Dələduzlar bu dəfə BMW və Volkswagen sürücülərini hədəfə aldı

Dələduzlar bu dəfə BMW və Volkswagen sürücülərini hədəfə aldı
14:30

Avtomobil sahiblərini hədəfə alan kiberdələduzlar bu dəfə tanınmış markaların adından istifadə etməyə başlayıblar. Saxta geri çağırma bildirişləri vasitəsilə sürücüləri aldadaraq onların şəxsi və bank məlumatlarını ələ keçirməyə çalışan fırıldaqçılarla bağlı “Volkswagen” və “BMW” şirkətləri müştərilərinə xəbərdarlıq edib.

News365.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hər iki avtomobil istehsalçısının Çindəki dilerləri müştərilərinə eyni vaxtda təhlükəsizlik bildirişləri göndəriblər.

Məlumata görə, dələduzlar avtomobil sahiblərinə nəqliyyat vasitələrinin geri çağırılması ilə bağlı saxta mesajlar ünvanlayırlar. Bildirişlərdə avtomobildə mümkün nasazlıq və ya zədələnmə riskinin qarşısını almaq üçün təcili tədbir görülməsi tələb olunur. Bunun üçün istifadəçilərə göndərilən linkə keçmək və ya QR kodu skan etmək təklif edilir.

Şirkətlər yayılan bildirişlərin rəsmi müraciətlərlə heç bir əlaqəsinin olmadığını bəyan ediblər. Sürücülərə şübhəli mesajlardakı keçidlərə daxil olmamaq və QR kodları skan etməmək tövsiyə olunub.

“BMW” isə müştərilərinə xüsusi olaraq xatırladıb ki, şirkət heç bir halda bank kartı məlumatlarının təqdim edilməsini və ya hər hansı hesaba pul köçürülməsini tələb etmir.

Avtomobil sahiblərinə geri çağırma ilə bağlı məlumatları yalnız istehsalçıların rəsmi kanalları vasitəsilə yoxlamaq tövsiyə edilir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada