Heydər Əliyevin təltif olunan şəxsi operatoru - Fazil Hadıyevin maraqlı XATİRƏLƏRİ

Heydər Əliyevin təltif olunan şəxsi operatoru - Fazil Hadıyevin maraqlı XATİRƏLƏRİ
14:35

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Fazil Rauf oğlu Hadıyevə Prezidentin fərdi təqaüdü təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Fazil Hadıyevə aylıq 1700 manat Prezident təqaüdü veriləcək.

Bəs Fazil Rauf oğlu Hadıyev kimdir?

News365.az-ın məlumatına görə, Fazil Hadıyev uzun müddət Azərbaycan Dövlət Televiziyasında çalışaraq baş operator vəzifəsinədək yüksəlib.

O, uzun illər mərhum dövlət başçısı Heydər Əliyevin komandasında işləyib və faktiki olaraq onun şəxsi operatoru olub.

Fazil Hadıyev 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib. 2011-ci ildə isə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

1993-cü ildən 2003-cü ilədək bütün mühüm dövlət çəkilişlərini həyata keçirən Fazil Hadıyev Heydər Əliyevlə bağlı tarixi hadisələrin, xarici səfərlərin, yüksək səviyyəli görüşlərin birbaşa şahidi olub. Onun kamerası Azərbaycanla bağlı hadisələrin mühüm məqamlarını lentə alıb.

Fazil Hadıyev ümummilli liderlə bağlı xatirələrində çox maraqlı məqamlara toxunub. O, illər öncə yazıçı-jurnalist Elmira Axundovaya verdiyi müsahibəsində Heydər Əliyevlə işlədiyi illərdən, xarici səfərlərdə yaşanan qeyri-adi hadisələrdən, dünya liderləri ilə görüşlərdən, hətta çəkiliş zamanı üzləşdiyi təhlükələrdən danışıb.

Heydər Əliyevlə ilk tanışlıq – 1993-cü ildə


Fazil Hadıyev deyir ki, AzTV-də hələ sovet dövründən çalışıb. 1978-ci ildə Leonid Brejnevin Bakıya səfərini lentə alan çəkiliş qrupunda da olub. Həmin səfərin görüntüləri əsasında “Bakının ulduzlu saatı” adlı film hazırlanıb.

O vaxt çəkilən materiallara şəxsən Heydər Əliyev baxır, qeydlərini bildirir, lazımi dəyişikliklərdən sonra filmlərin yekun variantına razılıq verirdi. Lakin Fazil Hadıyevin onunla şəxsi tanışlığı və birbaşa əməkdaşlığı hələ başlamamışdı.

Bu tanışlıq 1993-cü ildə baş tutub.

Operator xatırlayır ki, Heydər Əliyevin prezident kimi ilk xarici səfərlərindən biri 1993-cü ilin dekabrında Fransaya olub. Həmin rəsmi səfər ərəfəsində dövlət başçısı onunla gedəcək çəkiliş qrupunun bütün üzvlərini bir-bir yanına çağırıb. Hər kəsdən hansı avadanlıqla işlədiyini, nəyi və necə çəkəcəyini soruşub.

Fazil Hadıyev peşəkar videokamerası olduğunu deyəndə Heydər Əliyev kinokameranın da olub-olmadığı ilə maraqlanıb. Operatorun cavabı isə diqqətçəkən olub: kinokamera ilə çəkiliş aparmaq üçün əlavə avadanlıq və daha bir operatorun xarici pasportla təmin edilməsi lazımdır.

Heydər Əliyev dərhal həmin vaxt xarici işlər naziri olan Həsən Həsənova məsələni həll etməyi tapşırıb. Nəticədə cəmi 15 dəqiqə ərzində AzTV operatoru Vaqif Behbudov üçün də pasport hazırlanıb.

Beləliklə, Fransaya səfərdə çəkiliş qrupu ilə birlikdə kinokamera da olub. F.Hadıyevin sözlərinə görə, bundan sonra xarici səfərlərdə çəkiliş qrupunu kinooperator da müşayiət etməyə başlayıb. Fransada beş komplekt “Ekler” kamerası və xronika çəkilişləri üçün 16 millimetrlik kinokamera alınıb.

“Harada istəsən, nə vaxt istəsən, çək”

Fazil Hadıyevin xatirələrində diqqət çəkən məqamlardan biri Heydər Əliyevin çəkiliş prosesinə münasibətidir. Məlum olur ki, ümummilli lider təkcə siyasi prosesləri deyil, televiziya və kino çəkilişinin texniki incəliklərini də yaxşı bilirmiş.

O, operatorun hansı tərəfdən çəkiliş aparmasına, işığın necə düşməsinə, kadrın hansı rakursdan daha yaxşı görünəcəyinə belə diqqət yetirirmiş.

Fazil Hadıyev 1994-cü ildə Türkiyəyə səfəri zamanı yaşadığı bir hadisəni xatırlayıb. Həmin vaxt Heydər Əliyev bir qədər kənarda, tək dayanıbmış. Operator onu uzaqdan, sanki gizli kamera ilə çəkirmiş. Dövlət başçısının bunu gördüyünü hiss edən Fazil Hadıyev yaxınlaşaraq çəkilişin ona xoş gəlmədiyini düşünüb-düşünmədiyini soruşub.

"Heydər Əliyev tək dayanmışdı, özü də bir qədər dalğın görünürdü. Onu uzaqdan, sanki gizli kamerayla çəkirdim. O, bunu gördü və elə bil məni iş başında tutdu. Düşündüm ki, mənim ondan icazə almadan reportajsayağı çəkməyim bəlkə də xoşuna gəlmir. Baxdım, əhvalı yaxşıdır. Onda ona yaxınlaşıb dedim: "Cənab Prezident, üzr istəyirəm, deyəsən, elədiklərim xoşunuza gəlmədi. Mən sizi uzaqdan çəkirəm, bu, gələcək filmlər və verilişlər üçün lazım olacaq...” 

Heydər Əliyevin cavabı isə operatorun sonrakı fəaliyyətinə sərbəstlik verib: “Yadında saxla: nə vaxt istəsən, harada istəsən çək. Bu, sənin işindir. Mən bunu sənin ixtiyarına buraxıram”.

Bundan sonra Fazil Hadıyev dövlət başçısının rəsmi tədbirlərdən kənar anlarını, şəhərdə və dəniz kənarında gəzintilərini də lentə almağa başlayıb. Onun sözlərinə görə, Heydər Əliyev kamera qarşısında özünü təbii aparır, çəkilişlərdə süni davranış nümayiş etdirmirdi.

"Ondan sonra mən çoxlu belə reportaj kadrları çəkdim və bu gün onlar bütün kanallarda nümayiş etdirilir, məsələn, şəhərdə, dəniz kənarında gəzintilər zamanı... Onunla o baxımdan işləmək çox maraqlı idi ki, kadrda da çox orqanik olurdu. Hər şey təbii idi".

İstanbulda keçirilən beynəlxalq forumlardan birində baş vermiş başqa bir hadisə isə onların münasibətinin nə qədər yaxın olduğunu göstərir. Fazil Hadıyev uzaqdan çəkiliş apararkən kimsə Heydər Əliyevə onları lentə aldıqlarını deyib. Dövlət başçısı operatora əl edərək həmsöhbətinə belə deyib:

“Bilirsiniz, onunla dünyanın yarısını gəzmişəm, o mənim şəxsi operatorumdur. Odur ki, narahat olmayın, o, nəyi necə çəkməyi bilir”.

Onun kamerasına tuş gələn məşhur liderlər...


Fazil Hadıyev Heydər Əliyevlə işlədiyi illərdə dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarını da lentə alıb. Onun kamerasının obyektivindən Almaniyanın keçmiş kansleri Helmut Kol, Fransanın sabiq prezidenti Fransua Mitteran, ABŞ-ın keçmiş prezidentləri Corc Buş və Bill Klinton, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Pakistanın sabiq baş naziri Bənazir Bhutto kimi siyasi xadimlər keçib.

Operatorun sözlərinə görə, Heydər Əliyev istənilən həmsöhbəti ilə ümumi dil tapa bilirdi. O, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə daha səmimi, qeyri-formal münasibətlər saxlayırdı.

"Şevardnadzeylə, Dəmirəllə yaxın idi. Onlarla qeyri-formal ünsiyyətdə olmağı sevərdi. Onlar bir-birini yaxşı başa düşürdülər..."

Fazil Hadıyev Heydər Əliyevlə xarici səfərlərin nə qədər ağır iş rejimi ilə müşayiət olunduğunu da gizlətməyib. Bəzən dövlət başçısının bir ölkəyə ayaq basmasından dərhal sonra çəkilişlər başlayır, gecə saatlarına qədər davam edirmiş. Görüşlər 40-50 dəqiqə, bəzən bir saata yaxın çəkir, operatorlar bütün prosesi əvvəldən axıradək lentə alırmışlar. İstirahət etməyə, hətta yemək yeməyə belə vaxt tapılmayan günlər olurmuş.

Təyyarədə operatorun 50 illik yubileyi necə qeyd edildi...


Fazil Hadıyevin yaddaşında silinməz iz qoyan hadisələrdən biri də Heydər Əliyevin onun 50 illik yubileyini qeyd etməsi olub.

Hadisə 1998-ci il yanvarın 24-də, nümayəndə heyətinin Eduard Şevardnadzenin yubileyinə getdiyi təyyarədə baş verib. Həmin gün Fazil Hadıyevin də 50 yaşı tamam olurmuş.

Operatorun sözlərinə görə, təyyarədə ona Heydər Əliyevin salona gəldiyini bildiriblər. O, peşə vərdişinə uyğun olaraq dərhal kamerasını çiyninə qaldırıb. Ancaq dövlət başçısı ona kameranı yerə qoymağı tapşırıb.

Fazil Hadıyev əvvəlcə bunun səbəbini anlamayıb: "Mən hətta birtəhər oldum, o mənada ki, ilk dəfə, sürücü kimi vəsiqəmi əlimdən alırlar. Kameranı endirdim. Heydər Əliyev yaxınlaşdı, əlimdən tutdu: "Səni təbrik edirəm. Bu gün elan etdilər, efirə baxırdım, dedilər 50 yaşın olub. Heç sənə 50 yaş vermək olar? Bu, yalandır. Orda sənin haqqında yaxşı sözlər söylədilər, lakin bu, hələ azdır. Sən ondan da çoxuna layiqsən...”

Fazil Hadıyevi ən çox təsirləndirən dövlət başçısının onu şəxsən təbrik etməsi olub. Onun fikrincə, Heydər Əliyev istəsəydi, yanına çağırıb təbrik edə bilərdi. Amma o, təyyarədəki insanların qarşısına çıxaraq bunu şəxsən etməyi üstün tutub.

 "O məni yanına çağırıb, camaatın içinə çıxmadan, təbrik edə bilərdi. Onunla müqayisədə mən kiməm ki? Sadəcə operator. O isə çıxıb deyir: "Mən gəlib səni təbrik etməyi lazım bildim”. Bax, bunu necə izah edəsən?"

Həmin vaxt təyyarədə BBC-nin rus redaksiyasının əməkdaşları da olub. Heydər Əliyev onlara zarafatla deyib ki, Dövlət Televiziyası onun şəxsi operatorunun ad gününü qeyd edir, amma Hadıyevə 50 yaş vermək olmaz, yəqin ki, hansısa səhv baş verib.

Fazil Hadıyev bu hadisəni danışarkən Heydər Əliyevin böyüklüyü ilə sadəliyinin onda yaratdığı təəssüratı xüsusi vurğulayıb.

