Dünya niyə 72 saatlıq ərzaq və su ehtiyatı toplamağa çağırılır?

Dünya niyə 72 saatlıq ərzaq və su ehtiyatı toplamağa çağırılır?
14:00

Dünyanın müxtəlif ölkələrində əhaliyə ərzaq, su və dərman ehtiyatı toplamaqla bağlı tövsiyələrin verilməsi beynəlxalq gərginliyin yaratdığı narahatlığı yenidən gündəmə gətirib. Xüsusilə ABŞ və İran arasında münasibətlərin kəskinləşməsi mümkün regional müharibə və onun qlobal nəticələri ilə bağlı sualları artırır. Lakin bu hazırlıqları qaçılmaz dünya müharibəsinin əlaməti kimi qəbul etmək doğru deyil.

News365.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli açıqlamasında bildirib.


Deputatın sözlərinə görə, ABŞ və İran arasında qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik mənzərəsini daha da ağırlaşdıra bilər. Xüsusilə Hörmüz boğazı ətrafındakı hadisələr və tərəflərin qarşılıqlı hərbi təhdidləri lokal münaqişənin daha geniş coğrafiyaya yayılması riskini artırır.

E.Mirzəbəyli hesab edir ki, belə bir ssenarinin reallaşması yalnız regionun təhlükəsizliyinə deyil, dünya iqtisadiyyatına, enerji bazarına və humanitar vəziyyətə də ciddi təsir göstərə bilər.

Bununla belə, 33 ölkədə vətəndaşlara ilkin ehtiyaclarını qarşılamaq üçün ehtiyat saxlamağın tövsiyə edilməsini yaxınlaşan müharibənin xəbərdarlığı kimi təqdim etmək düzgün yanaşma deyil. Deputat diqqətə çatdırıb ki, bu cür çağırışlar vahid beynəlxalq qərara əsaslanmır və bir çox dövlətdə fövqəladə hallara hazırlıq qaydaları uzun müddətdir tətbiq olunur.

Onun sözlərinə görə, əsas məqsəd insanların mümkün böhran zamanı ən azı 72 saat ərzində dövlət yardımına ehtiyac duymadan ilkin tələbatlarını ödəyə bilməsidir. Bu hazırlıq yalnız hərbi münaqişələri əhatə etmir. Enerji və ərzaq təchizatının pozulması, kiberhücumlar, rabitə sistemlərində yaranan problemlər, təbii fəlakətlər və digər fövqəladə hallar da nəzərə alınır.

Deputat vurğulayıb ki, dövlətlərin bu istiqamətdə atdığı addımlar riskləri əvvəlcədən müəyyənləşdirmək və cəmiyyətlərin böhranlara davamlılığını artırmaq məqsədi daşıyır. Bununla yanaşı, mövcud beynəlxalq vəziyyətin kifayət qədər təhlükəli olduğu da nəzərə alınmalıdır.

Elçin Mirzəbəyli nüvə müharibəsi ehtimalını necə qiymətləndirir?

Nüvə silahından istifadə ehtimalına münasibət bildirən deputat belə bir ssenarini real hesab etmədiyini deyib. Onun fikrincə, nüvə arsenalının əsas funksiyası müharibəyə başlamaq deyil, mümkün hücumun qarşısını almaq üçün çəkindirici vasitə rolunu oynamaqdır.

E.Mirzəbyəli bildirib ki, nüvə silahının real döyüş vasitəsinə çevrilməsi bəşəriyyət üçün fəlakətli nəticələr doğura bilər. Belə bir müharibədə qalib tərəfin olmayacağını deyən deputat radiasiya təhlükəsi, ekoloji fəsadlar, iqtisadi sistemlərin dağılması və milyonlarla insanın həyatını itirməsi kimi nəticələrə diqqət çəkib.

Onun qənaətinə görə, nüvə zərbəsi ilə bağlı sərt bəyanatların böyük hissəsi siyasi və psixoloji təzyiq məqsədi daşıyır. Bu ritorika vasitəsilə dövlətlər qarşı tərəfin mövqeyini zəiflətməyə, danışıqlarda üstünlük əldə etməyə və geosiyasi maraqlarını qorumağa çalışırlar. Bununla belə, nüvə təhdidlərinin adi siyasi müzakirə predmetinə çevrilməsi beynəlxalq təhlükəsizliyə ciddi zərər vurur.

Deputat ABŞ-də nüvə silahından istifadə ilə bağlı qərarvermə mexanizminə də aydınlıq gətirib. Bildirib ki, mövcud sistemə əsasən, bu sahədə əsas qərar səlahiyyəti prezidentə məxsusdur. Qərarın ötürülməsi və icrası isə xüsusi autentifikasiya, hərbi komandanlıq və texniki prosedurlar vasitəsilə həyata keçirilir.

E.Mirzəbəylinin sözlərinə görə, bu prosesdə Pentaqon rəhbəri, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və ABŞ Strateji Komandanlığının rəhbərliyi iştirak edir. Lakin onların rolu prezidentin qərarını hüquqi baxımdan ayrıca təsdiqləməkdən ibarət deyil.

O qeyd edib ki, ABŞ qanunvericiliyinə əsasən, prezidentin nüvə silahından istifadə qərarı üçün müdafiə nazirinin və ya Konqresin ayrıca razılığı tələb olunmur. Bununla belə, hərbi rəhbərlik verilən əmrin qanuniliyini qiymətləndirməli və qanunsuz hesab edilən əmri yerinə yetirməməlidir.

Deputat sonda belə bir əmrin icra olunacağına inanmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada