaşıb.
“Verilən bu dəstəyin əsas nəticəsi Ermənistanın cəzalandırılmaması oldu. Müxtəlif dövrlərdə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Azərbaycan torpaqlarının işğalı məsələsi gündəmə gətirilib, bununla bağlı qətnamələr və qərarlar qəbul edilib. Bütün dünya, BMT də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, praktiki olaraq Ermənistanın işğalını dəstəkləyirdi. Yəni Qarabağda işğala əsaslanan status-kvonun saxlanılmasına çalışırdılar”.
Nərimanlı danışıqlar prosesinin də məhz bu reallıqlar fonunda aparıldığını düşünür. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan tərəfi əvvəlki danışıqlar prosesinin pərdəarxası məqamları barədə daha çox məlumat açıqlayıb.
“Prezident İlham Əliyev 44 günlük müharibədən sonra dəfələrlə çıxışlarında bildirib ki, torpaqlarımız azad edildikdən sonra bir çox pərdəarxası məqamlar üzə çıxmağa başladı. Azərbaycana təlqin edirdilər ki, siz qalib deyilsiniz və mövcud vəziyyətlə razılaşmalısınız. Ən yaxşı halda müəyyən rayonlar qaytarılacaq, amma digər ərazilər ermənilərdə qalmalıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planı həyata keçirilirdi”.
Politoloq hesab edir ki, bu proses 30 il ərzində regionda formalaşmış siyasi reallığın bir hissəsi olub:
“Bütün bunlar otuz il ərzində həm regionun, həm də bütün dünyanın gözü qarşısında baş verib. Bu, tarixdir. Burada hər hansı şişirtmə və ya nəyəsə əsaslanan yalan yoxdur”.
Asif Nərimanlı 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı da bəzi Qərb ölkələrinin hərbi əməliyyatların dayandırılması istiqamətində diplomatik səylər göstərdiyini bildirib.
“Müharibə dövründə buna nail ola bilmədilər. Daha sonrakı mərhələdə isə, Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən 20 sentyabr antiterror əməliyyatından bir neçə gün əvvəl məlumatlar var idi ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa İstanbulda gizli toplantı keçirərək Azərbaycanın qarşısının alınması ilə bağlı müzakirələr aparıblar”.
Nərimanlı bu yanaşmanı Qərb ölkələrinin Azərbaycan-Ermənistan münaqişəsinə münasibətində ikili standartların göstəricisi kimi qiymətləndirib:
“Ermənistanın törətdiyi əməllərə hər zaman ikili standartlarla yanaşdılar. Ritorikada və ya kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, real siyasətdə bunun əksinə addımlar atırdılar və Ermənistanın Qarabağdakı işğalına əsaslanan status-kvonun saxlanılmasını istəyirdilər. Lakin buna nail ola bilmədilər”.
Politoloqun sözlərinə görə, 2020-ci il müharibəsindən sonra da Azərbaycanın qarşısına müxtəlif siyasi və diplomatik maneələr çıxarılıb. O, xüsusilə Laçın yolu ətrafında yaranmış vəziyyəti və xarici diplomatların bölgəyə səfərlərini xatırladıb.
“2023-cü il sentyabrın 20-dək də Qərb ölkələri sonadək çalışdılar. 44 günlük müharibənin qarşısını ala bilmədilər, lakin Xankəndidə separatçı qalıqların saxlanılmasında maraqlı idilər. Biz Laçın yolunda baş verənləri gördük. Laçın yolu ilə bağlı Azərbaycana edilən təzyiqləri gördük. Qərb diplomatlarının ora səfərlərini gördük. Bütün bunlar Azərbaycan torpaqlarının işğalına əsaslanan siyasətin tərkib hissəsi idi”.
Nərimanlı bildirib ki, Azərbaycan 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra bölgədə yeni reallıq yaradıb.
“Qərbin həyata keçirdiyi ermənipərəst siyasətə baxmayaraq, Azərbaycan həm 44 günlük müharibədə, həm də 2023-cü ildə geri çəkilmədi və öz suverenliyini bərpa etdi”.
Politoloq hesab edir ki, bəzi Qərb ölkələri Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsini hələ də qəbul etməkdə çətinlik çəkir. O, gələcəkdə geosiyasi şərtlərin dəyişəcəyi təqdirdə əvvəlki siyasətin müəyyən elementlərinin yenidən gündəmə gətirilə biləcəyini iddia edir.
“Hətta fikrimcə, bu gün də Qərbdə bir çox ölkə Azərbaycanın Qarabağı azad etməsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmir, qəbul edə bilmir. Mən həmişə düşünürəm ki, Azərbaycan dövləti təbii ki, bunun olmasına heç vaxt imkan verməz. Amma nə vaxtsa Azərbaycan zəifləsə və ya regiondakı geosiyasi vəziyyət bizim xeyrimizə olmasa, Ermənistanın Qərbdəki havadarları, erməni lobbisi və diasporunun təsiri altında olan qüvvələr dərhal Azərbaycana qarşı əvvəlki siyasəti bərpa etməyə çalışa bilərlər”.
O əlavə edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uzun illər davam edən prosesin nəticəsini dəyişib:
“Biz öz torpaqlarımızı güc yolu ilə azad etmişik. Amma dediyim kimi, hələ də Azərbaycanın bunu etməsini bağışlamırlar. Bəzilərində belə bir düşüncə var ki, Azərbaycan bütün bu proseslərə baxmayaraq necə oldu ki, maneələri aşdı və öz torpaqlarını geri qaytara bildi. Onlar bunu qəbul edə bilmir və bağışlamırlar”.
News365.az