Onun xatırladığı başqa bir detal da maraqlıdır: o dövrdə istifadə edilən videokasetlər cəmi 35 dəqiqəlik olub. Çəkiliş zamanı kaset dəyişdirilməli olanda operator bunu rejissor Vaqif Ağayevə işarə ilə bildirir, o da yeni kaseti ötürürmüş. Heydər Əliyev isə bunu hiss edərək danışığını dayandırır, operatorun kaseti dəyişməsini gözləyirmiş. 

Məkkədə çəkiliş: Heydər Əliyev operatoru gecə saatlarında çağırır


Fazil Hadıyevin xatirələrində ən maraqlı epizodlardan biri Heydər Əliyevin Məkkəyə səfəri ilə bağlıdır.

Dövlət başçısı Məkkədə kiçik Həcc – ümrə ziyarətini həyata keçirdikdən sonra nümayəndə heyəti iqamətgaha qayıdıb. Bir müddət sonra mühafizə əməkdaşları Hadıyevə Prezidentin onu çağırdığını bildiriblər.

Heydər Əliyev operatorundan ziyarət zamanı hər şeyi çəkib-çəkmədiyini soruşub. Fazil Hadıyev onunla bağlı bütün görüntüləri lentə aldığını, lakin müqəddəs məkanın özünü ayrıca çəkmədiyini söyləyib.

Dövlət başçısı isə Əl-Həram məscidinin görüntülərinin də Azərbaycana aparılmasının vacibliyini bildirib.
"Əl-Hərami məscidini Azərbaycanda, Bakıda görməlidirlər. Xalqa bunu göstərmək lazımdır", - o deyib.

Bunun üçün Fazil Hadıyevə sürücü və mühafizəçi ilə birlikdə yenidən çəkilişə getmək tapşırılıb. Xarici işlər naziri Həsən Həsənov oparatorun ərəb dilini bildiyini xatırladaraq tərcüməçiyə ehtiyac olmadığını deyib.

"Mən dörd il Suriyada işləmişəm, 79-da gedib 83-də qayıtdım. "Onda lap yaxşı, get”, - Heydər Əliyev dedi. Mən çıxıb getdim, hər şeyi çəkdim, gecə saat 2-yə yaxın qayıtdıq. Elə bir-iki tikə yemək istəyirdim ki, dedilər səni cənab Prezident çağırır. Gəldim, Prezidentin yanına.... "Fazil, deyilənləri elədinmi?” - ümummilli lider soruşdu. Cavab verdim: "Bəli, cənab Prezident. Bütün tapşırıqlarınızı yerinə yetirdim”. – "Çox yaxşı, çox yaxşı. Sən o gözəlliyi gördün?” – "Bəli, cənab Prezident”. 

Məlum olub ki, Heydər Əliyev təkcə özünün ziyarətini lentə almağı deyil, müqəddəs məkanın gözəlliyini, ümumi mənzərəni də Azərbaycan tamaşaçısına göstərməyi istəyirmiş.

Vaşinqtonda Ağ evin protokoluna da güzəştə getmədi


Heydər Əliyevin xarici səfərlərində çəkiliş aparmaq heç də həmişə asan olmayıb. Xüsusilə də yüksək təhlükəsizlik qaydalarının tətbiq olunduğu ölkələrdə operatorlar ciddi məhdudiyyətlərlə üzləşiblər.

Fazil Hadıyev 1990-cı illərin sonlarında ABŞ-a rəsmi səfər zamanı baş verən hadisəni də danışıb.

Səfərdən əvvəl Heydər Əliyev yaradıcı heyəti – operator Fazil Hadıyevi, fotoqraf Rafiq Bağırovu və digər əməkdaşları bir yerə toplayaraq onlara çəkilişlə bağlı xüsusi tapşırıq verib. Bildirib ki, əgər onları hansısa qapıdan içəri buraxmasalar, başqa yoldan, hətta pəncərədən keçərək çəkiliş aparmağın yolunu tapmalıdırlar.
"Baxın, birdən sizi qapıdan buraxmasalar, pəncərədən girməlisiniz. "Çəkə bilmədim, imkan olmadı” və başqa bəhanələr qəbul olunmur. Belə şey olmamalıdır”, - Heydər Əliyev deyib.

