Qələbədən sonra Azərbaycan Ordusunda hansı yeniliklər baş verdi?

Qələbədən sonra Azərbaycan Ordusunda hansı yeniliklər baş verdi?
15:00

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları Azərbaycan Ordusunun döyüş qabiliyyətini nümayiş etdirməklə yanaşı, gələcək hərbi inkişafın da istiqamətini müəyyənləşdirdi. Müharibədən sonrakı dövrdə əsas diqqət əldə olunan təcrübənin yeni silah sistemləri, müasir texnologiyalar və struktur islahatları ilə tamamlanmasına yönəldi. Nəticədə Azərbaycan Ordusu yeni hərbi reallıqlara uyğunlaşma mərhələsinə qədəm qoydu.

News365.az xəbər verir ki, bu barədə hərbi ekspert Səxavət Məmməd açıqlamasında bildirib.

Onun sözlərinə görə, son altı il Azərbaycan Ordusu üçün sadəcə döyüş təcrübəsinin qorunub saxlanıldığı dövr olmayıb. Bu mərhələdə müharibələrdə əldə edilən bilik və bacarıqlar hərbi islahatların əsasına çevrilib, şəxsi heyətin hazırlığı və ordunun texniki imkanları yeni səviyyəyə qaldırılıb.

Ekspert qeyd edib ki, müharibədən sonra formalaşan qələbə ruhu hərbçilərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərib. Bununla yanaşı, müdafiə xərclərinin artırılması, hərbi infrastrukturun yenilənməsi, şəxsi heyətin təminatının yaxşılaşdırılması və müasir texnologiyaların əldə olunması ordunun inkişafında mühüm rol oynayıb.

S.Məmməd Azərbaycanın hava məkanının qorunması istiqamətində görülən işlərə də xüsusi diqqət çəkib. Bildirib ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemlərinin modernləşdirilməsi ölkənin müdafiə imkanlarını genişləndirən əsas istiqamətlərdən biridir.

Onun sözlərinə görə, Pakistanla hərbi əməkdaşlıq çərçivəsində arsenalımıza daxil edilən JF-17C Block III qırıcıları müasir radar və silah sistemləri ilə təchiz olunması baxımından əhəmiyyət daşıyır. Çin istehsalı HQ-9B hava hücumundan müdafiə kompleksləri və yeni radar sistemləri də hava məkanının mühafizəsi imkanlarının genişləndirilməsinə xidmət edir.

Səxavət Məmməd: Azərbaycan Ordusu müasir müharibənin tələblərinə uyğunlaşır

Hərbi ekspertin qənaətinə görə, son illərdə aparılan islahatların mühüm istiqamətlərindən biri də ordunun təşkilati strukturunun yenilənməsidir. O bildirib ki, klassik Sovet hərbi modelindən uzaqlaşma, müasir Türkiyə və NATO təcrübəsinin tətbiqi, Komando Briqadalarının yaradılması bu dəyişikliklərin əsas nümunələrindəndir.

S.Məmmədin fikrincə, Komando bölmələri mürəkkəb relyef şəraitində çevik əməliyyatlar aparmaq və qəfil təhlükələrə operativ reaksiya vermək baxımından xüsusi əhəmiyyətə malikdir.

Ekspert müasir müharibələrdə pilotsuz sistemlərin artan roluna da toxunub. Qeyd edib ki, Azərbaycan Ordusunda bu istiqamətdəki inkişaf yalnız kəşfiyyat və zərbə dronları ilə məhdudlaşmır. FPV dronları, logistika məqsədli pilotsuz vasitələr və avtonom suüstü sistemlər də hərbi imkanların genişləndirilməsində mühüm yer tutur.

Onun sözlərinə görə, müxtəlif pilotsuz platformaların vahid kəşfiyyat və zərbə sisteminə inteqrasiyası müasir döyüş əməliyyatlarının xarakterini dəyişən amillərdəndir.

Ermənistanla sülh sazişinin hələ imzalanmaması fonunda mümkün hərbi gərginlik məsələsinə münasibət bildirən S.Məmməd genişmiqyaslı müharibə ehtimalını aşağı qiymətləndirib.

O hesab edir ki, iki ölkənin hərbi imkanları arasındakı fərq Ermənistanın genişmiqyaslı müharibəyə başlama ehtimalını xeyli azaldır. Bununla belə, yekun sülh sənədi imzalananadək sərhəddə lokal təxribatların və qısamüddətli gərginliyin yaşanması istisna edilmir.

Hərbi ekspert bildirib ki, Azərbaycanın son altı ildə əldə etdiyi texnoloji, taktiki və mənəvi üstünlük mümkün revanşist cəhdlərin qarşısını alan əsas çəkindirici amillərdən biridir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada