İnsan həyatının son günlərində gördüyü yuxular bəzən keçmişlə, bəzən isə artıq həyatda olmayan doğmaları ilə bağlı olur. Ölümə yaxın insanların yuxularında və gördükləri görüntülərdə təkrarlanan bəzi simvollar isə alimlərin diqqətini çəkib.
News365.az xəbər verir ki, İtaliyanın Reggio Emiliya şəhərində fəaliyyət göstərən tədqiqat institutunun araşdırması həyatının son mərhələsində olan insanların ən çox hansı yuxuları gördüyünü üzə çıxarıb.
“Metro” nəşrinin terapevt Elisa Rabittiyə istinadən yaydığı məlumata görə, tədqiqat çərçivəsində palliativ yardım sahəsində çalışan 239 mütəxəssis və hospis könüllüsü arasında sorğu aparılıb.
Araşdırmanın nəticələrinə əsasən, ölümə yaxın insanların yuxularında ən çox rast gəlinən hadisə dünyasını dəyişmiş yaxınları ilə görüşməkdir. Belə yuxularda mərhum həyat yoldaşları, valideynlər və hətta vaxtilə saxladıqları ev heyvanları görünür.
Rabittinin diqqət çəkdiyi nümunələrdən birində qadın yuxusunda vəfat etmiş həyat yoldaşını gördüyünü və onun “Səni gözləyirəm” dediyini danışıb.
Tədqiqat zamanı başqa maraqlı məqam da ortaya çıxıb. Mütəxəssislərin müşahidələrinə görə, həyatının sonuna yaxınlaşan insanların yuxularında keçidlə əlaqəli simvollar da tez-tez təkrarlanır. Qapılar, pilləkənlər və astanalar bu görüntülərin əsas elementləri sırasında yer alır.
Terapevt belə hallardan birini də misal çəkib. Onun sözlərinə görə, ömrünün son günlərini yaşayan bir kişi yuxusunda sahildə çapan ağ at gördüyünü bildirib.
Araşdırma ölümə yaxın dövrdə insanların yuxu təcrübələrinin diqqətəlayiq xüsusiyyətlərini ortaya qoysa da, bu görüntülərin konkret mənası ilə bağlı qəti elmi nəticə kimi qəbul edilməməlidir.
News365.az