"Rafiq də, mən də bunu yadımızda saxladıq".

Ağ evdəki çəkiliş zamanı Fazil Hadıyev dövlət başçısını otaqlardan birində lentə almağa başlayıb. Bu zaman ABŞ prezidenti Bill Klintonun protokol xidmətinin rəhbəri olan yaşlı qadın ona yaxınlaşaraq həmin otaqda çəkiliş aparmağın qadağan olduğunu deyib.

Fazil Hadıyev çəkilişi davam etdirsə də, qadın onu otaqdan çıxarmağa çalışıb. Vəziyyəti görən Heydər Əliyev operatoru yanına çağıraraq nə baş verdiyini soruşub. Hadıyev protokol rəhbərinin çəkilişə icazə vermədiyini bildirəndə dövlət başçısı “Yaxşı, baş qoşma, olmaz, deməli, olmaz” deyib.


London səfərində isə vəziyyət daha gərgin olub

Heydər Əliyev qızı Sevil xanımla birlikdə Böyük Britaniya kraliçasının qəbuluna gedərkən çəkiliş qrupuna məhdud vaxt verilib. Fotoqraf Rafiq Bağırovun çəkiliş aparmasına icazə verilməyərək onu bayıra çıxarıblar. Operator Fazil Hadıyev isə Sevil Əliyevanı müşayiət edərək çəkilişə davam edib.

"Cənab Prezident Sevil xanımla kraliçanın qəbuluna gedirdi. Orada bizə az-maz çəkmək imkanı verdilər. Mən, əlbəttə, bir az ağ elədim. Rafiq Bağırovu bayıra çıxartdılar, mən isə qaldım, Sevil xanımı müşayiət edərək çəkirəm. Birdən onların mühafizəsindən bir qız yaxınlaşıb məni bayıra çıxarmağa başladı. "Qurtardı, çox sağ olun, hələlik” deyib hansısa fəndi işlətdi, az qaldı nəfəsim kəsilsin. Cənab Prezident münaqişəni dərhal gördü, ayaq saxladı: "Fazil, qız nə istəyir?” – "Cənab prezident, o mənə çəkməyə icazə vermir”. – "Yaxşı, kifayətdir, çox sağ ol”. Kənara çəkildim, qız məni buraxdı, nəfəsim yavaş-yavaş düzəldi. Yoxsa, az qala boğulmuşdum".

Fazil Hadıyev xatırlayır ki, fotoqraf Rafiq Bağırov sonradan onun bu qədər inadkar olmasına təəccüblənib. Çünki fotoqrafı dərhal kənarlaşdırmış, Fazil Hadıyev isə çəkilişə davam etmək üçün müqavimət göstərmişdi.
"Yadımdadır, Rafiq sonra mənə deyirdi: "Nə inadkarsan, məni o saat çıxartdılar, sən isə elə bil hücuma keçirdin"". 

İran səfərində çəkiliş qrupunu kortejdən "oğurlayıblar"


Fazil Hadıyevin xatirələrində ən gərgin epizodlardan biri Heydər Əliyevin İrana səfəri zamanı baş verib.

Onun sözlərinə görə, 7 nəfərdən ibarət çəkiliş qrupu hava limanından kortejlə hərəkət edərkən Tehranın Azadi meydanı yaxınlığında onların avtomobili kortejdən ayrılıb və başqa istiqamətə yönəldilib.

Etirazlarına baxmayaraq, avtomobili təxminən 40 kilometr uzağa, dağların arasında yerləşən bir mehmanxanaya aparıblar. Orada onlara yemək verərək istirahət etmələrini, həmin gün başqa tədbir olmayacağını bildiriblər.

