Deputatlardan İrana xəbərdarlıq: “Azərbaycanla təhdid dili ilə danışmaq olmaz”

Deputatlardan İrana xəbərdarlıq: “Azərbaycanla təhdid dili ilə danışmaq olmaz”
17:50

İranla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımların atıldığı bir vaxtda Tehrandakı bəzi siyasi dairələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar və təhdid xarakterli açıqlamalar yenidən narazılıq doğurub. Azərbaycanın suverenliyinə və dövlət rəhbərliyinə qarşı yönələn bu cür çıxışların cavabsız qalmaması isə rəsmi Bakının prinsipial mövqeyini bir daha ortaya qoyub.

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov İran tərəfini əvvəlki hadisələrdən nəticə çıxarmağa və münasibətlərə zərər vuran ritorikadan uzaq durmağa çağırıb.

Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir və ölkənin daxili işlərinə heç kimin müdaxilə etmək hüququ yoxdur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu məsələdə mövqeyi qətiyyətlidir və son qərar qarşı tərəfə ciddi mesaj xarakteri daşıyır.

C.Məmmədov İran səfərləri zamanı Ərdəbildən olan deputatlarla keçirdiyi görüşləri də xatırladıb. O qeyd edib ki, həmin görüşlərdə Azərbaycanın mövqeyi qarşı tərəfə ətraflı şəkildə çatdırılıb:

“İranda səfərdə olanda Ərdəbildən olan deputatlarla görüşümüz xatirimdədir. Qarşılıqlı fikir mübadiləsi apardıq və Azərbaycanın mövqeyini onlara çatdırdıq. Bütün məsələlərə aydınlıq gətirdik. Bu siyahıda mən onların adlarını görmədim, çünki onlar azərbaycanlılardır. Mən inanmıram ki, onlar öz ana vətənlərinə qarşı belə bir addım atsınlar”.

Deputat hesab edir ki, Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyən şəxslərin bu cür davranışları iki ölkə arasındakı münasibətlərə zərbə vurur. O, Azərbaycan və İranın tarixən qonşuluq münasibətlərinə, ortaq dəyərlərə malik olduğunu xatırladaraq, qarşıdurmaya yol verilməməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun digər üzvü Vasif Qafarov isə İran parlamentinin hazırkı və keçmiş deputatlarının da daxil olduğu 14 nəfərin Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsini dövlət suverenliyinə qarşı yönələn təhdidlərə verilən siyasi cavab kimi qiymətləndirib.

Deputatın fikrincə, həmin şəxslərin uzun müddətdir Azərbaycana qarşı səsləndirdikləri əsassız ittihamlar və düşmənçilik xarakterli bəyanatlar qəbuledilməzdir. O bildirib ki, heç bir deputat statusu başqa dövlətin daxili işlərinə müdaxilə etmək və onun suverenliyini hədəfə almaq hüququ vermir.

V.Qafarov qərarın yalnız konkret şəxslərə tətbiq olunan məhdudiyyət kimi deyil, eyni zamanda Tehrana ünvanlanan siyasi xəbərdarlıq kimi dəyərləndirilməli olduğunu bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan qonşuluq münasibətlərində qarşılıqlı hörmət prinsipini əsas götürür və heç bir siyasi və ya dini dairənin düşmənçilik ritorikası ilə ölkənin mövqeyinə təsir göstərməsi mümkün deyil.

NEWS365.az


Sizin reklam burada
Sizin reklam burada