"Gətirdilər, əyləşdirib yedirtdilər və dedilər ki, istirahət edin, bu günə heç nə yoxdur. Biz də axı bilirik ki, proqrama görə iki saatdan sonra Prezidentin görüşü olmalıdır. Avadanlıqlarımızı alıb bir otağa qoydular. Əsəbi halda idim, hiss edirdim ki, nə isə başqa məsələdir". 

Baş verənlərin təsadüfi olmadığını hiss edən Fazil Hadıyev tez foyeyə düşərək vəziyyəti aydınlaşdırmağa çalışıb və orada protokol xidmətinin əməkdaşı Pərvin Mirzəzadə ilə qarşılaşıb. Çəkiliş qrupunu axtaran Pərvin Mirzəzadə soruşub: "Fazil müəllim, siz niyə bura gəlmisiz?”
Fazil Hadıyev əsəbi şəkildə cavab verib: "Həmkarlardan putyovka almışam. Biz bəyəm bura özbaşına gəlmişik? Bizi kortejdən çıxartdılar”. – "Kim?” - "Biz hardan bilək?”

Fazil Hadıyev çəkiliş qrupunun kortejdən çıxarıldığını bildirəndən sonra avadanlıqlarını götürmək istəyəndə kameraların yerləşdirildiyi otağın açarlarının olmadığını, açarların başqa yerə aparıldığını deyiblər.

"Dedim tapın, yoxsa qapıları sındıraram. Sizə bir dəqiqə vaxt verirəm. Axır ki, qapını birtəhər açdılar, aparatları götürüb getdik".

Ancaq iqamətgahın qarşısında da onları avtomobildən düşməyə qoymayıblar. İran tərəfinin mühafizəsi çəkiliş qrupunun maşında gözləməli olduğunu bildirib.

Fazil Hadıyev bu vəziyyətdən çıxmaq üçün hiyləyə əl atıb: "Vaqif Ağayevə dedim: "Sən kameranı hazırla, lazım olanda pəncərədən verərsən”. İran tərəfinin mühafizəsi icazə vermirdi, guya maşında oturmalıyıq. Onda mən hiylə işlətdim: "Ağa, özümü pis hiss edirəm, icazə verin havaya çıxım... Görürsən durbin burdadı – onlar kameraya durbin deyirlər”. Bir sözlə, maşından çıxdım, pəncərədən kameranı Vaqifdən alıb tüpürdüm dabanıma... Mühafizəmiz təəccüb içində idi: "Harada dolaşırdınız? Beş dəqiqədən sonra qəbul başlayır”. Prezidentə məruzə etdilər. Otaqdan çıxıb mənə təəccüblə baxdı: "Fazil, harda idiniz, nə baş verib?” – "Cənab prezident, bizi kortejdən çıxarıb başqa istiqamətə apardılar”. – "Kim?”. Qısası, Həsən Həsənovu çağırdı: "Həsən, bu nə biabırçılıqdır? Mətbuatı bizdən icazəsiz harasa götürüb aparıblar”. O isə əlacsız əllərini açıb "cənab prezident bura İrandır” – dedi.

Bu hadisə Heydər Əliyevin xarici səfərlərdə jurnalist və çəkiliş qrupunun fəaliyyətinə necə önəm verdiyini göstərən xatirələrdən biri kimi yadda qalıb.


1995-ci ildə təyyarəni partlatmaq istəyiblər 

Fazil Hadıyevin danışdığı ən ciddi hadisələrdən biri 1995-ci ildə baş verib. Onun sözlərinə görə, həmin il onların uçduğu təyyarəni partlatmaq istəyiblər.

Hadisədən sonra xarici ölkələrdən birində keçirilən mətbuat konfransında Heydər Əliyev jurnalistlərin suallarını cavablandırarkən diqqətçəkən fikir səsləndirib.

Dövlət başçısı bildirib ki, terror aktının ona qarşı təşkil edildiyini başa düşür, ancaq təyyarədə başqa insanlar da olub və onların nə günahı var idi?

F.Hadıyev bu epizodu xatırlayaraq qeyd edib ki, Heydər Əliyev təhlükə ilə üzləşdiyi məqamlarda belə ilk növbədə özünü deyil, ətrafındakı insanları düşünürdü.

ABŞ-da ürək əməliyyatı keçirdi, amma operatorlarının problemləri ilə də maraqlandı

Fazil Hadıyev 1999-cu ildə Heydər Əliyevin ABŞ-ın Klivlend şəhərində ürək əməliyyatı keçirdiyi dövrü də xatırlayıb.

Həmin vaxt fotoqraf Rafiq Bağırovla birlikdə dövlət başçısının yanında qalıb, onun müraciətlərini, görüşlərini və gəzintilərini lentə alıblar. Daha sonra Antalyaya gediblər və bir müddət də orada olublar.

F.Hadıyevin sözlərinə görə, Heydər Əliyev onların yanına gələndə təkcə çəkilişlərlə maraqlanmır, şəxsi problemlərinin olub-olmadığını da soruşurdu.


Yaponiyada Heydər Əliyevə yalan danışmadı – onun reaksiyası necə oldu?

Fazil Hadıyevin xatirələrində maraqlı məqamlardan biri də Yaponiyaya səfərlə bağlıdır.

Həmin səfər zamanı Heydər Əliyevin Yaponiya imperatoru ilə görüşünün çəkilişi məsələsində Azərbaycan nümayəndə heyətinin operatorlarına məhdudiyyət qoyulub. Onlara bildirilib ki, imperatorla görüşün görüntülərini qarşı tərəfin özü çəkib təqdim edəcək: "Onların xidməti dedi ki, guya biz özümüz çəkib sizə verəcəyik. Çünki siz ora getsəniz, onda imzalanmaya və mətbuat konfransına buraxılmayacaqsınız. Rafiqə və mənə belə bir şərt qoydular".

Axşam Heydər Əliyev Fazil Hadıyevdən imperatorla görüşü çəkib-çəkmədiyini soruşub. Operator baş verənləri olduğu kimi danışıb və deyib ki, çəkiliş edə bilməyiblər. Dövlət başçısına isə görüşün Azərbaycanın çəkiliş qrupu tərəfindən lentə alındığı barədə yalan məlumat verilibmiş. "Mənə məlumat verdilər ki, sən orda çəkmisən. Düzdür, mən səni orada görmədim”, - Heydər Əliyev deyib.

Fazil Hadıyev qeyd edib ki, Heydər Əliyev yalanı qətiyyən qəbul etmirdi. Onun üçün əsas məsələ çəkilişin alınmaması deyil, baş verənlərin dürüst şəkildə çatdırılması idi.

“Mən özümü xoşbəxt adam sayıram...”


Fazil Hadıyev Heydər Əliyevlə işlədiyi illəri həyatının ən dəyərli dövrlərindən biri kimi xarakterizə edib.

O bildirib ki, bu gün həmin illərdə çəkdiyi fotoşəkillərə və kadrlara baxanda bəzən özünə sual verir: görəsən, doğrudanmı bu böyük şəxsiyyətlə üzbəüz olub?

F.Hadıyevin sözlərinə görə, onların Heydər Əliyevlə münasibətləri adi iş münasibətlərindən daha artıq idi. Dövlət başçısını doğma ataları kimi qəbul edirdilər. O, lazım gələndə məsləhət verir, danlayır, izah edir, eyni zamanda əməkdaşlarına doğma münasibət bəsləyirdi.

“Mən özümü xoşbəxt insan sayıram. Biz hamımız onu sevirdik, buna görə onun üçün ağlayırıq, buna görə onsuzluq bizə belə ağırdır! Biz onu öz doğma atamız kimi qəbul edirdik”.


Sizin reklam burada
Sizin reklam burada